24 Dekabr 2024, Çərşənbə axşamı

Hər bir dövlətin müstəqil yaşaması üçün onun güclü ordusu olmalıdır. Ərazi bütövlüyünün təminatçısı olan ordunun formalaşdırılması isə ixtisaslı hərbi kadrların hazırlanmasından başlayır. Ümummilli liderimiz Heydər Əliyev istər ölkəmizə rəhbərliyinin birinci, istərsə də ikinci dövründə ordu quruculuğunu üstün istiqamət kimi müəyyənləşdirmiş, gənc hərbi kadrların hazırlanması istiqamətində konkret tədbirlər görmüşdür.

Bu gün ölkəmizdə Silahlı Qüvvələrimiz üçün peşəkar kadrlar hazır­layan geniş imkanlara malik hərbi təhsil ocaqları fəaliyyət göstərir. 1971-ci ildə Cəmşid Naxçıvanski adına Respublika Hərbi Təyinatlı Orta İnternat Məktəbi yaradılmış, Moskvanın ciddi narazılığına baxmayaraq, hərbi məktəb öz fəaliyyətini genişləndirmiş, ulu öndərin təşəbbüsü ilə yüzlərlə azərbaycanlı gənc Sovet İttifaqının ali hərbi məktəblərinə təhsil almağa göndərilmişdir. Bu dövrdə yaradılan möhkəm təməl ölkəmiz müstəqillik qazandıqdan sonra milli ordu qurucu­luğunun əsasını təşkil etmişdir.

Müstəqillik illərində də milli ordunun peşəkar zabit kadrları ilə təmin olunmasına və hərbi təhsilin inkişafına ciddi diqqət yetirilmişdir. Ümummilli liderimizin 1998-ci il 13 mart tarixli Sərəncamı ilə Cəmşid Naxçıvanski adına Hərbi Liseyin Naxçıvan filialı yaradılmış, qədim Azərbaycan torpağı olan Naxçıvanda ixtisaslı hərbi kadrların yetişdirilməsinə başlanmışdır. 1999-cu ildə filialın yeni tədris korpusunun açılışında iştirak edən ümummilli liderimiz demişdir: “Cəmşid Naxçıvanski adına Hərbi Liseyin burada filialının yaradılması zərurəti ondan irəli gəlir ki, tarixən naxçıvanlı gənclər zabit peşəsinə yiyələnməyə meyilli olublar. Tarixi vərəqləyin, görün Naxçıvandan vaxtilə nə qədər böyük sərkərdələr çıxıbdır. Ona görə də burada olan gəncləri hərbi peşəyə cəlb etmək üçün hərbi liseyin filialının yaradılması çox zəruri idi”.
Ordunun maddi-texniki bazasının gücləndirilməsi ilə yanaşı, şəxsi heyətin döyüş qabiliyyətinin artırılması, gənc hərbi kadrların yetişdirilməsi bu gün də Azərbaycanın dövlət siyasətində əhəmiyyətli yer tutur. Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 27 fevral tarixli Sərəncamı ilə Cəmşid Naxçıvanski adına Hərbi Liseyin Naxçıvan filialının bazasında Heydər Əliyev adına Hərbi Liseyin yaradılması da bu istiqamətdə həyata keçirilən məqsədyönlü tədbirlərin daha bir təzahürüdür.
Hərbi liseydə geniş quruculuq işləri aparılmış, ümummilli liderin büstü ucaldılmış, ikimərtəbəli qərargah binası, yeməkxana, tibb məntəqəsi, yeni tədris korpusu istifadəyə verilmiş, bir sözlə, müasir hərbi-tədris şəhərciyi yaradılmışdır. 750 yerlik liseydə ən müasir avadanlıqlarla təchiz edilmiş sinif otaqları, laboratoriyalar, hərbi kabinələr, linqafon və kompüter sinifləri, elmi, bədii, siyasi, hərbi və tarixi ədəbiyyatlarla, ensiklopedik nəşrlərlə təmin olunmuş zəngin kitabxana vardır. Qərargah binasının birinci mərtəbəsində “Heydər Əliyev Muzeyi” fəaliyyət göstərir. Liseydə kursantların fiziki hazırlığı da diqqət mərkəzində saxlanılır. Belə ki, hərbi liseydə müasir avadanlıqlarla təchiz olunmuş qapalı və açıq idman kompleksləri, mini-futbol meydançası vardır. Ölkə başçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev 2005-ci ilin deka­brında liseydə yaradılan şəraitlə tanış olmuş, kursantlar qarşısında çıxış edərək demişdir: “Heydər Əliyev adına Hərbi Liseydə oxumaq böyük şərəfdir və böyük məsuliyyətdir. Bu liseydə təhsil alan gənclər gələcəkdə bizim ordumuzda xidmət edəcəklər. Azərbaycanın müstəqilliyinin keşiyində duracaqlar, lazım gələrsə, Azərbaycanın ərazi bütövlüyünün hərb yolu ilə bərpa olunmasında iştirak edəcəklər”.

Heydər Əliyev adına Hərbi Lisey fəaliyyətə başladığı dövrdən Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin hərtərəfli diqqət və qayğısı ilə əhatə olunmuşdur. Ali Məclisin Sədri cənab Vasif Talıbov ötən il kursantlarla görüşərkən onlara tövsiyələrini verərək demişdir: “Özünü hərbi peşəyə həsr etmək yolunu seçən hər bir kursantın qarşısında mühüm vəzifələr dayanır. Siz təhsil aldığınız ali hərbi məktəblərdə və xidmət edəcəyiniz hərbi hissələrdə nümunə olmalısınız. Milli Ordumuzun zabiti kimi ulu öndərimizin bizə əmanət etdiyi dövlət müstəqilliyimizi, qüdrətli və çiçəklənən Azərbaycanımızı şərəflə qorumaq və keşiyini çəkmək qarşınızda duran bir nömrəli vəzifə olmalıdır. Bunun üçün siz fiziki cəhətdən sağlam, savadlı və yetkin gənclər kimi yetişməlisiniz. Vətənə və dövlətə, ümummilli liderimizin ideyalarına və Ali Baş Komandana sədaqətli olmalısınız. Gələcəkdə harada xidmət etməyinizdən asılı olmayaraq, torpaqlarımızı göz bəbəyi kimi qorumalı, Azərbaycan Silahlı Qüvvələrinin zabiti şərəfini uca tutmalısınız”.
Ümummilli liderimizin xatirəsinin əbədiləşdirildiyi ilk ünvan olan Heydər Əliyev adına Hərbi Lisey Silahlı Qüvvələrin kadr təminatında uğurla fəaliyyət göstərir. Bu gün liseyə nəinki muxtar respublikadan, həmçinin Azərbaycanın digər bölgələrindən də gənclər təhsil almaq üçün müraciət edirlər. Artıq lisey öz ətrafında yüzlərlə vətənpərvər gənci birləşdirən müasir təhsil müəssisəsinə çevrilmişdir. Hazır­da liseydə 660 kursant təhsil alır. Fəaliyyəti dövründə hərbi liseyi bitirən 1941 kursantdan 1857-si ali hərbi məktəblərə qəbul olunmuşdur. Onlardan 1000-ə yaxını Azərbaycan Respublikasının Silahlı Qüvvələrində müxtəlif zabit rütbələrində xidmət edir. Liseyin məzunu olmuş kursantlar bu gün həm də Rusiya Federasiyasında və Türkiyə Respublikasında ali hərbi təhsillərini davam etdirirlər.
Hərbi təhsil müəssisəsində tədrisin keyfiyyətini daha da artırmaq, kursantları mənəvi-psixoloji cəhətdən hazırlıqlı və vətənpərvər ruhda yetişdirmək üçün ardıcıl tədbirlər görülür. İl boyu keçirilən test-sınaq imtahanlarında, açıq və yoxlama dərslərdə kursantların biliyi, fəallıqları yoxlanılır, nitq mədəniyyətinə yiyələnmələrinə, xarici dilləri öyrənmələrinə diqqət yetirilir.

2014-cü il muxtar respublikamızda “Muxtariyyət ili” elan edilmişdir. Heydər Əliyev adına Hərbi Liseyin kollektivi çalışır ki, belə bir əlamətdar ildə öz üzərinə düşən vəzifələri layiqincə yerinə yetirsin. Məqsəd təkcə fiziki cəhətdən sağlam, savadlı, yetkin gənclər deyil, həm də Vətənə, dövlətə, ən əsası isə ümummilli liderimiz Heydər Əliyevin ideyalarına və Ali Baş Komandana sədaqətli gənclər yetişdirməkdir. Qədim Naxçıvan diyarı bu gün ölkəmizdə incəsənətə, mədəniyyətə, ədəbiyyata, sosial-iqtisadi inkişafa töhfə verdiyi kimi, öz tarixi ənənəsinə sadiq qalaraq hərb sənətinə də layiqli töhfələrini verməkdədir.

“Şərq qapısı”

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR