Elmin də bir əxlaqı olmalıdır. O zaman ki, elm həqiqi mənəviyyata, həqiqətə və saflığa dayanır, quru bilgilər toplusu olmaqdan çıxır, yaradılan digər varlıqlardan mənəviyyatının varlığına görə fərqlənən insanın mənəvisinin yüksəlməsinə xidmət edir. Kitabxanama yenicə daxil olmuş “Tanrıçılıq və əbədi həyat məsələsi” adlı kitabdan çıxardığım nəticə budur. AMEA-nın müxbir üzvü Hacı Qadir Qədirzadənin AMEA Naxçıvan Bölməsi Rəyasət Heyətinin 18 noyabr 2013-cü il tarixli qərarı ilə nəşr olunmuş yeni kitabı haqqında yazmağa o zaman qərar verdim ki, yazmaq üçün saya-hesaba gəlməyən tutarlı səbəblər müəyyənləşdirdim.
İlk növbədə, insanın üstün yaşama qayəsini izah edən kitabın ölkəmizdə barmaqla sayıla biləcək qədər analoji mövzulu kitablardan olması bu kitab haqqında yazmaq üçün ilk səbəbdir. Çünki gerçək dini izah edən kitabın Azərbaycan mənəviyyatına, azərbaycanlı kimliyinə xidmət etdiyi şəksizdir. Bizcə, bu monoqrafiya hər birimizin özünü dərk etməsi üçün oxumalı olduğumuz bir əsərdir.
İkinci tərəfdən, İslam dininin müjdəçisi, bəşər tarixinin ən ali məramlı şəxsiyyətlərindən biri olan Məhəmməd Peyğəmbərin “İnsanlarla anlayacaqları şəkildə danışın...” kəlamının tələbinə uyğun olaraq yazılması əsərin hamı tərəfindən qavranılmasına xidmət edir.
Üçüncü tərəfdən, kitab bir çox “diletant tədqiqatlar”dan fərqli olaraq, ciddi tədqiqat əsəri səviyyəsindədir. Kitabın müəllifi xalqımızın mənəvi dəyərlərinin öyrənilməsi ilə bağlı uzun müddət tədqiqat aparmış, təkcə Naxçıvanın deyil, ümumilikdə, Azərbaycanın və türk dünyasının etnoqrafiyası ilə bağlı söz deməyə tam mənəvi haqqı olan alimdir.
Tədqiqat əsəri “Türklərdə tanrıçılıq məsələsi”nin izahı ilə başlayır. Bu hissədə son illərdə elm aləmində xüsusilə müzakirə predmetinə çevrilmiş qədim türklərin dini baxışları ilə bağlı məsələyə aydınlıq gətirilir. Özünəqədərki tədqiqatçıların “türk dini şamanizmdir, yoxsa tanrıçılıq?” sualına verdikləri cavablara işıq tutan müəllif əsaslı dəlillərlə bir elmi nəticəyə gəlir: şamanizm din deyil və türklər heç bir zaman “şaman dini” adlanan bir dinə sitayiş etməmişlər, türklərin əski dini təktanrıçılıq olmuşdur. Müəllif haqlı olaraq qeyd edir ki, XIX əsrin ikinci yarısından başlayaraq bir sıra rus və Avropa tədqiqatçılarının qədim türklərdə şamanizm inancının geniş yayıldığını, hətta din səviyyəsinə qaldırıldığını “sübut” etməkdə məqsədləri türklərin ibtidai inamlar səviyyəsində yaşadıqlarını göstərmək olmuşdur. Onlar isbatlamağa çalışmışlar ki, türklər təkallahlılıq ideyası ilə tanış olmamış, bu proses türklərdə xristianlaşma və islamlaşma ilə baş vermişdir. Müəllif müxtəlif türk xalqlarının, o cümlədən Azərbaycan xalqının əski dini inanc sistemindən bəhs edir, Naxçıvanda əldə edilən materialları da tədqiqata cəlb etməklə göstərir ki, türklər təktanrıçılığı qəbul etmiş ilk xalqlardan biridir. Məhz bunun təsiridir ki, sonralar səmavi dinlər, xüsusən İslam dini onlar arasında sürətlə yayılmaqla dünya türklərinin əksəriyyəti tərəfindən qəbul edilmişdir. Kitabda əsaslı dəlillər göstərilməklə sübut edilir ki, hələ İslamaqədərki dövrlərdə Naxçıvan da daxil olmaqla, ətraf coğrafiyada aparıcı etnos türklər olmuşlar. Müəllif yuxarıdakı fikirləri irəli sürərkən ciddi elmi-tədqiqat əsərlərinə, “Tövrat”a, “İncil”ə, “Quran”a, “Kitabi-Dədə Qorqud” dastanlarına, oğuznamələrə əsaslanır.
“Mənəvi dünyamızda ruh-bədən, can-canan, ruhi-Rəhman münasibətləri, qarşılıqlı paralellər” adlanan bölümdə ruh və yaradılış, insanın yaşamı bədən və ruhun vəhdəti kimi əbədi varlıq məsələsinə aid baxışlar ortaya qoyulmuşdur. Ruh və yaradılış məsələləri izah olunarkən əski türk inanc sistemi ilə “Qurani-Kərim” arasında paralellər aparılmış, Nəsimi, Nizami, Yunus İmrə, Hüseyn Cavid və başqa mütəfəkkirlərin əsərlərindən mövzu ilə bağlı nümunələr gətirilmişdir.
Ölməmişdən öncə ölməyi bacarmaq, əslində, əbədi var olmağın sirridir. Müəllif bu fikri irəli sürərək insanın doğulub ölməsinə, ölüb dirilməsinə qədər keçdiyi böyük yoldan bəhs etmişdir.
Kitabda Yereşkiqal, Yerlik, Fələk, Əzraillə bağlı inancların genezisinə dair aparılmış əsaslı tədqiqatlar xüsusilə maraq doğurur.
Əsərin dördüncü bölümü “Qədim inanclar sistemində, dinlər tarixində və xalq yaradıcılığında ölümsüzlük məsələsi” adlanır. Bu bölümdə əbədi həyat, Xızır Peyğəmbər haqqında verilən məlumatlar, xalq yaradıcılığında, mənəvi dəyərlər sistemimizdə bu mövzuya yanaşma ətraflı bir şəkildə təhlil edilmişdir.
Ümumilikdə, monoqrafiyada tanrıçılıq, yaradılış, ruh-bədən münasibətləri, əbədi həyat uğrunda mübarizə ilə bağlı məsələlər, problemin dünyəviliyi, İslam düşüncə tərzində yeri, ümumtürk cəhətləri, şumerlər və digər türk xalqları ilə genetik bağları araşdırılmışdır. Xalqımızın mənəvi mədəniyyəti, dünyaya baxışı, inamlar sistemi, dini, etnik-mədəni əlaqələri ilə maraqlanan geniş oxucu kütləsi üçün faydalı olan kitabın üz qabığında Gəmiqayada eramızdan əvvəl IV-III minilliyə aid olduğu ehtimal edilən “Tanrıya açılmış əllər” və Bilgə xaqanın məzar daşının təsviri əks olunmuşdur. Bu isə, öz növbəsində, monoqrafiyanın məzmunu ilə birbaşa vəhdət təşkil edir və kitabda əks olunan fikirlərin açılmasına xidmət edir.
Elnur KƏLBİZADƏ