Naxçıvan Dövlət Universitetində “Təhsildə rəqəmsallaşdırma: Elektron təhsil və informasiya cəmiyyəti” mövzusunda onlayn respublika elmi konfransı keçirilib.
Universitetin rektoru, dosent Elbrus İsayev Azərbaycanda təhsilin modernləşdirilməsi, təhsildə informasiya texnologiyalarının tətbiqi istiqamətində mühüm addımlar atılmasından, muxtar respublikada bu sahədə görülən işlərdən danışıb. Vurğulanıb ki, universitetdə 2012-ci ildən hazırlıqlarına başlanılan “Naxçıvan Dövlət Universiteti üçün elekron təhsil şəbəkəsi və rəqəmsal multimedia infrastruktrunun yaradılması” layihəsi çərçivəsində 2015-ci ildən etibarən də İnformasiya-Kommunikasiya Texnologiyaları Mərkəzi istifadəyə verilib. Tədris prosesində elektron vasitələrdən, informasiya texnologiyalarından istifadə edilməsinə tam nail omaq, distant təhsili həyata keçirmək, elektron test imtahanlarında edilən dəyişikliklər bu sahənin ciddi inkişafından xəbər verir. Vurğulanıb ki, ali təhsil ocağında “Elektron təhsil şəbəkəsi və rəqəmsal multimedia infrastrukturunun yaradılması” layihəsinin icrası və elektron universitetin fəaliyyətə başlaması Azərbaycan ali təhsil məkanında büdcəsinə və layihəsinin genişliyinə görə ən irihəcmli və əhəmiyyətli layihələrdən biri kimi tarixə düşüb. Rektor universitetdə LMS sistemindən istifadə, “Elektron qeydiyyat jurnalı”nın tətbiqi, Media Mərkəzində hazırlanan teledərslərin tələbələrə çatdırılması kimi görülən işlərdən də danışıb.
Diqqətə çatdırılıb ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2020-ci il dekabrın 14-də imzaladığı “Naxçıvan Dövlət Universitetində Texnologiyalar Parkının yaradılması haqqında” Sərəncama əsasən bu il iyun ayının 16-da universitetdə Texnologiyalar Parkının təməlatma mərasimi keçirilib. Müasir dövrün tələbi olan bu layihənin əsas məqsədi Naxçıvan Dövlət Universitetinin dünya universitetləri sırasında öz yerini tutmasına və müasir dövrün tələblərinə uyğun fəaliyyət göstərməsinə nail olmaqdır.
“IV sənaye dövründə elektron təhsildə inqilablar: meyillər və perspektivlər” məruzəsində AMEA İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, texnika elmləri üzrə fəlsəfə doktoru, dosent Firudin Ağayev bildirib ki, təhsildə 4.0 texnologiyası smart, virtual və rəqəmsal bir inqilabdır. Vurğulanıb ki, müasir texnologiya tədris üçün ən yaxşı metod və üsullar təqdim edir və bu metodları modernləşdirərkən bir çox prosesi avtomatlaşdıraraq inzibati yükü azaldır. Firudin Ağayev elektron tədris sahəsində əsas anlayışlar, elektron təhsil standartlarına qoyulan tələblər, Big Datanın təhsildə rolundan danışıb.
Naxçıvan Dövlət Universitetinin Memarlıq və mühəndislik fakültəsinin dekanı, riyaziyyat elmləri doktoru, professor Cavanşir Zeynalov “Tədris robotları”, Azərbaycan Dövlət Pedaqoji Universitetinin dosenti, pedaqogika üzrə fəlsəfə doktoru Gülşən Hacıyeva “Onlayn tədris modelində universitetlərarası müştərək dərslərin və maarifləndirici tədbirlərin biologiya üzrə müəllim kadrlarının hazırlanmasında mühüm əhəmiyyəti”, Naxçıvan Dövlət Universitetinin İnformasiya-kommunikasiya texnologiyaları və elektron təhsil şöbəsinin müdiri Hüseyn Əsgərli “Təhsilin keyfiyyətinə İKT-nin təsiri” mövzusunda məruzələr ediblər.
Konfrans 5 bölmə iclası ilə işini davam etdirib. Bölmələrdə 60 tədqiqatçı 48 mövzu ilə məruzə edib.
Naxçıvan Dövlət Universitetinin
Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsi