24 Dekabr 2024, Çərşənbə axşamı

Bu gün muxtar respublikamızda bütün sahələrdə olduğu kimi, idman sahəsində də uğurlarımız artmaqdadır. Hər il idmançılarımız dünya, Avropa və beynəlxalq turnirlərin iştirakçısı olur, uğurlu nəticələr əldə edirlər. Muxtar respublikada idmanın bütün növləri üzrə peşəkar və güclü idmançılar hazırlanır. Təbii ki, idmançıların hər hansı bir idman növünün sirlərinə mükəmməl şəkildə yiyələnməsində, güclü idmançı kimi yetişməsində muxtar respublikamızda fəaliyyət göstərən idman məktəblərinin rolu çox böyükdür. Haqqında söhbət açacağımız Ordubad Rayon Şahmat Məktəbi də təcrübəli məşqçi-müəllim kollektivi ilə seçilir, əldə etdiyi uğurları ilə diqqət çəkir. Məktəbin fəaliyyəti ilə daha yaxından tanış olmaq üçün bu günlərdə həmin tədris ocağında olduq. Öyrəndik ki, şahmat məktəbi 1983-cü ildə yaradılmışdır.

8 məşğələ otağından, 7 dəst müasir kompüter qoyulmuş və internetə çıxışı təmin edilmiş kompüter otağından, hakim otaqlarından, eləcə də 50 nəfər şahmatçının eyni zamanda yarışa biləcəyi zaldan ibarət məktəb iki növbədə fəaliyyət göstərir. Məktəbdə 21 müəllim şahmatın sirlərini şagirdlərə öyrədir. Məktəbin direktoru İsrafil Məmmədov bizimlə söhbətinə ölkəmizdə, eləcə də muxtar respublikamızda bütün sahələrə olduğu kimi, idman sahəsinə də dövlətimiz tərəfindən böyük diqqət və qayğı göstərildiyini qeyd etməklə başladı.

Bildirdi ki, məhz bu diqqət və qayğı sayəsində istedadlı uşaq və gənclərin aşkara çıxarılıb onların istedad və bacarıqlarının inkişaf etdirilməsi məqsədilə “Xüsusi istedada malik olan uşaqların (gənc­lərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı (2006-2010-cu illər)” qəbul edilərək uğurla həyata keçirilmişdir. Hazırda isə “2009-2014-cü illərdə Azərbaycanda şahmatın inkişaf etdirilməsi Dövlət Proqramı” həyata keçirilməkdə, bu proqramın uğurlu icrası muxtar respublikamızın bütün bölgələrində parlaq nəticələr qazanılmasına səbəb olmaqdadır. Həyata keçirilən layihələr, görülən işlər sayəsində şahmat idman növü günü-gündən inkişaf edir, muxtar respublika şahmat diyarı kimi tanınır. İsrafil Məmmədov bildirdi ki, əldə olunan ilk uğurlar məktəb kollektivi və şagirdlərdə yüksək əhval-ruhiyyə yaratmışdır. Şagirdlər respublika və beynəlxalq əhəmiyyətli turnirlərdə iştirak etməyə başlamışlar. Gənc şahmatçılar müəyyən yaşa çatdıqdan, dərəcələr aldıqdan sonra məktəbə məşqçi-müəllim təyin olunurlar. Ordubad Rayon Şahmat Məktəbinin yetirmələri – M.T.Sidqi adına Ordubad şəhər 1 nömrəli tam orta məktəbin birinci sinif şagirdi Hüseyn Seyid və Nüsnüs kənd tam orta məktəbinin ikinci sinif şagirdi Zərrin Məmmədli ötən ilin sonunda Naxçıvan şəhərində keçirilən muxtar respublika birinciliyində 8 yaşadək olan şahmatçılar arasında birinci yeri tutduqlarına görə şahmat üzrə yeniyetmə və gənclərin respublika zona yarışlarında iştirak etmək hüququ əldə etmişlər. Bu il yanvar ayının 2-dən 11-dək Şəmkir Şəhər Olimpiya-İdman Kompleksində keçirilən zona yarışlarında Ordubad rayonu ilk dəfə iştirak etməsinə baxmayaraq, hər iki şahmatçımızın çıxışları uğurlu olmuşdur. Yarışın yekununda üçüncü yerə çıxan hər iki şahmatçımız birinciliyin təşkilatçıları tərəfindən diplomlarla mükafatlandırılmış və onlar bu ilin iyun ayında Bakı şəhərində keçiriləcək mötəbər final yarışlarına vəsiqə qazanmışlar. Oğlanlar və qızların mübarizə aparacağı respublika birinciliyində muxtar respublikamız 8 yaşlı şahmatçılar arasında ilk dəfə təmsil ediləcək.
Qeyd edək ki, hər iki şahmatçımızı bu mötəbər yarışlara ibtidai və metodik hazırlıq üzrə Lamiyə Məmmədova və Fətulla Həmdiyev hazırlamışlar. Şahmatçılarımızın akademik və taktiki hazırlıqları ilə isə Bakı şəhərindən rayona ezam edilmiş ali kateqoriyalı məşqçi-müəllim, FİDE ustası Sabir Hüseynov məşğul olmuşdur. Bu təcrübəli müəllim Şəmkirdə keçirilən birincilik zamanı da hər iki şahmatçımıza elmi, metodik və taktik köməkliklər göstərmiş, hər bir oyun üçün ayrıca plan tərtib etmişdir.
Sabir Hüseynovla söhbətimizdə bildirdi ki, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 2009-2014-cü illərdə Azərbaycanda şahmatın inkişafı barədə dövlət proqramı qəbul olunmuşdur. Proqramda şahmatın infrastrukturunun genişləndirilməsi, onun maddi-texniki bazasının möhkəmləndirilməsi, şahmat mütəxəssislərinin hazırlanması və bu hazırlıq sisteminin təkmilləşdirilməsi, şahmatın tədrisinin ümumtəhsil məktəblərində dərs proqramına daxil edilməsi, şahmatla bağlı məlumat, maarifçilik və təbliğat işinin gücləndirilməsi və sair məsələlərin həyata keçirilməsi nəzərdə tutulur. Bu proqram bütün şahmatçılar, məşqçilər üçün əsas sənəddir. Dövlət proqramında Azərbaycanda şahmat məktəblərinin və klublarının tamamilə yenidən qurulması və istedadlı gənc şahmatçıların aşkara çıxarılması da qarşıya qoyulan vəzifələr sırasındadır.
Sevindirici haldır ki, bu gün muxtar respublikada şahmat məktəblərinin fəaliyyəti üçün hər cür şərait yaradılmışdır. Eyni zamanda dövlət pro­qramından irəli gələn məsələlərdən biri də orta məktəblərdə şahmatın fənn kimi keçirilməsidir. Bu, gənc istedadlı şahmatçıların üzə çıxarılması baxımından olduqca əhəmiyyətli məsələdir. Bu zaman əsas iş məşqçi-müəllimlərin üzərinə düşür. Qazanılan uğurlar Şahmat məktəbinin müəllim və şagird kollektivini sevindirir və hər il bu nəticələr daha da artır.
Şahmat məktəbinin məşqçi-müəllimlərindən Lamiyə Məmmədova deyir ki, ölkəmizdə şahmatın inkişafı istiqamətində həyata keçirilən tədbirlər Naxçıvan Muxtar Respublikasında da şahmatın inkişafına təkan vermişdir. Təkcə 2000-2012-ci illərdə muxtar respublikada 1 Şahmat Mərkəzi və 7 şahmat məktəbi üçün yeni binalar tikilərək istifadəyə verilmişdir. Şahmat infrastrukturunun müasirləşdirilməsi ilə yanaşı, muxtar respublikada yeni şahmatçılar nəsli də yetişdirilmiş, son illər Naxçıvanda  40-dan çox muxtar respublika səviyyəli turnir və birincilik, eləcə də 6 beynəlxalq səviyyəli turnir keçirilmişdir. Muxtar respublikanın tam orta məktəblərində şahmatın ayrıca fənn kimi tədris olunması sevindirici haldır. Çünki şahmat elə bir idman növüdür ki, hər bir insanın təfəkkürünü, düşüncəsini, hafizəsini formalaşdırır. Bu da hər bir məktəbli üçün vacib şərtlərdəndir.
Məktəbin məşqçi-müəllimi Fətulla Həmdiyevlə söhbətimizdə dedi ki, insanlar əyləncə ilə istirahətlərini təmin etməyi bacarmalıdırlar. Lakin əyləncənin sonda hansı səmərə verəcəyini düşünmək də əsas sayılır. Müxtəlifyaşlı insanlar asudə vaxtlarda daha çox intellektual idman növlərinə üstünlük verirlər. Stolüstü oyunlar bu qəbildəndir. Şahmat onların arasında daha böyük nüfuza malikdir. Bu idman növü özünəməxsus səviyyəsi, oyun üslubu ilə şahmat oynamağa yeni başlayan oyunçunu ağılın hökmranlıq etdiyi sehrli bir dünyaya aparır. Bu aləm bilik, incəsənət, məntiq, estetika, taktika tərəfindən idarə olunur. Güman ki, şahmatda əsas əvvəlcədən səhvsiz gedişi düşünməkdir. Variantları kim daha yaxşı hesablasa, o, qələbə qazanacaq. Lakin vaxt getdikcə, variantlar çoxaldıqca qabaqcadan hesabladığın gedişlərə də xitam verilir; qabaqcadan düşünülmüş taktikaya baxmayaraq, mövqeyin zəifləyir, getdikcə pisləşir və heç bir hesablama kömək etmir. Mövqeyi qiymətləndirmək, qabiliyyət və qeyri-adi intuisiya şahmatçıda həlledici rol oynayır. Tam orta məktəblərdə keçilən şahmat dərsləri zamanı da uşaqlara şahmatın sirlərini öyrətməklə bərabər, yuxarıda sadaladığım  keyfiyyətləri də üzə çıxarmağa çalışırıq.
Bəs ümumtəhsil məktəblərində şahmat dərsləri necə təşkil edilib?
Ordubad Rayon Təhsil Şöbəsinin müdiri İlqar Həsənov uşaqların kiçik yaşdan şahmat oynamağı öyrənməsinin onların məntiqi düşünmə qabiliyyətinin inkişafına, sərbəst, təşəbbüslü, mütəşəkkil şəxsiyyət kimi formalaşmasına xidmət edəcəyini bildirdi. Dedi ki, hazırda rayonun əksər ümumtəhsil məktəbində şahmat fənni tədris olunur. Həmin fənni tədris edən müəllimlər şahmat sahəsində müəyyən bilik və təcrübəsi olan ümumtəhsil məktəblərinin müəllimləri arasından seçilmiş və həmin müəllimlər üçün təlim kursları təşkil olunmuşdur. Ötən müddət ərzində aparılan müşahidə və təhlillər göstərmişdir ki, şahmat fənninin tədrisi şagirdlərin böyük marağına səbəb olmaqla onların idraki fəallığını xeyli artırır, düşünmə qabiliyyətlərini gücləndirir. Bütün bunların nəticəsində şagirdlərin digər fənlər üzrə göstəriciləri də nəzərəçarpacaq dərəcədə yüksəlmişdir. Fənnin tədrisi sahəsində qazanılan uğurlar şahmat təliminin daha yüksək səviyyədə davam etdirilməsinə və şahmatın əhatə dairəsinin genişləndirilməsinə etibarlı zəmin yaradır.

Səbuhi HÜSEYNOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR