AMEA Naxçıvan Bölməsində “Naxçıvan tarixi” çoxcildliyinin ikinci və üçüncü cildlərinin müəllifləri ilə növbəti görüş keçirilib. AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev bu cildlərin müəllifləri ilə 2013-cü ilin noyabr ayında keçirilən görüşdən ötən dövr ərzində görülmüş işlərdən danışıb. Qeyd edilib ki, kitabın ikinci cildi Naxçıvan tarixinin XVIII əsrin ortalarından başlamış İkinci Dünya müharibəsinə qədərki dövrünü əhatə edir. 5 fəsildən ibarət olan bu cild Naxçıvan xanlığının yaranması ilə başlayır. Kitabın üçüncü cildi İkinci Dünya müharibəsindən başlamış günümüzə qədərki dövrü əhatə edəcək. İkinci cildin 2014-cü ildə, üçüncü cildin isə 2015-ci ildə nəşr olunması nəzərdə tutulub. Akademik İsmayıl Hacıyev kitabın müəllifləri üçün dövlət tərəfindən yaradılmış şəraitin yüksək səviyyədə olduğunu qeyd edərək bu cildlərin də ən mükəmməl formada yazılmalı olduğunu diqqətə çatdırıb. Sitat: “Mövzuların yazılması zamanı qarşıya çıxan çətinliklər müzakirələr zamanı müəlliflər tərəfindən qeyd edilməlidir. Müxtəlif kitabxana və arxivlərdə işləməyə zərurət yarandığı təqdirdə elmi yaradıcılıq ezamiyyətlərinə hər cür şərait yaradılacaq”.
Görüşdə müxtəlif mövzularla bağlı fikir mübadiləsi aparılıb.
Xəbərlər şöbəsi