24 Dekabr 2024, Çərşənbə axşamı

“Ağıllı” lövhələrdən məktəblərimizdə necə istifadə olunur?

Bu gün muxtar respublikamızda ümumtəhsil məktəblərinin elektron lövhə ilə təchizatına xüsusi diqqət yetirilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin xüsusi diqqət və qayğısı sayəsində məktəblərimizdə müasir informasiya-kommunikasiya texnologiyaları avadanlıqları quraşdırılıb, internet şəbəkəsinə çıxış təmin olunub. Son illərdə muxtar respublikanın ümumtəhsil məktəblərində 551 elektron lövhə quraşdırılıb. Bəs elektron lövhə nədir?

Oxucularımıza elektron lövhə və bu lövhədə dərslərin keçilməsinin əhəmiyyəti barədə daha ətraflı məlumat vermək üçün Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinə müraciət etdik. Nazirliyin sektor müdiri Rəşad Əlizadə bildirdi ki, dərsdə elektron lövhənin tətbiqi müəllimlə şagird arasında informasiya mübadiləsinin səmərəliliyinin yüksəldilməsinə geniş imkan yaradır. Qeyd etdi ki, elektron lövhə adi lövhə, hətta proyektor qoşulmuş kompüterlə müqayisədə bir sıra üstünlüklərə malikdir. Elektron lövhə müəllimə bir çox illüstrativ vasitələrdən geniş (şəkil, xəritə, video və sair) istifadə imkanı verir. Bu da şagirdlərin tədris materiallarını daha yaxşı mənimsəmələrinə kömək edir. Çoxlu sayda funksiyalara malik olan interaktiv elektron lövhə həm müəllimlərin, həm də şagirdlərin yaradıcılıq potensialının daha da artırılmasına şərait yaradır. Eyni zamanda keçilən dərslərdə interaktiv elektron lövhələrin tətbiq edilməsi müasir texnologiyaların tətbiqi ilə təhsilin keyfiyyətinin yaxşılaşdırılmasına kömək edir.

Elektron lövhə ilə aparılan dərslər uşaqlar üçün çox cəlbedici və yaddaqalan olur. Multimedia vasitələri, avtomatlaşdırılmış öyrədici sistemlər, kompüter tədris proqramları, animasiya qrafikası, rəngarəng illüstrasiyalar uşaqların idrak aktivliyinə müsbət təsir göstərir və nəticə etibarilə, şagirdlərin olimpiadalarda, müxtəlif intellektual yarışlarda  göstərdikləri nəticələrin keyfiyyəti xeyli artır.
Elektron lövhənin sensorlu, yəni hissiyyatlı səthinə xüsusi qələmlə və ya barmaqla yavaşca toxunmaqla onun üzərində  kompüterdə mümkün olan bütün əməliyyatları interaktiv rejimdə aparmaq olar. “Ağıllı” lövhə həmçinin kompüterə qoşulan mikroskop, skaner, rəqəmli fotoaparat, videokamera və sair qurğulardan alınan təsvirləri də proyektor vasitəsilə qəbul edə bilir ki, bu da məktəblərdə virtual laboratoriyaların təşkilində mühüm əhəmiyyətə malikdir. Elektron lövhənin tətbiqi ilə şagirdlər istənilən kimyəvi reaksiyanın, fiziki, bioloji, coğrafi proseslərin izahını və videogörüntülərini, müxtəlif cihazların, qurğuların, texniki vasitələrin işləmə prinsiplərini “möcüzəli” ekranda izləyə bilirlər. Bu isə şagirdlərin nəzəri-metodoloji biliklərini, praktik bacarıq və təcrübələrini inteqrasiya etməklə tədrisi xeyli canlandırır, uşaqların yaradıcı yanaşma, düşünmə, təşəbbüskarlıq, tədris materialını dərindən dərk­etmə qabiliyyətini daha da artırır.
“Ağıllı” lövhənin bir üstün cəhətini də xüsusi qeyd etmək lazımdır ki, onun üzərində aparılan bütün əməliyyatları, dərsin gedişini, hazırlanmış şablonları, modelləri kompüterin daimi yaddaşında saxlamaq və dəfələrlə istifadə etmək olar. Belə imkanlar müəllimin dərsə hazırlaşmaq üçün sərf etdiyi vaxta qənaət etməyə, materiallar əsasında tədris resursları bazası yaratmağa və müxtəlif səbəbdən dərs buraxan şagirdlər və ya təlimdən geri qalan uşaqlar üçün mövzunun qısa müddətdə yenidən izah edilməsinə şərait yaradır. Belə ki, şagird iştirak edə bilmədiyi dərsin elektron variantı ilə sonradan tanış ola və ya təlimdən geri qalanlar həmin materialı tam qavrayana qədər təkrar-təkrar kompüterdə izləyə bilirlər. Yaxın keçmişi nəzərdən keçirsək, görərik ki, əvvəlki dövrlərdə müəllim keçdiyi mövzunu bütün şagirdlərdən eyni dərəcədə ala bilmirdi. Çünki müəllim dərsin çox hissəsini  izah edərək keçirirdi. Bu gün informasiya-kommunikasiya texnologiyalarının sürətli inkişafı bütün fənlərin tədrisinə ənənəvi yanaşmanı dəyişib. Müasir dövrdə interaktiv lövhələrdən riyaziyyat, təbiət fənləri və xarici dillərin tədrisində daha geniş istifadə etmək mümkündür. Həmçinin şahmatın tədrisində də elektron lövhələrdən geniş istifadə edilməsi səmərəlidir. Elektron lövhələrin tərkibinə daxil olan tədrislə bağlı xüsusi pro­qram təminatları şahmat dərslərinin daha faydalı və maraqlı keçilməsinə imkan verir.
Bəs muxtar respublikamızda elektron lövhələrdən necə istifadə olunur? Bunun üçün qısa araşdırma apardıq.
Aydın oldu ki, məktəblərimizin heç də hamısında elektron lövhələrdən səmərəli istifadə olunmur. Bəzi müəllimlər elektron lövhə ilə iş prosesini öyrənməyə maraqlı deyillər. Elə götürək müəllimi olduğum Naxçıvan şəhər 12 nömrəli tam orta məktəbi. Hər gün bu məktəbdə olduğum üçün buradakı vəziyyəti açıq-aydın görə bilirəm. Məktəbin elektron sinifli otaqları yoxlamadan yoxlamaya açılır. Məsələn, ötən ilin dekabr ayında məktəbdə Naxçıvan Şəhər Təhsil Şöbəsinin birhəftəlik yoxlaması zamanı bir neçə dərs  elektron lövhədə keçildi. Ancaq yoxlama başa çatdıqdan sonra elektron lövhəyə üz tutan olmadı. Bir də televiziya üçün keçilən açıq dərsləri qeyd etməliyəm. Bunların hamısı formal xarakter daşıyır. Sözügedən məktəbdə bir-iki müəllimdən başqa, digər müəllimlər dərslərini elektron lövhə ilə keçmirlər. Yazını hazırlayarkən bir gün  məktəbdə  müşahidə apardım. Elektron lövhəli sinfin qapısını açan olmadı. Elə siniflər var ki, 2013-2014-cü tədris ilinin bu gününə qədər heç elektron lövhəli sinifdə olmayıblar.
Əliabad qəsəbə tam orta məktəbindəki vəziyyət 12 nömrəli məktəbdən heç də geri qalmır.  Elektron lövhəli siniflərin qapısı bağlı idi. Ola bilər ki, həmin gün dərslərin elekton lövhədə keçilməsinə ehtiyac olmasın. Bunun üçün siniflərin birində olmaq istədik. Dedik, görək, həmin sinif hansı dərsləri elektron lövhədə keçib? Təəssüf ki, nə müəllimi, nə də şagirdləri sinifdə tapa bildik. Maraqlıdır ki, nə məktəbin direktoru, nə də  dərs hissə müdiri dərs vaxtı şagirdlərin harada olduqlarını bildilər.
Kəngərli rayonunun Qabıllı kəndində də vəziyyət qənaətbəxş deyildi. Elektron lövhəli sinif boş idi. Dərslərdən birində iştirak etdik. Olduğumuz sinif, ümumiyyətlə, elektron lövhəli sinifdə olmayıb. Həmin sinfə cəbr fənnini tədris edən Paşa Heydərov deyir ki, elektron lövhə ilə divarın tarazlığı pozulduğu üçün dərsləri elektron lövhədə keçə bilmirik. Maraqlıdır ki, məktəb rəhbərliyi bu işə niyə biganə qalıb?
Araşdırmalarımızı Babək rayonunun Çeşməbasar kənd tam orta məktəbində davam etdirdik. Burada da elektron lövhəli sinfin qapısı bağlı idi. Siniflərin birində olduq. Ədəbiyyat dərsi idi. Öyrəndik ki, şagirdlər ədəbiyyat fənninin heç bir dərsini elektron lövhədə keçməyiblər. Azərbaycan dili və ədəbiyyat fənlərini tədris edən Könül Babayeva bunun səbəbini vəsaitin olmaması ilə izah edir.
Burada bir haşiyəyə çıxmaq istəyirəm. Azərbaycan Respublikası Təhsil Nazirliyinin sifarişi əsasında hazırlanan Azərbaycan tarixi, biologiya, insan anatomiyası, kimya, fizika fənləri üzrə tədris CD-ləri, coğrafiya və riyaziyyat fənləri üzrə elektron ensiklo­pediya CD-ləri muxtar respublikanın bütün ümumtəhsil məktəblərinə şagird kontingenti nəzərə alınaraq verilib. Daha peşəkar və təcrübəli müəllimlər məktəbdə olmayan bəzi fənlər üzrə mövzuya aid interaktiv testləri və tədris proqramlarını internet üzərindən götürərək istifadə edirlər. Hətta bir çox müəllimlər bu işə şagirdləri də cəlb edirlər. Hər şeyi dövlətdən gözləmək düzgün deyil. Yuxarıda qeyd etdiyimiz Çeşməbasar kənd tam orta məktəbinin Azərbaycan dili və ədəbiyyat müəllimi elektron lövhədə dərs keçməyə maraqlı olsa idi, bunun üçün internet vasitəsilə vəsaitlər əldə edə bilərdi. Özü də çox asan. Məsələn, VIII siniflərin ədəbiyyat proqramına “Kitabi-Dədə Qorqud” dastanı salınıb. Şagirdlər elektron lövhə vasitəsilə “Dədə Qorqud” filminə baxa bilərlər. Şagirdlər filmə baxmaqla dastanda olan surətlərin adlarını, orada baş verən hadisələri daha yaxşı yadda saxlaya bilərlər. Yaxud da tədris olunan ədiblərin həyat və yaradıcılığı ilə bağlı internetdə onlarla sənədli filmə rast gəlmək mümkündür. Rastlaşdığımız faktlar göstərir ki, müəllimlərimiz müasirliklə ayaqlaşmaqda ləngiyirlər.
Onu da xüsusilə vurğulayım ki,  muxtar respublikada elektron lövhədən səmərəli istifadə edən  məktəblərimiz də az deyil. Onlara misal olaraq, Naxçıvan şəhər 2, 3, 5, 7, 14 nömrəli və Kəngərli rayon Qıvraq qəsəbə tam orta məktəblərini göstərmək olar.
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyindən bildirdilər ki, müəllimlərin elektron lövhələrdən istifadə qaydalarını öyrənmələri məqsədilə təlim kursları təşkil edilir. Həmçinin  elektron lövhələrdən və elektron dərs vəsaitlərindən istifadənin tətbiqi ilə bağlı ümumtəhsil məktəblərində seçmə yolla monitorinqlər aparılır. Nazirlik tərəfindən ümumtəhsil məktəblərində informasiya-kommunikasiya texnologiyalarının imkanlarından faydalı istifadənin təmin olunmasına və dərs zamanı müasir əyani vasitələrin tətbiqi vəziyyətinə dair monitorinqlər aparılarkən bir çox məktəblərimizdə kabinə rəhbərlərinin və ya fənn müəllimlərinin praktik biliklərinin zəif olması hallarına rast gəlinmişdir.
Qeyd edək ki, yanvarın 30-da Naxçıvan Muxtar Respublikası Ali Məclisində 2013-cü ilin yekunları və qarşıda duran vəzifələrə dair keçirilən müşavirədə də bu məsələyə toxunulmuşdur. Vurğulanmışdır ki, dərslərin tədrisində əyani vəsaitlərdən istifadə səviyyəsi aşağıdır, müəllimlərin informasiya-kommunikasiya texnologiyalarından istifadələri qənaətbəxş deyildir.

Yuxarıda da qeyd etdiyimiz kimi, son illər muxtar respublikada məktəblərin informasiya-kommunikasiya texnologiyaları ilə təminatı diqqətdə saxlanılan məsələlərdəndir. Yeni tikilən məktəb binalarındakı elektron lövhəli siniflər qapısı bağlı olsun deyə, yaradılmır. Məqsəd ondan ibarətdir ki, şagirdlər hərtərəfli biliklərə yiyələnsin, milli dəyərlərə və dünyagörüşə malik vətənpərvər gənclik yetişdirilsin. Buna görə də pedaqoji kollektivlərin qarşısında mühüm vəzifələr durur. Bu vəzifələri layiqincə yerinə yetirmək üçün hər bir müəllim öz işini günün tələbləri səviyyəsində qurmağı bacarmalıdır.

Sara ƏZİMOVA

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR