Naxçıvan Dövlət Universitetində Azərbaycan Hökuməti və Beynəlxalq İnkişaf Assosiasiyasının birgə həyata keçirdiyi “Dövlət investisiyaları üzrə kadr potensialının gücləndirilməsi” layihəsi çərçivəsində növbəti təlim kursuna start verilib.
Təlim kursunun açılış iclasında çıxış edən universitetin rektoru, professor Saleh Məhərrəmov dövlət strukturlarını və nazirliklərin əməkdaşlarını əhatə edən təlim kurslarının kadr hazırlığı baxımından mühüm əhəmiyyət daşıdığını deyib. Vurğulanıb ki, belə təlim kurslarının təşkili muxtar respublikada dövlət idarəçiliyi sahəsində milli kadr potensialının artırılmasına, mütəxəssis hazırlığına göstərilən dövlət qayğısının təzahürüdür.
Sonra ekspert-təlimçi Murad Tahirov çıxış edərək “Layihə təsirinin qiymətləndirilməsi” mövzusunda keçiriləcək təlim kursunun iştirakçılara layihənin tərtib olunmasından başlayaraq onun icrasına qədər layihə təsirinin qiymətləndirilməsi prosesini mənimsətmək, eləcə də bu istiqamət üzrə başlıca üsul və vasitələri aşılamaqdan ibarət olduğunu bildirib. Ekspert-təlimçi bu sahədə mövcud dünya təcrübəsi, təlim kursunda bəhs olunacaq mövzular barədə də məlumat verib.
Qeyd edək ki, “Layihə təsirinin qiymətləndirilməsi” mövzusunda 10 gün keçiləcək təlim kursunun sonunda iştirakçılara sertifikatlar təqdim olunacaq.
Mina QASIMOVA