AMEA Naxçıvan Bölməsində Naxçıvan Muxtar Respublikası Ali Məclisində 2013-cü ilin yekunlarına dair keçirilmiş müşavirəyə və AMEA Naxçıvan Bölməsinin qarşısında duran vəzifələrə həsr olunmuş yığıncaq keçirilmişdir. Yığıncağı bölmənin sədri, akademik İsmayıl Hacıyev açaraq məruzə ilə çıxış etmişdir.
Bildirilmişdir ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar AMEA Naxçıvan Bölməsində 8 konfrans və 5 lektoriya keçirilmişdir.
Ötən il AMEA Naxçıvan Bölməsinin Elektron Kitabxanası istifadəyə verilmişdir. Kitabxanada 12 terabayt yaddaşı olan əsas və ehtiyat server quraşdırılmış, elektron oxu zalı üçün 6 oxucu yeri yaradılmışdır. Kitabxananın www.e-kitab.ameanb.nmr.az adlı saytı fəaliyyətə başlamışdır.
Bölmədə yerinə yetirilən elmi-tədqiqat işlərindən də danışan natiq qeyd etmişdir ki, ötən il bölmə tərkibindəki elmi-tədqiqat müəssisələrində Naxçıvanın tarixinin, mədəniyyətinin, biomüxtəlifliyinin, təbii sərvətlərinin əhatəli şəkildə öyrənilməsi məqsədilə 6 elmi istiqamətdə 6 problemi əhatə edən 7 mövzuya daxil olan 34 iş 88 elmi və köməkçi heyət tərəfindən yerinə yetirilmişdir. “Bölmədə fəaliyyət göstərən 5 nəfər akademik və müxbir üzvlərin il ərzində 6 monoqrafiyası, 5 kitabı və 82 məqaləsi çapdan çıxmışdır”, – deyən İsmayıl Hacıyev əlavə etmişdir ki, 2013-cü ildə bölmə əməkdaşlarının 23 monoqrafiyası, 6 kitabı, 2 metodik vəsaiti, 508 elmi məqaləsi olmaqla, 539 elmi əsəri işıq üzü görmüşdür. Bildirilmişdir ki, həmin elmi əsərlərdən 134-ü xaricdə çapdan çıxmışdır.
Hesabat ilində Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan tarixi” çoxcildliyinin hazırlanması və nəşr olunması barədə” Sərəncamına əsasən, AMEA Naxçıvan Bölməsinin əməkdaşları çoxcildliyin I cildinin nəşrinə müvəffəq olmuşlar. Hazırda çoxcildliyin II cildi üzərində işlər davam etdirilir.
Bundan başqa, ötən il bölmə əməkdaşları tərəfindən 3 patent alınmışdır. Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun qrant layihələri müsabiqəsində bölmə əməkdaşlarının 3 qrant layihəsi qalib olmuşdur.
Sonra məruzə ətrafında bölmənin elmi- tədqiqat institutlarının direktorlarının çıxışları olmuşdur.
Xəbərlər şöbəsi