24 Dekabr 2024, Çərşənbə axşamı

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi və Naxçıvan Müəllimlər İnstitutu Şərur Rayon Təhsil Şöbəsi ilə birlikdə Şərur şəhər 1 nömrəli tam orta məktəbdə “Məktəbdə psixoloji xidmətin aktual problemləri və müasir fənn kurikulumlarının tətbiqi” mövzusunda elmi-praktik konfrans keçirmişdir.
Konfransı giriş sözü ilə açan Şərur Rayon Təhsil Şöbəsinin müdiri Yaqub Tağıyev bildirmişdir ki, psixoloq-müəllimlərimizin kurslara cəlb edilməsi, onların kurslarda öyrəndikləri biliklər və əldə etdikləri vəsaitlər məktəbdə psixoloji işin düzgün qurulmasına kömək etmişdir. Bu cür tədbirlərin keçirilməsi, qarşılıqlı fikir mübadilələri, yerlərdə keçirilən görüşlər məktəb işinin düzgün qurulmasına, dövlətimizin təhsillə bağlı qarşıya qoyulan tələblərinin həyata keçirilməsinə xidmət edir.  

Naxçıvan Müəllimlər İnstitutunun rektoru, professor Oruc Həsənli “Məktəbdə psixoloji xidmətin aktual problemləri” mövzusunda məruzə ilə çıxış edərək bildirmişdir ki, ümumtəhsil məktəblərinin vəzifəsi və məqsədi təhsil alanların ayrı-ayrı fənlər üzrə bilik və bacarıqlarının formalaşmasına, nitq mədəniyyətinin ünsiyyət bacarığına çevrilməsinə xidmət etməsi ilə yanaşı, həm də şagirdlərin idrak fəallığının və məntiqi təfəkkürünün inkişafını təmin etməkdən, onları psixoloji baxımdan gələcəyin əsl vətəndaşı kimi hazırlamaqdan ibarətdir. Bu gün yetişməkdə olan nəslin tərbiyəsini düzgün təşkil etmək, sürətlə artan elmi-texniki yeniliklərin əsaslarını onlara mənimsətmək üçün uşaqların dərketmə imkanlarını, idrak proseslərinin inkişaf qanunauyğunluqlarını və bu prosesin necə aşılanması və tərbiyə edilməsini bilmək vacibdir.
Bu gün hər bir məktəb rəhbəri bilməlidir ki, psixoloq-müəllim öz fəaliyyətini ölkədə, eləcə də dünyada gedən proseslərin şagirdlər tərəfindən düzgün başa düşülməsinə, dərk edilməsinə istiqamətverici şəxs kimi qurmalıdır. Buna görə yeni təhsil islahatının həyata keçirilməsində psixoloq-müəllimlərin də üzərinə böyük və məsuliyyətli vəzifələr düşür. Əsl vətəndaş tərbiyə etmək, cəmiyyətimizin gələcək qurucularını düzgün formalaşdırmaq üçün Naxçıvan Müəllimlər İnstitutunun əməkdaşları olaraq məktəblərimizə, müəllimlərimizə, eləcə də psixoloq-müəllimlərimizə hərtərəfli kömək göstərməyə daim hazırıq.
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin şöbə müdiri Rəşad Əlizadə “Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi və Naxçıvan Müəllimlər İnstitutunun birgə həyata keçirdiyi işlər və qarşıda duran vəzifələr”, Şərur Rayon Təhsil Şöbəsinin Metodkabinetinin müdiri Vidadi Süleymanov “Yeni fənn kurikulumları və inteqrasiya” mövzularında çıxış edərək kurikulum  və məktəbdə psixoloji xidmət işinin təşkili və tətbiqi ilə bağlı görulən işlərdən, qarşıda duran pedaqoji vəzifələrdən danışmışlar.
Sonra elmi-praktik konfrans öz işini iki istiqamət üzrə bölmə iclaslarında davam etdirmişdir. “Kurikulum” bölməsində Naxçıvan Müəllimlər İnstitutunun Kurikulum Mərkəzinin müdiri Rafiq Hüseynov “Kurikulumun tətbiqi və qarşıya çıxan problemlərin həlli yolları”, “Məktəbdə psixoloji xidmət” bölməsində isə institutun metodisti Mənsim Tarverdiyev “Məktəbdə psixoloji işin təşkili” mövzularında çıxış edərək təhsildəki problemlərdən və onun həlli yollarından danışmışlar.
Sonda konfrans iştirakçılarına kurikulumun öyrənilməsi və tətbiqinə, o cümlədən məktəbdə psixoloji xidmətin təşkilinə dair yazılı və elektron materiallar verilmişdir.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR