24 Dekabr 2024, Çərşənbə axşamı

Qədim dövrlərdən bu günədək Azərbaycanın ədəbi-bədii və ictimai-fəlsəfi fikir tarixində, həmçinin ədəbi mühitinin formalaşması və inkişafında müstəsna xidmətləri olan alim, filosof və söz sənətkarlarının həyatı, yaradıcılığı və fəaliyyətinin araşdırılması ədəbiyyatşünaslıq elmimizin qarşısında duran aktual problemlərdəndir. Həmin problemlərin içərisində Naxçıvan ədəbi mühitinin və bu mühitin yetişdirdiyi şəxsiyyətlərin taleyi, sənəti və çoxşaxəli fəaliyyətinin öyrənilməsi də xüsusi yer tutur. Bu vəzifəni yerinə yetirən Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Ədəbiyyatşünaslıq şöbəsi 10 ildən artıqdır ki, fəaliyyət göstərir.

Məlumdur ki, sovet dövründə tədqiqatçılar, xüsusilə humanitar elmlər üzrə fəaliyyət göstərən araşdırıcılar o zamanın şəriksiz hakim qüvvəsi olan kommunist partiyasının ideoloji tələblərindən yan keçə bilməmişlər. Nəticədə, çox­əsrlik ədəbiyyat tariximiz və onun yaradıcıları haqqında tam və obyektiv elmi araşdırmaların aparılması mümkün olmamışdır. Lakin Azərbaycan müstəqillik əldə etdikdən sonra meydana çıxan yeni ictimai-siyasi şərait tədqiqatçıların həmin təzyiq və ideoloji basqılardan yaxa qurtarmasına əlverişli imkan yaratmışdır.

Buna görə də şöbə əməkdaşları öz araşdırmalarını Azərbaycançılıq ideologiyası mövqeyindən aparırlar. Beləliklə, 2003-cü ildən 2013-cü ilin əvvəllərinədək şöbənin ilk müdiri akademik İsa Həbibbəylinin rəhbərliyi ilə bir çox elmi nailiyyətlər əldə edilmişdir. Bu müddət ərzində Naxçıvanın ədəbi-mədəni mühitini və yerli sənətkarlara məxsus olan klassik və müasir ədəbi irsi araşdırıb öyrənmək, təbliğ etmək, unudulmuş və tədqiqatdan kənarda qalmış bədii, publisistik və elmi əsərləri aşkara çıxarıb çap etdirmək şöbə əməkdaşlarının əsas tədqiqat hədəfi olmuşdur. Onlar müxtəlif dövlət arxivləri, dövri mətbuat, kitabxana və şəxsi arxivlərdən xeyli qiymətli məlumat və sənədlər toplayıb tədqiqata cəlb etmiş, elmi-nəzəri və bədii materiallar üzərində araşdırmalar aparmışlar. Həmin araşdırmaların nəticələri müxtəlif illərdə çap olunmuş məqalə, kitab və monoqrafiyalarda öz əksini tapmışdır. Bu baxımdan şöbə tərəfindən müəyyənləşdirilmiş “Taleyi və sənəti” seriyasından olan C.Məmmədquluzadə, E.Sultanov, M.Şahtaxtlı, M.S.Ordubadi, H.Cavid, Ə.Qəmküsar, M.C.Cəfərova həsr edilmiş kitabların böyük elmi əhəmiyyəti vardır. Bu seriyadan olan M.Araza aid kitab isə çap olunmaq üçün nəşriyyata təqdim edilmişdir. Həmin kitablarda, əsasən, Azərbaycanda ictimai-siyasi və elmi fikrin, maarifçilik hərəkatının, realizm və romantizm ədəbi cərəyanlarının yuxarıda adları çəkilən nümayəndələrinin həyatı, mühiti, çoxcəhətli fəaliyyəti, taleyi və sənətinə aid dəyərli elmi məqalələr toplanmışdır. Bu məqalələri müəlliflərin elmi axtarışlarının uğurlu nəticəsi hesab etmək olar.
Şöbə əməkdaşlarından Nigar Sadıqzadənin “XX əsrdə Naxçıvanda ədəbiyyatşünaslığın inkişafı” (2009), Fərqanə Kazım­ovanın “Professor Abbas Zaman­ovun həyatı və yaradıcılığı” (2012), Ramiz Qasımovun “Cəlil Məmmədquluzadənin yaradıcılığında “kiçik adam” obrazlarının ictimai-bədii funksiyası” (2012) adlı monoqrafiyaları onların uğurla müdafiə etdikləri fəlsəfə doktorluğu dissertasiyalarının nəticələrini əks etdirir. Müxtəlif illərdə yazılan və çap olunan bu tədqiqat işləri ədəbiyyatşünaslığımıza gətirdikləri yeniliklərlə diqqəti cəlb edir. Elmi işçi Aygün Orucovanın “Cəlil Məmmədquluzadənin şeir yaradıcılığı”, kiçik elmi işçilərdən Əli Həşimovun “Tarixi nəsrdə Naxçıvan mövzusu: mərhələlər, problemlər, şəxsiyyətlər”, Nərgiz İsmayıl­ovanın “XIX-XX əsrlər Naxçıvan ədəbi mühitində Şərq və Qərb meyilləri”, filologiya üzrə fəlsəfə doktorları Fərqanə Kazım­ovanın “Məmməd Cəfər Cəfərovun mühiti, müasirləri və elmi-ədəbi irsi”, Nigar Sadıqzadənin “Xalq şairi Məmməd Araz yaradıcılığının poetikası” mövzularında fəlsəfə və elmlər doktorluğu dissertasiyalarının üzərində işləmələri də şöbənin elmi yaradıcılıq istiqamətlərinin necə geniş bir dairəni əhatə etdiyini göstərir. Buraya akademik İ.Həbibbəyli, F.Kazımova, R.Qasımov və N.Sadıqzadənin müəllifliyi, tərtibçiliyi və elmi redaktorluğu ilə çap olunan “M.T.Sidqi. Əsərləri” (2004), “Cəlil Məmmədquluzadə. Biblioqrafiya” (2005), “Mustafa Kamal Atatürk və Naxçıvan” (akademiklər İ.Həbibbəyli və İ.Hacıyevin müəllifliyi ilə, 2006), “Ə.Qəmküsarın ədəbi-tənqidi görüşləri” (2007), “Ə.Şərif. “Molla Nəsrəddin” necə yarandı” (2009), “M.C.Cəfərov. İnsanlar və talelər” (2009), “Azərbaycan ədəbiyyatının “Cüvəllağı”sı” (2012) kitab və monoqrafiyaları da əlavə etsək, şöbənin apardığı tədqiqat işlərinin səmərəli elmi nəticələri haqqında daha dolğun təsəvvürə malik olarıq.
Şöbə əməkdaşlarının beşillik plan işinə daxil olan araşdırmalarını gələcəkdə müxtəlif istiqamətlərdə aparılacaq geniş tədqiqatlar üçün ilkin elmi zəmin hesab etmək olar. Həmin araşdırmalarda XX əsrin əvvəllərində Naxçıvanda ictimai-mədəni mühit tarixi və ədəbi faktlar əsasında öyrənilmiş, bu regionda ədəbi cərəyanların formalaşmasının tarixi kökləri, ictimai-siyasi qaynaqları və mahiyyəti aydınlaşdırılmışdır. Bundan başqa, Azərbaycan satirik mətbuatının bayraqdarı “Molla Nəsrəddin” jurnalının ətrafında birləşən sənətkarların – mollanəsrəddinçi şairlərin klassik ənənələrə sadiq qalmaqla yanaşı, yeni inqilabi satirik poeziyanın təməlini qoymaları və bu istiqamətdə yaratdıqları əsərlərin həm mövzu, həm ideya-məzmun, həm də bədii xüsusiyyətlərinə aid orijinal mülahizələr irəli sürülmüş, C.Məmmədquluzadənin nəinki təkcə mollanəsrəddinçilər, həm də XX əsrin əvvəllərində yaşayıb-yaratmış bir çox şairlərə yol göstərən yeni şeir üçün zəruri hesab etdiyi ideya-estetik tələbləri konkret ədəbi-bədii materiallarla əsaslandırılmışdır. Ə.Qəmküsarın ədəbi-tənqidi görüşləri tədqiq olunmuş, M.Şahtaxtlının yaradıcılığı və ədəbi-ictimai fəaliyyəti yeni tədqiqat materialları əsasında öyrənilmiş, H.Cavidin XX əsrin əvvəllərində Azərbaycandakı ədəbi prosesdə yeri və rolu haqqında müəyyən elmi təsəvvür yaradılmış, Şeyx Məhəmməd Rasizadənin mühiti və müasirləri mövzusunda ilk araşdırmalar aparılmışdır. Xalq yazıçısı H.İbrahimov­un “Əsrin onda biri” əsərinin Azərbaycan tarixi romanının inkişafındakı rolu, əsərdə Naxçıvanın tarixi və ədəbi mühiti ilə bağlı məqamlar araşdırılaraq üzə çıxarılmış – bir sözlə, ədəbi-ictimai fəaliyyəti və yaradıcılığı XIX-XX əsrlərə təsadüf edən naxçıvanlı şair, yazıçı, ədəbiyyatşünas və filosofların Azərbaycanın ədəbi və elmi fikir tarixindəki yeri və rolu öz həqiqi elmi qiymətini almışdır.
Şöbə əməkdaşları araşdırmalarının nəticələrini respublikanın “Naxçıvan”, “Qobustan”, “Azərbaycan”, “Axtarışlar”, “Filologiya məsələləri”, AMEA Naxçıvan    Bölməsinin “Xəbərlər”, BDU və NDU-nun, həmçinin Türkiyə, Rusiya, Bolqarıstan, Fransa, Pakistan universitetlərinin “Elmi əsərlər”, habelə xarici ölkələrin “Türkiyyat araştırmaları” (Türkiyə),”Kültür evreni” (Türkiyə), “Yol” (Türkiyə), “Kardeş kalemler” (Türkiyə), “Varlıq” (İran), “Mejdunarodnıy nauçnıy jurnal” (Rusiya), “Aktualnıye problemı qumanitarnıx yestestvennıx nauk” (Rusiya), “Molodoy uçyonıy” (Rusiya) kimi elmi və ictimai-ədəbi jurnallarında çap etdirmişlər. Bu da həmin tədqiqat işləri ilə nəinki təkcə Azərbaycan, həm də xarici ölkə alimlərinin yaxından tanış olmasına imkan yaratmışdır.  
Şöbənin ən uğurlu elmi nailiyyətlərindən biri də akademik İ.Həbibbəylinin rəhbərliyi ilə çapa hazırlanan “Hüseyn Cavid Ensi­klopediyası”dır. Nəşri 2014-cü ilə planlaşdırılan bu fundamental əsər müasir Azərbaycan ədəbiyyatşünaslığının ən sanballı elmi nailiyyətlərindən biri olacaqdır.

Naxçıvan ədəbi mühitinin hərtərəfli və daha dərindən öyrənilməsi bundan sonra da qarşımızda duran ən mühüm vəzifələrdən olacaqdır. Əminliklə deyə bilərik ki, şöbənin əməkdaşları bu vəzifələrin öhdəsindən layiqincə gələ biləcəklər.

Fərman XƏLİLOV
AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat
İnstitutunun Ədəbiyyat şöbəsinin müdiri, filologiya elmləri doktoru

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR