Muxtar respublikamızda digər sahələr kimi, təhsil və elm sahəsinin də inkişafı daim diqqət mərkəzində saxlanılır və bu sahələrdə nailiyyətlər, uğurlar qazanılır. Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi və AMEA Naxçıvan Bölməsi tərəfindən həyata keçirilən “Sabahın tədqiqatçıları” layihəsi də uğurlu layihələrdən biri kimi yadda qaldı. 2019-cu ilin noyabr ayından start verilən, əsas məqsədi ümumtəhsil məktəblərinin IX-XI siniflərində təhsil alan şagirdlərin elmi axtarışlara sövq edilməsi, onların intellektual potensiallarının və yaradıcılıq fəaliyyətinin stimullaşdırılması, elmi-tədqiqat işinə meyili istedadlı şagirdlərin aşkar edilməsi olan layihənin ötən həftə yekun tədbiri keçirildi. Beləliklə, AMEA Naxçıvan Bölməsinin alimləri tərəfindən elmi himayəyə götürülmüş xüsusi istedad və qabiliyyəti ilə fərqlənən şagirdlər laboratoriyalarda tədqiqatlar aparmaq, məruzə, tezis, referat və hesabatlar hazırlamaq imkanı əldə etdilər. Ümumilikdə, 50 elmi rəhbərin və 95 şagirdin iştirakı ilə 53 layihə üzrə tədqiqatlar aparıldı və beynəlxalq müsabiqələrdə 4 layihə I, 3 layihə II, 3 layihə isə III yerə layiq görüldü. Elmə marağın formalaşdırılmasında, praktik biliklərin artırılmasında mühüm rol oynayan layihənin uğurları barədə onun iştirakçıları danışdı:
Zahidə Allahverdiyeva:
– Kəngərli rayon Qıvraq qəsəbə tam orta məktəbinin IX sinif şagirdiyəm. İki il idi ki, iştirakçısı olduğum “Sabahın tədqiqatçıları” layihəsi çərçivəsində iki layihə işi hazırladıq. Elmi rəhbərim kimya üzrə fəlsəfə doktoru, dosent Fizzə Məmmədova ilə Naxçıvan şəhərindəki bəzi yeraltı və mineral suların fiziki və kimyəvi xassələrinin və bəzi mineral suların Kurlov formulunun təyini üzərində işlədik. İkisi də müxtəlif dərəcəli diplom və medallarla təltif olundu. İkinci layihənin icrası üçün muxtar respublikanın müxtəlif yerlərindəki artezian və bulaqlardan su nümunəsi götürərək onların ph-nı, şorluğunu, minerallığını və digər xassələrini təyin etdik. Birinci layihəmiz Moskva şəhərində nəşr olunan “Məktəb xəbərləri” jurnalında dərc olunub. Həmçinin beynəlxalq kimya yarışmasında qızıl medalla, “Yaradıcılıq və intellekt” müsabiqəsində isə birinci dərəcəli diplomla təltif olunmuşam. Layihədə iştirak etməklə biliklərimi kəşf etdim və gələcək istiqamətlərimi daha aydın müəyyənləşdirə bildim.
Bəxtiyar İsmayılov:
– Naxçıvan şəhər 8 nömrəli tam orta məktəbin XI sinfində təhsil alıram. Bu il orta təhsilimi başa vururam və ali təhsil mərhələsi üçün dərslərim üzərində ciddi çalışıram. Eyni zamanda dünyagörüşümün inkişafı üçün dil bacarıqlarımı artırır, zəka oyunu olan şahmatla məşğul olur və keçirilən bir sıra layihələrdə iştirak etmək üçün qeydiyyatdan keçirəm. Ötən ildən “Sabahın tədqiqatçıları” layihəsinin iştirakçısıyam. Bu layihə mənim üçün bir çox uğurları ilə yadda qaldı. Bir il bundan öncə Bakı şəhərində keçirilən “Sabahın alimləri” IX Respublika müsabiqəsində bacım Fatimə İsmayılova ilə birgə iştirak etdik. Bu həm mənim üçün, həm də valideynlərim üçün çox böyük sevinc oldu. Çünki muxtar respublikamızda bu, ilk dəfə bizə nəsib olmuşdu. Müsabiqəyə “Yabanı tərəvəz bitkiləri – ən təmiz ekoloji məhsul” mövzusunda hazırladığımız layihə ilə qatıldıq. Burada iştirak bizim üçün çox maraqlı oldu, digər bölgələrimizdən olan istedadlı şagirdlərlə tanış olaraq onlarla bilik və bacarıqlarımızı bölüşdük və bir çox yeni məlumatlar qazandıq. Layihəmizin nəticəsinə görə diplom və sertifikatlara layiq görüldük. Bu məni daha da həvəsləndirdi və növbəti dəfə yenidən “Sabahın alimləri” X Respublika müsabiqəsinə qatıldım. Naxçıvan şəhər ümumtəhsil məktəbləri üzrə müsabiqədə 6 şagird 4 layihə ilə iştirak etdik, layihələrin 4-ü də ikinci mərhələdə iştirak etmək hüququ qazandı. Bu müsabiqəyə mən və X sinif şagirdi Nurgün Allahverdiyeva elmi rəhbərimiz, kimya üzrə fəlsəfə doktoru, dosent Fizzə Məmmədova ilə birgə hazırladığımız “Naxçıvan Muxtar Respublikasının bəzi yeraltı sularının fiziki-kimyəvi xassələrinin tədqiqi” adlı layihə ilə qatıldıq. Mövcud vəziyyətlə bağlı müsabiqə onlayn keçirildi və onun yekununa əsasən bir layihəmiz III, digər layihələr isə fərqləndirici yerlərə və sertifikatlara layiq görüldü. Bununla yanaşı, mən bu il, həmçinin Fizzə Məmmədovanın rəhbərliyi ilə “Erudit” onlayn kimya olimpiadasında iştirak edərək I yer və qızıl medal qazandım. Bu uğurum və iştirak etdiyim layihələr nəticəsində tam əmin oldum ki, biz şagirdlər daha məsuliyyətli və səylə çalışaraq muxtar respublikamızı keçirilən bütün müsabiqələrdə layiqincə təmsil edə bilərik. Öz növbəmdə, bu yolda əməyi keçən layihə rəhbərlərimə minnətdarlığımı bildirirəm. “Sabahın tədqiqatçıları” layihəsinin yekunu ilə bağlı tədbirdə apardığımız tədqiqat işləri barədə məlumat verdik və mən Təhsil Nazirliyi tərəfindən medal və diplomla təltif olundum. Hazırda Tibb ixtisası üzrə qəbul imtahanlarına hazırlaşıram və arzum həkim olmaqdır. İnanıram ki, muxtar respublikamızda öz ixtisasının peşəkarı olan həkimlərdən olacaq, xalqıma, Vətənimə daim vicdanla xidmət edəcəyəm.
İnci Nəsirova:
– Naxçıvan şəhər 15 nömrəli tam orta məktəbin X sinfində təhsil alıram. 2019-cu ilin dekabr ayından “Sabahın tədqiqatçıları” layihəsinin iştirakçısı olmuşam. “Biləv alüminium süxurundan alüminiumun mühüm birləşmələrinin alınması” adlı layihəm Rusiyanın Penza şəhərində keçirilən “Müasir gənclərin elmi diskussiyası: aktual suallar, nailiyyətlər və yeniliklər” XI Beynəlxalq elmi-praktik konfransında müzakirə edilərək I yerə layiq görülüb və birinci dərəcəli diplom və sertifikatla təltif olunmuşam. Elmi rəhbərim kimya üzrə fəlsəfə doktoru, dosent Qorxmaz Hüseynov olub. Layihədə iştirakım mənə yeni uğurlar qazandırdı, kimya fənninin dərinliklərini öyrənməyə sövq etdi. Laboratoriya şəraitində apardığımız reaksiyalar kimyanın nə qədər maraqlı elm olduğunu mənə bir daha sübut etdi. Bu layihədə iştirakım dünyagörüşümün və biliyimin artmasına yüksək şərait yaratdı. Yeni tədris ilində layihədə yenidən iştirak edərək uğurlarımı daha da artırmaq istəyirəm. Onu da deyim ki, adım Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2020-ci il 9 iyul tarixli Sərəncamına əsasən Naxçıvan Muxtar Respublikası Gənc İstedadlarının “Qızıl kitabı”na yazılıb və Ali Məclis Sədrinin xüsusi aylıq təqaüdünə layiq görülmüşəm. Gələcək hədəfim tibb təhsili alaraq universiteti birinciliklə bitirmək və peşəkar həkim-cərrah olmaqdır.
Nuray Məmmədova:
– 2011-2015-ci illərdə Naxçıvan şəhər 12 nömrəli tam orta məktəbində təhsil almışam. 2015-ci ildə Naxçıvan Qızlar Liseyinə qəbul olunmuşam və hazırda X sinifdə təhsil alıram. “Sabahın tədqiqatçıları” layihəsinə 2019-cu ildə qoşuldum. Mən kimya fənni üzrə bu layihəyə qatıldım, elmi rəhbərim kimya üzrə fəlsəfə doktoru, dosent Fizzə Məmmədova oldu. Həm keçən il, həm də bu il elmi rəhbərimin köməyi ilə müxtəlif məqalələr hazırladıq, təcrübələr apardıq, nəticələri cədvəl şəklində ümumiləşdirdik. Bu layihə mənə bir çox uğur gətirdi. Moskvada keçirilən məktəblilərin “Elmə start” VIII Beynəlxalq elmi-tədqiqat və yaradıcılıq müsabiqəsinin birinci mərhələsində III yerin qalibi olub diplomla təltif edildim. Daha sonra Rusiyada “Elementlərin kəşfi tarixi” mövzusunda keçirilən onlayn yarışmada II yeri tutaraq diplom və gümüş medala layiq görüldüm. Bu il kimya fənni üzrə onlayn sınaqda 15 sualdan 14-nü düzgün cavablandıraraq I yerə çıxdım, diplom və qızıl medal qazandım. “Naxçıvan Muxtar Respublikası ərazisində bəzi mineral suların Kurlov formulunun təyini” adlı layihəmiz Rusiyada uğur qazandı və məqalələrimiz bir çox jurnallarda dərc olundu. Həmçinin bu layihənin iştirakçısı olmaqla, alimlərlə işləmək imkanı qazandım və təcrübəmi artırdım.
AMEA Naxçıvan Bölməsinin Təbii Ehtiyatlar İnstitutunun Hidrogeologiya və mineral sular laboratoriyasının rəhbəri, kimya üzrə fəlsəfə doktoru, dosent Fizzə Məmmədova:
– Layihələr elm və təhsilin inteqrasiyası sahəsində çox böyük əhəmiyyətə malik olub gənc nəslin, orta məktəb şagirdlərinin elmə maraq göstərmələri, onların praktik vərdişlərə yiyələnmələri üçün bir stimul yaradır. Bu məqsədlə artıq ikinci ildir ki, “Sabahın tədqiqatçıları” layihəsi əsasında layihələr hazırlayıb onları şagirdlərlə birlikdə yerinə yetiririk. İlk olaraq şagirdlərin bilik və bacarıqlarını, onların yaş səviyyələrini nəzərə alaraq mövzu seçimi edirik. Təbii ki, mövzu seçimində muxtar respublikanın potensialını nəzərə alırıq. Nuray Məmmədovanın, Zahidə Allahverdiyevanın, Bəxtiyar İsmayılovun, Nurgün Allahverdiyevanın işlədikləri tədqiqat mövzularının hamısı Naxçıvanla bağlı idi. Gələn il nəzərdə tutduğumuz layihələrdən biri “Naxçıvan Muxtar Respublikası ərazisində bulaq və kəhriz sularının Kurlov formulunun təyini” mövzusunda olacaq. Yeri gəlmişkən qeyd edim ki, layihə vasitəsilə bugünkü gənc tədqiqatçılar muxtar respublikanın yeraltı və yerütsü sərvətləri ilə tanış olur, həmin sərvətlərin istehsalatda tətbiqinə öz köməkliklərini göstərirlər. Onu da bildirim ki, çəkdiyimiz zəhmət hədər getməyib, qatıldığımız bütün tədbirlərdə yüksək nailiyyətlər qazanıblar. Əlbəttə ki, gənclərin elmə ilk addımları onların gələcək həyat yolunu müəyyənləşdirir, elmə marağını artırır.
Bu gün sevindirici haldır ki, “Həyat böyük bir prosesdir. Bu prosesdə uğurla iştirak etmək üçün insan müasir tələblərə uyğun olan təhsilə malik olmalıdır”, – deyən ümummilli liderimiz Heydər Əliyevin siyasi kursunun uğurla davam etdirildiyi muxtar respublikamızda gənclərimiz savad, bilik qazanmaqla, elm öyrənməklə yanaşı, xalqımızın mənəvi dəyərləri əsasında tərbiyələndirilir, dövlətinə, xalqına, ənənələrinə sadiq vətəndaş kimi yetişirlər.
Güntac ŞAHMƏMMƏDLİ