Qloballaşan dünyamız informasiya əsrinə keçdikdən sonra yeni texnologiyalar distant təhsilin imkanlarını genişləndirdi. XXI əsrdə distant təhsil dedikdə təhsil alana öyrədilən məlumatın informasiya və kommunikasiya texnologiyaları vasitəsilə operativ çatdırılması, eyni zamanda öyrənilən materiallara testlər, məntiqi sxemlər, test-məşğələlər vasitəsilə nəzarətin artırılması və onlayn imtahanların götürülməsi başa düşülür. Distant təhsilin tətbiqinin uğurlu nəticələri təhsilalmanın bu formasına dövlət dəstəyinin necə yerinə yetirilməsindən asılıdır.
Azərbaycan Respublikasında təhsil islahatları ümummilli lider Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi illərdə aparılmışdır. 1999-cu ildə Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Azərbaycan Respublikasının təhsil sahəsində İslahat Proqramı” təsdiq olunduqdan sonra bütün təhsil sistemində, o cümlədən ali təhsil pilləsində islahatların məqsədyönlü və planauyğun aparılmasına başlanılmışdır.
Aparılan islahatların nəticəsi olaraq, 10 il sonra ölkə Prezidenti cənab İlham Əliyevin “2009-2013-cü illərdə Azərbaycan Respublikasının ali təhsil sistemində islahatlar üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi barədə” Sərəncamı tədrisin təşkilində Boloniya prinsiplərini əks etdirməklə bərabər, distant təhsili də əhatə etmişdir. Proqramın həyata keçirilməsi üzrə Tədbirlər Planının 2.9-cu maddəsində məsafədən təhsilin təşkili nəzərdə tutulmuşdur.
Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 oktyabr tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” təsdiq edilmişdir. Sərəncamda dördüncü strateji istiqamət təhsil müəssisələrində informasiya-kommunikasiya texnologiyaları əsasında təlim metodologiyasına uyğun infrastrukturun yaradılması, təhsil müəssisələri şəbəkəsinin rasionallaşdırılması və digər tədbirlərlə yanaşı, distant təhsil kimi tədbirlərdir. Beləliklə, distant təhsilin inkişafına dövlət dəstəyi strategiyada da öz əksini tapmışdır.
Azərbaycan Respublikasının Təhsil Qanununda da təhsilalma formalarından biri distant təhsil kimi göstərilmişdir. Təhsil Qanununda “distant (məsafədən) təhsil – tədris prоsesinin elektrоn, telekоmmunikasiya, prоqram-teхniki vasitələr əsasında təşkil оlunduğu təhsilalma fоrması” kimi dəyərləndirilmişdir.
Distant təhsilin tətbiqi imkanları
Distant təhsil vəsaitləri bütün növ informasiya texnologiyaları – kompüter, kompüter şəbəkələri, multimedia, audio və video sistemləridir. Bu təhsil formasının əsasını proqram təminatı təşkil edir. Proqram təminatı universitetin strukturunu, özündə informasiyaları birləşdirən verilənlər bazasını əhatə edir. Distant təhsilin əsas komponentlərini təhsil verənlə alan arasında qarşılıqlı əlaqənin olması, təhsilin məzmununun kompüter vizuallığı, böyükhəcmli informasiyaların arxivləşdirilməsi, məlumat-axtarış sisteminin mövcudluğu və tədris materiallarının mənimsənilməsinə nəzarət təşkil edir.
Dünya təcrübəsində distant təhsili həyata keçirmək üçün əlverişli proqram təminatlarından biri də MOODLE (Modular-Object-Oriented-Dynamic-Learning-Environment) sistemidir. Onun üstün cəhətlərindən biri pulsuz olmasıdır. Moodle proqramı 82 dilə tərcümə olunaraq dünyanın 212 ölkəsində tətbiq olunur. Sistem 50000 tələbəni və yüzlərlə kursu əhatə etmək imkanına malikdir. Windows, Linux, Mac OS X kimi proqram təminatları bu sistemi dəstəkləyir. Sistemdə yaranmış hər hansı bir problemin həlli asanlıqla mümkündür. Moodle vasitəsilə məsafədən təhsil, vebinarlar və onlayn konfranslar da həyata keçirmək olar.
Dünya təcrübəsi göstərir ki, distant təhsil bir neçə istiqamətdə həyata keçirilə bilər: ayrı-ayrı ixtisaslar və peşələr üzrə distant təhsil kursları, distant orta təhsil, distant ali təhsil və distant əlavə təhsil, distant açıq dərslər və distant konfranslar.
Ayrı-ayrı ixtisaslar və peşələr üzrə distant təhsil kursları müxtəlif şirkətlərdə, dövlət qurumlarında və müəssisələrdə çalışan əməkdaşların çalışdıqları sahələr üzrə iş yerlərini tərk etmədən, daha ucuz və sərfəli yolla peşə qabiliyyətlərinin təkmilləşdirilməsinə xidmət edir. Bu kurslar vasitəsilə əldə olunan sertifikatlar yerli və beynəlxalq xarakterli ola bilər. Distant yolla həyata keçirilən təlimlər Azərbaycanda daha geniş yayılmış tədris metodu kimi tanınır.
Distant açıq dərslərin keçilməsi ənənəsi isə Azərbaycan təhsil məkanına çoxdan tanışdır. Distant açıq dərslər fakültələrarası, universitetlərarası və ya beynəlxalq xarakter ala bilər. Tələbələr bu yolla yerli və xarici mütəxəssislərdən konkret bir mövzu ilə bağlı geniş məlumat əldə edə və bu dərsi onlayn yolla interaktiv şəklə sala bilərlər.
Distant və ya onlayn konfranslar da Azərbaycanda geniş yayılmış təlim metodudur. Müxtəlif kameralar və ya skayp proqramı vasitəsilə bir neçə təhsil müəssisəsinin bir arada konfrans keçirməsi ənənəsi artıq uzun illərdir, mövcuddur.
Bəs ali təhsildə distant təhsil dedikdə nə başa düşürük? Əlbəttə ki, burada tədris prosesinin distant idarə olunması əsas yerlərdən birini tutur. Tədris prosesi modullardan ibarətdir. Hər modul bir neçə mühazirəni əhatə edir. Mühazirələr rəqəmsal formatda slaydlar şəklində təqdim olunur. Slaydlar təhsil alanın aktivliyinin artmasına və diqqətinin tədris olunan materiala yönəlməsinə böyük təsir göstərir. Burada lazımi və əhəmiyyətli məlumatlar birləşmiş, sistemləşdirilmiş şəkildə sadə və anlaşılan dildə təqdim olunur. Hər mühazirə dinləməsindən sonra tədris olunan materiallar test yolu ilə yoxlanılır, mənimsənilmə səviyyəsi öyrənilir. Bütün modullar üzrə testlərin uğurlu nəticəsindən sonra fənn üzrə imtahan və ya məqbul suallar təqdim olunur.
Distant təhsilin tələbələr üçün üstünlükləri nədən ibarətdir?
Əlçatan olması – təhsil müəssisəsinin harada yerləşməsindən asılı olmayaraq, internet və kompüter olan hər yerdən təhsil ala bilmək imkanı
Sosiallıq – sosial gərginliyi aradan götürməklə harada yaşamasından, maddi təminatından, yaşından, səhhətindən asılı olmayaraq, insanlara bərabər təhsil almaq üçün şəraitin yaradılması
Keyfiyyət – dünyanın tanınmış və yüksək kvalifikasiyalı universitetlərində təhsil almaq şansı verməklə yanaşı, təhsilin monitorinqinin aparılması, professor-müəllim heyəti ilə birbaşa və rahat əlaqə, tədris krediti götürən tələbələrlə internet üzərindən sıx əlaqə və qrup, komanda şəklində verilən tapşırıqların yerinə yetirilməsi
İndividuallıq – tələbəyə individual tədris proqramının, tədris planının, tədris qrafikinin hazırlanmasına şərait yaratmaq, fənlərin mənimsəmə ardıcıllığının gənc analar və fiziki cəhətdən qüsurlu insanlar üçün əlçatan olması
Obyektivlik – qiymətləndirmənin fənn müəlliminin kimliyindən asılı olmayaraq, obyektiv və şəffaf aparılması
İnnovasiyalaşdırma – ən müasir informasiya texnologiyalarından istifadə etməklə ən son yenilikləri tətbiqetmə imkanı
Səmərəlilik – ev kirayəsi, nəqliyyat xərclərinə, tədris materiallarına çəkilən xərclərə və vaxta qənaət olunması, tədris tapşırıqlarının qısa müddət ərzində elektrondaşıyıcılar vasitəsilə çatdırılması; dərsdə iştirak etmədiyi təqdirdə saytda yerləşdirilən mühazirə videorolikini istənilən qədər təkrar izləmək imkanının verilməsi
Davamlılıq – istənilən ixtisas üzrə təhsil pilləsini başa vurub, digər təhsil pilləsini əldə etməyə şəraitin yaradılması
Mobillik – informasiyanın müəllim tərəfindən hər gün yenilənməsi hesabına tələbənin aktual materialı əldə etməklə peşəkar yetişməsi və müasir əmək bazarını öyrənə bilməsi.
Beləliklə, distant təhsil qeyri-ənənəvi mənbələrə istinad etməklə effektivliyə, sərbəst fəaliyyətə, fərdi və yeni yaradıcılıq imkanına, müxtəlif peşəkar vərdişlərin əldə olunub möhkəmləndirilməsinə, hadisə və proseslərin konseptual və riyazi modelləşdirməsi hesabına təhsildə yeni forma və metodların reallaşdırılmasına şərait yaradır.
Hörmətli oxucular, növbəti yazımızda Naxçıvanda ali təhsilin inkişafında İKT və distant təhsilin tətbiqi imkanlarından bəhs edəcəyik.
Surə SEYİD
Naxçıvan Dövlət Universitetinin tədris işləri üzrə
prorektoru, filologiya üzrə fəlsəfə doktoru, dosent