“Naxçıvan” Universitetində keçirilən tədbiri giriş sözü ilə açan universitetin rektoru, dosent Nurlana Əliyeva bildirib ki, ali təhsil müəssisəsi Avropa Komissiyasının Erasmus + proqramı çərçivəsində ali təhsildə potensialın gücləndirilməsi profili üzrə qrant müsabiqənin qalibi, “Azərbaycanda rektorlar konfransı”nın layihəsi olan ECAR layihəsinin Naxçıvanda yeganə tərəfdaşıdır.
Rektor dünyada gedən əsaslı dəyişikliklər və rəqəmsallaşma şəraitində təhsilimizin qarşısında dayanan yeni çağırış və tələblərdən irəli gələn məsələlərin həlli üçün beynəlxalq səviyyədə universitetlərarası əməkdaşlığın vacibliyini vurğulayıb. Bununla yanaşı, Azərbaycanda ali təhsilin Avropa ali təhsil məkanına inteqrasiyasının sürətləndirilməsi, ali təhsil müəssisələri və digər maraqlı tərəfdaşlar arasında əməkdaşlıq, şəbəkə, ünsiyyət səviyyəsinin effektivliyinin artırılması, ali təhsil müəssisələrinin beynəlxalq əlaqələrinin genişləndirilməsi və universitetlərin beynəlxalq proqramlara daha fəal cəlb olunmasının əhəmiyyətindən danışıb.
“Azərbaycanda rektorlar konfransı” adlı layihənin Avropanın qabaqcıl və müsbət təcrübəsinin ölkəmizdə tətbiqinin önəmini vurğulayan rektor 3 il müddətinə həyata keçiriləcək bu layihənin ali təhsil sisteminin inkişafına yeni töhfələr verəcəyini deyib.
Universitetin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Rəcəb Cəfərli layihə haqqında ətraflı məlumat verib. Layihənin məqsədi, tərəfdaşları, büdcəsi barədə danışan məruzəçi bildirib ki, bu vasitə həm də əvvəllər Azərbaycanda fəaliyyət göstərmiş Rektorlar Şurasının bərpa olunmasına zəmin yaradacaqdır. Bundan başqa, milli inkişaf strategiyalarına uyğun olaraq universitetlər arasında hərtərəfli əməkdaşlığın inkişaf etdirilməsinə, layihələrin təşviq edilməsinə, ən yaxşı təcrübə və əməkdaşlığın milli səviyyədə paylaşılmasına imkan verəcək. Tədbirdə tələbələr və rəhbərlik arasında ortaq proqramlar yaratmaq, artan mobilliyi asanlaşdırmağı hədəfləyən milli şəbəkənin formalaşdırmaq baxımından layihənin əhəmiyyəti qeyd olunub.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallara aydınlıq gətirilib.
“Naxçıvan” Universitetinin
mətbuat xidməti