Hələ vaxtilə Marağalı Əvhədi “Cami-cəm” adlı əsərində yazırdı ki:
Oğlunun olmasa ağlı, kamalı,
Sən öldün, neyləyir dövləti-malı.
Atalar sözlərində isə xatırladılır ki, “Ağıl qızıldan qiymətlidir”, “Ağıllı baş hər şeydən mənfəət götürər”, “Ağıl başda ikən evin abadan”, “Ağıl yaşda deyil, başdadır”, “Ağıllı düşmən nadan dostdan yaxşıdır”, “Ağıllı kamal axtarar, cahil mal”, “Ağlınla gör, qəlbinlə duy” və sair. Azərbaycan xalq pedaqogikasında deyildiyi kimi, baş bədənin tacıdır. Ağıllı, düşüncəli, kamallı insan olmaq üçün başı biliklərlə zinətləndirmək lazımdır. Başı zinətləndirməkdən ötrü təhsilin bütün növlərindən, o cümlədən pedaqoji prosesin bütün vəzifə (təhsilləndirmə, tərbiyələndirmə, psixoloji inkişafa nail olma) və mərhələlərindən (qavrama, anlama, möhkəmlətmə, hesaba alma) metodik ustalıqla, eyni zamanda bir-birilə vəhdətdə istifadə etmək lazımdır.
Müdrik ata-babalarımız ağılın və onun əks qütbü olan ağılsızlığın mahiyyət və məzmun dəyərini aşağıdakı kimi vurğulayıblar:
Bu dünyada maldan-puldan
Bir ağıllı baş yaxşıdır.
Anlamayan bir kəllədən
Bircə qara daş yaxşıdır.
Təlim prosesində sağlam düşüncənin faydası, dəyəri xeyli böyükdür. Şagirdlərin mənəvi dünyasında sağlam düşüncənin faydasını, dəyərini Nizami Gəncəvi aşağıdakı misra ilə çox gözəl açıqlayır:
Düşüncəsi, ağlı sağlam olan kəs
Lazımsız sözləri danışa bilməz.
Bu mənada şagirdlərin əqli inkişafının düzgün, məqsədyönlü formalaşdırılmasında müəllimlərin üzərinə məsul və şərəfli vəzifələr düşür. Müasir dövrümüz elmi-texniki inkişaf dövrüdür. Bu dövrdə müəllim texniki təlim vasitələrindən, kompüter texnikasından, yeni interaktiv təlim metodlarından metodik ustalıqla istifadə etmək səriştəsinə sahib olmalıdır.
Maarifçilik hərəkatında xüsusi xidmətləri olan M.F.Axundzadə, M.T.Sidqi, F.Köçərli, Ü.Hacıbəyli, H.Cavid, J.J.Russo, V.Franklin və başqaları insan həyatında düşüncənin məna dəyərini yüksək qiymətləndirərək mənalandırmışlar. V.Franklin yazır ki, insan iki dəqiqə havasız, iki həftə susuz, üç həftə yeməksiz, bütün ömrü boyu səfalət içində yaşaya bilər, amma bir an belə, düşünmədən yaşaya bilməz.
Şagirdləri düşündürmək, düşündürərək öyrətmək, onları problemli məsələlərlə qarşılaşdırmaq, axtarıcı, yaradıcı fəaliyyətə emosional formada səfərbər etmək müəllim, tərbiyəçi, valideyn istəyinin, arzusunun, fəaliyyətinin, məqsədinin əsasını təşkil etməlidir. Düşündürərək öyrətmək, düşünərək öyrənmək bilik, bacarıq, vərdişlərə yiyələnməyin, mənən zənginləşməyin, habelə psixoloji inkişafa nail olmağın səmərəli və optimal yoludur.
Sağlam düşüncə hər bir fərdin insani keyfiyyətlərə yiyələnməsində çox böyük didaktik dəyərə malikdir. Müəllim üçün düşüncəlilik daha çox vacibdir. Bunun üçün kamilləşərək kamilləşdirmək, təkmilləşərək təkmilləşdirmək tərbiyəedənin, yəni müəllimin fəaliyyətində üstünlük təşkil etməlidir. Dünya gör-götür dünyası olduğundan şagirdlər düşüncəlilik, müdriklik keyfiyyətləri baxımından münbit olan, sayılıb-seçilən əqli, əxlaqi dəyərlərə malik kamil şəxsiyyətlərin ibrətamiz, nəsihətamiz nümunələrini görür, müşahidə edir, duyaraq əxlaqi-mənəvi dəyərlər baxımından daha da püxtələşməyə, zənginləşməyə can atırlar.
Uşaqlarda düşüncəlilik keyfiyyətlərinin formalaşmasında, inkişaf etdirilməsində pedaqoji fəaliyyətin imkanları xeyli böyükdür. Pedaqoji prosesdə şagirdləri düşündürücü suallarla qarşılaşdırmaq sinifdə fəallığı artırır, müstəqilliyə zəmin yaradır. Bunun üçün pedaqoji qanunauyğunluqlara və onlardan törəmə olan əsas ideya, tələb rolunu oynayan pedaqoji prinsiplərə düzgün riayət edilməlidir. Düşüncəli şəkildə həmin prinsiplərdən ölçülü-biçili şəkildə istifadə aparılan təlim-tərbiyə işinin səmərə və keyfiyyətini yüksəltmiş olur. Müəllim şagirdləri düşündürmək, tədris olunan mövzunu şüurlu şəkildə mənimsətmək üçün vaxtaşırı problemli şərh metodundan ustalıqla, xüsusi məharətlə istifadə etməlidir.
Şagirdlərin dərsdə sağlam düşüncəyə əsaslanaraq daha fəal iştirakını təmin etmək üçün interaktiv təlim üsullarından istifadə etmək həm vacib, həm də çox effektlidir. “İnteraktiv” sözünün mənası “daha fəal” deməkdir. Şagird və tələbələrin pedaqoji prosesdə daha fəal düşünərək iştirak etməsinə, sinifdə əli işsiz, başı fikirsiz şagirdin olmamasına nail olmaq üçün düşündürərək öyrətməyin, düşünərək öyrənməyin didaktik dəyəri xüsusilə böyükdür. Bu cəhətdən şagirdlərin düşünərək, əqli nəticələrə gələrək axtarıcı fəaliyyət zəminində proqram materiallarına yiyələndirilməsində interaktiv təlim üsullarından ölçülü-biçili şəkildə istifadə vacibdir. Bu cür aparılan təlim təhsil işinin səmərə və keyfiyyətini xeyli gücləndirir. İnteraktiv dərsin təşkili sinifdəki bütün şagirdlərin müstəqil düşünmələrinə və fəaliyyət göstərmələrinə maksimum şərait yaradılmasını tələb edir. Belə dərslər tədris materialının şüurlu mənimsənilməsinə, şagirdlərdə psixoloji inkişafa (diqqətin, iradənin, təsəvvürün, nitqin və sair), habelə faydalı mənəvi keyfiyyətlərin formalaşmasına təkan verir.
Bəli, düşüncənin təlim-tərbiyə dəyəri böyükdür. Böyük filosof Sokratın sözləri ilə desək: “Düşünülərək görülən hər bir iş xeyirlə bitir”. Pedaqoji prosesdə sağlam düşüncənin bərqərar edilməsində şagirdlərdə formalaşdırılan idrak motivlərinin də rolu, dəyəri xeyli böyükdür. Müəllim bilməlidir ki, idrak motivləri sağlam düşüncənin mənbəyidir.
Müəllim şagirdlərə düşünərək, fikirləşərək öyrənməyin mexaniki öyrənməkdən fərqini açıqlamaqla şüurlu öyrənməyə həvəs və səyi artırmağa cidd-cəhdlə çalışmalıdır. Onları düşündürərəkdən başa salmalıdır ki, şüurlu öyrənmə unutqanlığın qarşısını alır, qazanılan bilik, bacarıq və vərdişlər hafizədə dərin izlər buraxır. Çünki şagird öyrədiləni dərindən anlayaraq, əsaslı şəkildə düşünərək öyrəndikdə həmin materialı uzun müddət düzgün və möhkəm yadda saxlayır. Psixoloji tədqiqatlar göstərmişdir ki, mənanı anlamadan, başa düşmədən materialı mexaniki öyrənmək üçün çox vaxt tələb olunur, bu cür öyrənilən material tez unudulur. Hələ vaxtilə alman pedaqoqu İohan Henrix Pestalotsi yazırdı: “Adi müəllim həqiqəti şagirdlərə çatdırır. Əsl müəllim həqiqəti şagirdlərə tapdırır”.
Təlim prosesində şagirdlər təkcə dinləyiciyə çevrilməməlidir; müəllimlə, bir növ, əməkdaşlıq şəraitində fəaliyyət göstərməlidirlər. Bunun üçün müəllim şagirdləri təlimatlandırmalıdır ki, onlar üçün aydın olmayan, anlaşılmaz məsələləri müəllimdən soruşub öyrənməyə çalışsınlar. Mexaniki öyrənmək, mətni əzbərləyərək öyrənmək çoxlu vaxt almaqla yanaşı, həm də hafizədən tez bir zamanda silinir. Düşünərək, başa düşərək, şüurlu şəkildə öyrənilən bilik isə hafizədə uzun müddət qalır. Bu cür öyrənmə şagirdlərdə də öz-özlüyündə müqayisə bacarığı formalaşdırır ki, bu da gələcək tədqiqatçının ilk rüşeymidir. Ən düzgün və səmərəli yol fikirləşə-fikirləşə öyrənməkdir. Məhz buna görə də L.N.Tolstoy haqlı olaraq yazmışdır ki, bilik yalnız o zaman bilikdir ki, o təkcə hafizə ilə deyil, həm də adamın öz fikirlərinin gücü ilə qazanılmış olsun.
Müəllim mənimsətdiyi bilikləri başa salmaqla kifayətlənməməlidir; qazanılmış bilik cari, mövzudan-mövzuya, bəhsdən-bəhsə təkrarlanmalıdır. Çox haqlı olaraq xatırladırlar ki, “təkrar biliyin anasıdır”. Biliyin möhkəmliyini, uzun müddətliliyini təmin etmək üçün həmin bilik lazımi məqamlarda təkrarlanmalıdır. Təkrarın da özünəməxsus qayda-qanunları var. Təkrarın öyrənmənin şərtinə çevrilməsi üçün bir sıra şərtlərə əməl olunmalıdır. Hər şeydən əvvəl, nəzərə almaq lazımdır ki, öyrənmənin keyfiyyəti təkrarın miqdarından deyil, düzgün təşkilindən, xarakterindən asılıdır. Adətən, təkrarlar düşünülmüş xarakter daşıdıqda, öyrənmənin, mənimsəmənin səmərəliliyi təmin edilə bilir. Əksinə, kor-koranə, materialı kifayət qədər anlamadan təkrar etmək olsa-olsa, mexaniki öyrənmə ilə nəticələnir.
Təlimdə şüurluluğun təminində şagirdlərin bilik və anlayış səviyyələrinə, fərdi psixoloji xüsusiyyətlərinə uyğun tədris olunan mövzu ilə bağlı problemli vəziyyətin yaradılması mühüm əhəmiyyət kəsb edir. Tədris olunan mövzu ilə bağlı şagirdlərin müəyyən düşündürücü suallarla qarşılaşdırılması onların təfəkkür fəaliyyətini hərəkətə gətirir. Şagirdlərin axtarıcı təfəkkür fəaliyyətinə səfərbər edilməsi müəllimin metodik ustalığından, pedaqoji mərifətindən, öz fənnini, onun tədrisi metodikasını dərindən bilməsindən, şagirdlərlə səmimi ünsiyyətə girmək mədəniyyətindən, peşəkarlıq və mənəvi dünyası ilə hamıya ideal nümunə ola bilməsindən çox asılıdır. Müəllimdə sadalanan bu keyfiyyətlərin mövcudluğu onun öyrədilən mövzu ilə bağlı şagirdlərin düşündürücü təfəkkür fəaliyyəti işinə səfərbər olmaq mədəniyyətini yüksəldir. Təfəkkür yeninin axtarılması və kəşfidir. Ona görə də dərsdə problemli situasiyanın yaradılması zəruridir. Problemli situasiya yaradıldıqda şagird axtarıcı olur, onun əqli inkişafı üçün şərait yaranır. Dərsdə düşünmənin, axtarıcı fəaliyyətin təmini bilavasitə fənni tədris edən müəllimin pedaqoji fəaliyyət vəzifəsi olmalıdır. Dərslərin belə keçilməsi şagird təfəkkürünün inkişaf etməsinə stimul olur. Elə bu cəhətlərdən də hər bir müəllim mexaniki öyrənmənin qarşısını almaq, tədris olunan mövzunu şüurlu şəkildə şagirdlərə mənimsətmək üçün onların fasilələrə yol vermədən təfəkkürlərinin inkişaf etdirilməsi qayğısına qalmalıdır. Bunun üçün hər bir dərsdə şagirdləri düşünərək, mühakimələr yürüdərək axtarıcı fəaliyyətə cəlb etmək səriştəliliyi müəllim fəaliyyətində ən optimal üsullardan birinə çevrilməlidir.
Şagirdlərdə düşünərək, əqli mühakimələr yürüdərək öyrənməyə həvəs motivlərini qüvvətləndirmək üçün onları həvəsləndirmək, mütəfəkkirlərin fikirləri ilə bəhrələndirmək dəyərli, optimal təsir vasitələrindən biridir. Şagirdlərə anlatmaq, başa salmaq lazımdır ki, güc çox şeyə qalib gəlir, lakin ağıl, bilik isə hər şeyə, eləcə də gücə qalib gəlir.
On adam öldürsə bir qılınc əgər,
Düşüncə ordunu salar dərbədər.
(N.Gəncəvi)
Yekun olaraq qeyd edək ki, təlimin bütün təşkilat formalarında uşaqlara bilik, bacarıq və vərdişlər aşılamaq, onların əqli qüvvələrini səfərbərliyə alıb düşünülmüş, planlı, mütəşəkkil və məqsədyönlü şəkildə inkişaf etdirmək üçün hər bir müəllim təlim prosesində münbit zəmin, əlverişli mühit yaratmalıdır. Bu imkanları gerçəkləşdirmək işində müəllimin düşüncəli fəaliyyət göstərməsinin rolu, dəyəri xeyli böyükdür. Müəllim ümumi hazırlığı, pedaqoji mərifəti, fasilələrə yol vermədən həm elmi, həm də öyrətmə metodikası baxımından axtarıcı və yaradıcı olmalıdır.
Kamal CAMALOV
pedaqogika üzrə fəlsəfə doktoru, dosent