Naxçıvan Dövlət Texniki Kollecində kadr hazırlığı işinin müasir dövrün çağırışlarına uyğun hazırlanması istiqamətində mühüm tədbirlər reallaşdırılır. Bu istiqamətdə həyata keçirilən tədbirlərin davamı olaraq iyunun 18-də kollecin məzunları ilə görüş keçirilib.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının Təhsil naziri Rəhman Məmmədov çıxış edərək bildirib ki, muxtar respublikada təhsilin davamlı inkişafını təmin edən sərəncamların qəbul edilməsi, güclü təhsil infrastrukturunun və maddi-texniki bazanın yaradılması təhsilin yüksək səviyyədə təşkilinə geniş imkanlar açıb. Muxtar respublikada təhsilin inkişafına dövlət qayğısı sayəsində fərqli yanaşma mexanizminin formalaşmasına, ixtisaslı kadr hazırlığının inkişafına nail olunub.
Çıxışda 486 tələbənin təhsil aldığı Naxçıvan Dövlət Texniki Kollecində kadr hazırlığının yüksək səviyyədə aparılması, tələbələrin aldıqları nəzəri bilikləri təcrübə sahəsində həyata keçirmələri üçün hərtərəfli şəraitdən bəhs olunub.
Bildirilib ki, 2021-2022-ci tədris ilindən isə kollecin qəbul planında dəyişiklik edilib, 5 yeni ixtisas olmaqla, ümumilikdə, 10 ixtisas üzrə kollecdə kadr hazırlığı aparılacaq. Muxtar respublikanın əmək bazarı və tələbatı nəzərə alınmaqla açılan yeni ixtisaslar hesabına qəbul planı 158-dən 183-ə qədər artırılıb.
Təhsil naziri qeyd edib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 20 may tarixli Qərarına uyğun olaraq son iki ildə kollecin məzunlarından 115-i müsabiqə şərtlərini ödəyərək qəbul imtahanı vermədən ali təhsil müəssisələrinə qəbul olublar.
Bildirilib ki, hazırda muxtar respublika təhsilində innovasiyaların tətbiqinə geniş yer verilir. Buna görə də kollecdə STEAM kabinəsi qurulacaq, yeni açılan ixtisaslar üzrə müasir fənn kabinələri yaradılacaq.
Naxçıvan Dövlət Texniki Kollecinin direktoru Asəf Ruşanov çıxışında bildirib ki, 2020-2021-ci tədris ilində kollecdə nizam-intizam və təlim-tərbiyə məsələləri diqqətdə saxlanılıb, hami təşkilatlarla sıx əməkdaşlıq yaradılıb, tələbələrin peşəkar kadr kimi formalaşmaları üçün bu təşkilatlarda təcrübə keçmələri təmin edilib. Bununla yanaşı, tələbələrin ictimai tədbirlərdə, ali və orta ixtisas təhsili müəssisələri arasında keçirilən müxtəlif səpkili müsabiqə, bilik və idman yarışlarında iştirakı təmin olunub, uğurlu nəticələr qazanılıb.
Tədbirdə kollecin məzunlarından Hikmət Yusifzadə və Bahar Novruzlu çıxış edərək yaradılan şəraitə görə Ali Məclisin Sədrinə minnətdarlıqlarını bildiriblər. Sonra 2020-2021-ci tədris ilində fərqlənən bir qrup müəllim və tələbəyə diplomlar təqdim edilib.
Sonda kollecin son tədris ilindəki uğurlarını əks etdirən sərgiyə baxış olub.
Naxçıvan Muxtar Respublikası
Təhsil Nazirliyinin mətbuat xidməti