Distant təhsilin keyfiyyəti kompüter avadanlıqları və internetin sürətindən, o cümlədən digər audio-vizual və informasiya texnologiyalarının uğurlu tətbiqindən asılıdır.
Naxçıvan Muxtar Respublikasında internet ilk dəfə 1999-cu ildə Naxçıvan Kompüter Mərkəzində abunəçilərin istifadəsinə verilmişdir. O zaman yalnız 8 abunəçi ilə internetə qoşulma imkanı əldə edən mərkəz qısa zamanda böyük inkişaf yolu keçmişdir. 10 may 2003-cü il tarixdə Naxçıvan Muxtar Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən Naxçıvanda www.nakhchivan.az internet provayderi yaradılmışdır. 2006-cı ildən internet provayderin adı www.nakhinternet.az olaraq dəyişdirilmişdir. Həmin dövrdə yalnız Dial-up-la internetə qoşulmaqla internetin sürəti 56 kb/san. olmuşdur. 2005-ci ilin oktyabr ayından etibarən isə Naxçıvan şəhərində internet şəbəkəsinə ən müasir texnologiya ilə – ADSL (asimmetrik rəqəmli abunəçi xətti) yəni genişzolaqlı internet xidməti vasitəsilə qoşulma tətbiq edilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 5 aprel 2010-cu il tarixli Sərəncamı ilə Naxçıvan Muxtar Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin tabeliyində Naxçıvan Muxtar Respublikası İnternet Mərkəzi yaradılmışdır. Mərkəzin fəaliyyətinin əsas məqsədi Naxçıvan Muxtar Respublikası ərazisində inzibati və təsərrüfat obyektlərini, hüquqi və fiziki şəxsləri, muxtar respublika əhalisini internetlə təmin etmək, internetlə əlaqədar müxtəlif xidmətləri göstərməkdir. Mərkəz yüksəkkeyfiyyətli internet xidmətləri, web səhifələrinin tərtibatı və hazırlanması, domen adların qeydiyyatı, elektron poçt və ünvanların ayrılması, server sahələrinin icarəyə verilməsi, şəbəkələrin layihələndirilməsi və qurulması işlərini həyata keçirir. Muxtar respublikanın telekommunikasiya şəbəkəsi TAE (Trans-Asiya-Avropa) fiber-optik magistral xəttinə qoşulmuşdur. Bütün informasiyalar bu magistralın üzərindən ötürülür. 2012-ci ilin avqust ayından başlayaraq Naxçıvan şəhərində “Evədək optika” layihəsinin icrasına başlanılmışdır. “Evədək optika” layihəsi imkan verir ki, hər abunəçiyə 10 mb/san. və ondan yuxarı sürətdə internet verilsin. Bu da elektron ticarət, məsafədən təhsildən (distant) istifadə və sair üçün əlverişli internet sürətidir.
Hazırda Naxçıvanda internetdən istifadə edənlərin sayı 300 mindən çoxdur. Bu gün muxtar respublikanın ən ucqar dağ kəndlərində belə, genişzolaqlı internet xidməti fəaliyyət göstərir. Muxtar respublikaya daxil olan internetin sürəti 2005-ci ildə 512 kb/saniyə idisə, 2013-cü ildə bu sürət 3 gb/saniyəyə çatdırılmışdır.
Naxçıvan Muxtar Respublikasının ali təhsil müəssisələrinə internet 8-10 mb/san. verilir. Tam orta məktəblərdə isə bu rəqəm 4-5 mb/san. arası dəyişir. Qeyd edək ki, elektronlaşma yalnız təhsil müəssisələrini əhatə etmir. 2013-cü ilin oktyabrında Naxçıvanda “Elektron hökumət” (www.e-hokumet.nmr.az) portalı da istifadəyə verilmişdir. Bu portal vasitəsilə muxtar respublikanın 34 dövlət orqanının xidmətlərindən yararlanmaq mümkündür.
2014-cü ildə muxtar respublikanın yaşayış məntəqələrinin 100 faizinin genişzolaqlı internetlə təmin edilməsi nəzərdə tutulmuşdur. Bu il muxtar respublikaya daxil olan internetin sürətinin artırılaraq 5 gb/saniyə olması planlaşdırılmışdır.
Naxçıvanda ali təhsilin inkişafında İKT
Naxçıvan Muxtar Respublikasının aparıcı ali məktəblərindən sayılan Naxçıvan Dövlət Universitetində müasir İKT-nin tətbiqinə 2000-ci ildə başlanmışdır. Həmin dövrdən başlayaraq Azərbaycan Respublikasında İKT-nin inkişafı ilə bağlı həyata keçirilən genişmiqyaslı dövlət proqramları, Naxçıvanda bu sahədə həyata keçirilən köklü islahatlar və universitet layihələrinin ali məktəbə qazandırdığı informasiya texnologiyaları ildən-ilə artmışdır. 2005-ci ildən bu günədək ardıcıl həyata keçirilən “Elektron Naxçıvan” beynəlxalq konfransları isə həm dövlət qurumlarının, həm də xarici ali təhsil müəssisələrinin İKT-nin gözü ilə Naxçıvanı tanımasına şərait yaratmışdır. Dövlət və ali təhsil müəssisəsinin qarşılıqlı işbirliyi ilə həyata vəsiqə alan tədbirlər isə NDU-nun paytaxt və regional ali məktəblər arasında İKT-nin tətbiqi imkanlarına görə ilk sıralarda yer tutmasına səbəb olmuşdur. Qeyd edək ki, universitetin maddi-texniki bazası – elektron lövhə və proyektorla təchiz olunmuş 100-dən artıq auditoriya, 1000-dən yuxarı kompüter avadanlığı, Polycom kameralı auditoriyalar, Elektron kitabxana, internet portalı və universitetin 110 hektar ərazisini əhatə edən 10 mb/saniyə gücündə Wi-Fi simsiz internet xidməti elektron təhsil bazasının yaradılmasına geniş imkanlar açmışdır. Hazırda universitetdə bütün ixtisaslar üzrə imtahanların kompüter vasitəsilə aparılması, bütün dərslərin, elmi-pedaqoji təcrübələrin nəticələrinin, təhsilin bütün sahələrinin mərhələ-mərhələ elektronlaşması, onlayn dərslərin təşkili, magistr dissertasiyaları və diplom işlərinin elektron qəbulu və digər tədbirlər İKT imkanlarının öyrədən və öyrənən arasındakı münasibətlərin düzgün qurulması, obyektivlik, şəffaflıq, aktuallıq, peşəkarlıq kimi prinsiplərin tədrisdə tətbiqi ilə nəticələnmişdir.
Hazırda Naxçıvan Dövlət Universitetində 3,5 milyon dollar dəyəri olan və genişmiqyaslı əhatə dairəsi ilə seçilən, Cənubi Koreyanın KOİCA şirkəti ilə birgə həyata keçirilən Elektron Universitet layihəsi aparılan məqsədyönlü tədbirlərin ən uğurlu nəticəsidir. Artıq Naxçıvan Dövlət Universitetinin elektronlaşması universitetə girişdən tutmuş çıxışadək bütün proseslərin, tələbənin dərsə davamiyyətinin, elmi-pedaqoji potensialın, administrativ işlərin elektronlaşmasını əhatə edir. Qeyd edək ki, Elektron Universitet layihəsi reallaşdıqdan sonra universitetə ayrılan internetin sürətinin 100 mb/saniyəyə çatdırılacağı planlaşdırılır.
Bütün bu prosesləri isə distant təhsilə keçid və hazırlıq mərhələsi kimi də dəyərləndirmək olar. Distant təhsilin nəticələri o zaman uğurlu ola bilər ki, o, mövcud bazanın təməlləri üzərində davam gətirə bilsin. Bəs distant təhsili həyata keçirmək üçün hansı meyarlar tələb olunur?
İlk növbədə, sürəti 100 və ya 200 mb/saniyə olan internet, ən müasir kompüter avadanlıqları, bu avadanlıqlardan sərbəst istifadə edən professor-müəllim heyəti və öyrənən tərəfin bütün bu prosesləri əldəetmə imkanı. Distant təhsili həyata keçirən universitet buna nə qədər hazırdırsa, onu qəbul edən cəmiyyət də buna o qədər hazır olmalıdır. Bütün bunlar onu deməyə əsas verir ki, Naxçıvan Muxtar Respublikasında distant təhsilə keçidi tam reallaşdırmaq olar.
Biz bu təhsilalma formasını tətbiq etməklə cəmiyyətin bütün təbəqələrinin təhsil almasına şərait yarada bilərik. Artıq yaşından, fiziki imkanlarından, iqtisadi və sosial durumundan asılı olmayaraq, hər kəs təhsil ala biləcəkdir. Ən böyük qazancımız cəmiyyətimizi zərərli vərdişlərdən, kənar meyillərdən uzaq etməklə, onun üçün əlçatmaz sayılan arzuların reallaşmasına, müasirləşməsinə, dünyagörüşünün artmasına, əmək bazarının tələblərinə uyğun yetişməsinə, İKT imkanlarını yalnız əyləncə vasitəsi deyil, eyni zamanda elmin və təhsilin inkişafına xidmət edən vasitə kimi qəbul etməsinə şərait yaratmaqdır. Ən nəhayət, bu istiqamətdə aparılan ardıcıl və məqsədyönlü prosesləri dövlətin qüdrətlənməsinə, iqtisadi, siyasi, sosial gücünün artmasına, təhsil strategiyasının uğurlu tətbiqinə yönəldə bilərik.
Surə SEYİD
Naxçıvan Dövlət Universitetinin tədris işləri üzrə prorektoru,
filologiya üzrə fəlsəfə doktoru, dosent