AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun əməkdaşı, tarix üzrə fəlsəfə doktoru Zakir Rzayevin “Nəhəcirin Orta Tunc dövrü abidələri” adlı yeni kitabı çapdan çıxıb. AMEA Naxçıvan Bölməsi Rəyasət Heyətinin qərarı ilə işıq üzü görən kitabın elmi redaktoru AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev, rəyçiləri AMEA-nın müxbir üzvü Hacı Qadir Qədirzadə və tarix elmləri doktoru, professor Fəxrəddin Səfərlidir.
Monoqrafiyada Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikası ərazisində mövcud olan Nəhəcir Orta Tunc dövrü abidələri haqqında ətraflı məlumat verilir, əldə olunmuş arxeoloji məlumatlar təhlil edilir.
Dörd fəsildən ibarət kitabın birinci fəsli “Nəhəcir Orta Tunc dövrü abidələrinin coğrafi mövqeyi və öyrənilmə tarixi” adlanır. İlk fəsildə ərazinin geoloji quruluşu, coğrafi mövqeyi, təbii şəraiti, abidənin öyrənilmə tarixi, Nəhəcir ərazisindən keçən köç yolları haqqında maraqlı məlumatlar verilir.
“Arxeoloji abidələr” adlanan ikinci fəsildə yaşayış yerləri, Nəhəcir qalası və ərazidəki qəbir abidələrindən bəhs olunur, onların xarakterik xüsusiyyətləri təhlil edilir.
Keramika məmulatlarının tipoloji təsnifatı, hazırlanması, morfoloji təsnifatı və bişirilmə texnologiyası, Nəhəcir keramikasının rənglənmə texnologiyası, qabların mineraloji tərkibi və süxurlar, məmulatların üzərindəki ornamental təsvirlər haqqında monoqrafiyanın üçüncü fəslində danışılır.
Əsərin dördüncü fəslində isə Nəhəcir tayfalarında sosial yaşam, ətraf mühit təsvir edilmiş, arxeoloji abidələrin dövrləşdirilməsi aparılmışdır.
Kitabda təqdim edilən şəkil, xəritə və illüstrasiyalar oxucuda ərazi və arxeoloji tapıntılar haqqında əyani təsəvvür yaratmağa xidmət edir. Məlumat üçün deyək ki, Azərbaycan, türk, rus, ingilis dillərində 205 ədəbiyyat və mənbə əsasında yazılmış monoqrafiya Naxçıvanın Orta Tunc dövrü tarixini öyrənmək istəyən tədqiqatçılar və oxucular üçün xüsusi əhəmiyyət kəsb edir.
Elnur KƏLBİZADƏ