AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyevin Cənubi Koreya Respublikasının Kim Çonq Universitetinin elmi dərgisində çapdan çıxan yeni məqaləsi “Ermənilərin Naxçıvana qarşı ərazi iddiaları və tarixi faktlar” adlanır. Məqalədə erməni işğalçılarının əsassız ərazi iddiaları, azərbaycanlılara qarşı törətdikləri qırğınlar və soyqırımlar haqqında məlumat verilir və iddiaların heç bir tarixi əsası olmadığı ciddi elmi faktlarla sübuta yetirilir.
Bu mövzuda müəllifin daha bir məqaləsi “İrs” beynəlxalq jurnalının 2013-cü ildə italyan dilində çapdan çıxan birinci buraxılışında nəşr edilib. Məqalə italyandilli oxuculara tarixi həqiqətlərin çatdırılmasına xidmət edir.
Akademik İsmayıl Hacıyevin Almaniyanın “Referans” adlı mədəniyyət, sənət və ədəbiyyat dərgisində və Qazaxıstanda çap olunan Türk Akademiyasının “Türk dünyası” almanaxında da Naxçıvanın orta əsrlər tarixinə dair geniş məqalələri işıq üzü görüb. “Əcaib əd-Dünya” (“Dünyanın qəribəlikləri”) əsəri Azərbaycana bağlı Naxçıvanın tarixinin öyrənilməsində mühüm mənbə kimi” adlanan məqalədə adıçəkilən əsərin Naxçıvanla bağlı verdiyi məlumatların elmi təhlili aparılır, orta əsr Naxçıvanının mövqeyi, şəhərləri, yaşayış məskənləri, təsərrüfatı ilə bağlı bir sıra məsələlərə aydınlıq gətirilir.
Qeyd edək ki, ümumilikdə, müəllifin ötən il 2 monoqrafiyası, 20 elmi məqaləsi nəşr edilib. O, “Naxçıvan tarixi” çoxcildliyinin I cildinin əsas müəlliflərindən biridir.
Elnur KƏLBİZADƏ