24 Dekabr 2024, Çərşənbə axşamı

İyirminci əsrin əvvəlləri Azərbaycan romantik ədəbiyyatında özünəməxsus yer tutan şairlərdən biri də Səid Səlmasidir. Qısa ömür sürməsinə baxmayaraq, o, romantik poeziyamızın ideya-bədii yüksəlişində əhəmiyyətli rol oynamış, publisistik əsərləri ilə də diqqəti cəlb etmişdir. İndiyədək bu istedadlı sənətkar haqqında bəzi məqalələr yazılmış, müxtəlif dərslik və tədqiqatlarda onun barəsində qısa şəkildə söz açılmışdır. Lakin şair-publisistin həyat və yaradıcılığı bu vaxtadək lazımınca araşdırılmamış, əsərləri tam halda toplanılıb nəşr edilməmiş, yalnız bir neçə şeri müasir oxuculara çatdırılmışdır. Bu baxımdan filologiya elmləri doktoru, Əməkdar elm xadimi Hüseyn Həşimlinin “Elm və təhsil” nəşriyyatında yenicə çapdan çıxmış “Səid Səlmasi” adlı monoqrafiyası həmin sahədəki boşluğu aradan qaldıran dəyərli tədqiqat əsəridir.

Giriş, üç fəsil, nəticə və ədəbiyyat siyahısından, eləcə də “Əlavələr” bölməsindən ibarət olan bu kitabın ilk fəslində Səid Səlmasinin ömür yolu, mühiti, müasirləri ilə əlaqələri sistemli şəkildə araşdırılmış, şairin tərcümeyi-halı ilə bağlı ədəbiyyatşünaslığımızda müşahidə edilən bir sıra mübahisəli məsələlər dəqiqləşdirilmiş, həmçinin çoxsaylı faktlar, məlumatlar ilk dəfə aşkara çıxarılaraq elmi dövriyyəyə gətirilmişdir.

Güney Azərbaycanın Salmas şəhərində dünyaya göz açan, xeyli müddət Bakıda işləyən, bir sıra Şərq və Avropa ölkələrində səyahətdə olan şairin maarif, mətbuat, nəşriyyat sahəsində gördüyü böyük işlər, Səttar xan hərəkatında iştirakı və sair məsələlər də hərtərəfli şəkildə araşdırılmışdır.
İkinci fəsildə romantik şairin lirikası tədqiqata cəlb edilmiş, onun ötən əsrin əvvəllərində müxtəlif mətbuat orqanlarında dərc olunmuş lirik şeirləri elmi-ədəbi təhlil yolu ilə dəyərləndirilmişdir. Xüsusən onun Bakıda yaşayıb fəaliyyət göstərdiyi illərdə qələmə aldığı yeni məzmun və janr xüsusiyyətlərinə malik şeirlərinin təhlili maraq doğurur. Azərbaycan ədəbiyyatında Avropa mənşəli sonet janrının ilk nümunələrini  S.Səlmasinin yaratması da tədqiqatda öz elmi qiymətini almışdır.
Kitabın üçüncü fəslində isə Səid Səlmasinin dərin vətənpərvərlik qayəsi ilə səciyyələnən publisistik əsərləri incələnmişdir.
Kitabın “Əlavələr” bölməsində Səid Səlmasinin iyirminci əsrin əvvəllərində müxtəlif qəzet və jurnallarda işıq üzü görmüş  məqalə və şeirlərindən seçmələr, sonra isə müasirlərinin şairə həsr etdiyi məqalələr və şeirlərdən nümunələr verilmişdir ki, bütün bu materialların çoxu o dövrdən sonra ilk dəfə ədəbi ictimaiyyətə təqdim olunur.
Hüseyn Həşimli sayca iyirminci kitabı olan bu monoqrafiyada Naxçıvan ədəbi mühiti ilə bağlı materiallar da diqqəti cəlb edir. Xüsusən Səid Səlmasinin şair-publisist Əliqulu Qəmküsarla yaxın dostluğu, məslək və əqidə birliyi, yaradıcılıq əlaqələri, məktublaşmaları, Səidin 1909-cu ildə faciəli ölümündən sonra Ə.Qəmküsarın mətbuatda onun xatirəsinə həsr olunmuş şeir və məqalələr dərc etdirməsi, həmçinin tanınmış ədib Məmməd Səid Ordubadinin S.Səlmasi haqqında şeir yazması, Culfada yaşayan ziyalıların o zaman şairin xatirəsinə ehtiramı və sair barədə üzə çıxarılan bir çox yeni materiallar, aparılan təhlillər ötən əsrin əvvəllərindəki ədəbi-ictimai mühitin bir sıra səhifələrinə aydınlıq gətirir.

Elnur KƏLBİZADƏ

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR