24 Dekabr 2024, Çərşənbə axşamı

Qazanılan uğurların təməlində bu amil dayanır

Təhsilə qayğının ölkənin intellektual gələcəyinə xidmət etdiyini vurğulayan, öz fəaliyyətində bunu reallaşdıran Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev demişdir: “Biz maddi dəyərlərimizi, iqtisadi potensialımızı insan kapitalına çevirməliyik”. Bu gün ölkəmizin ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında da təhsilin inkişafı diqqət mərkəzində saxlanılır. Hər il yeni məktəb binaları tikilir,  təhsil ocaqlarında müasir tədris avadanlıqları quraşdırılır, məktəblilərin istifadəsinə kompüter dəstləri və elektron lövhələr verilir, şagirdlər pulsuz dərslik və ədəbiyyatlarla təmin olunurlar. Köklü maarifçilik ənənələrinə malik olan Ordubad rayonunda da təhsildə böyük uğurlar əldə edilib. Öncə onu qeyd edək ki, qədim Ordubad torpağının  tarixin bütün dönəmlərində özünün ziyalıları, görkəmli elm xadimləri ilə qürur duymağa, öyünməyə mənəvi haqqı olub. Maarifçilik ənənələrini bu gün də yaşadan rayonun təhsil sistemi respublikamızda bu sahəyə son illərdə  göstərilən dövlət qayğısından ruhlanaraq özünün yeni mərhələsinə qədəm qoyub. Rayon Təhsil Şöbəsinin müdiri İlqar Həsənovla söhbətimiz də bu barədədir:

– Azərbaycan tarixinin ötən əsrin 60-cı illərinin sonundan bu günə qədərki dövrünə nəzər salarkən həyatımızın bütün sahələri ilə yanaşı, təhsilimizin də böyük inkişaf yolu keçdiyini görürük. Bu illərdə təhsil müəssisələrinin şəbəkəsi xeyli genişləndirilib, onların maddi-texniki bazası gücləndirilib.
– Bu böyük dəyişiklikləri doğma Azərbaycanımızın ayrılmaz tərkib hissəsi olan muxtar respublikamızın timsalında daha aydın görmək olar. Bunu ilk olaraq məktəblərin müasir tələblərə cavab verməsi ilə bağlı həyata keçirilən tədbirlərdən müşahidə etmək mümkündür. Belə ki, son 18 ildə muxtar respublikada 200-dən artıq orta məktəb binasının tikilərək və ya əsaslı şəkildə yenidən qurularaq istifadəyə verilməsi muxtar respublikada təhsilin prioritet vəzifəyə çevrilməsinin nümunəsidir. Naxçıvanda təhsil müəssisələrinin yeni informasiya-kommunikasiya texnologiyaları ilə təmin olunması həm də ona görə böyük əhəmiyyət daşıyır ki, artıq bu texnologiyalar dünya təhsil və informasiya məkanına inteqrasiyaya geniş imkanlar açıb. Faktlara nəzər salaq. Son illər ümumtəhsil məktəblərinə 3409 kompüter dəsti verilib. Tədrisin keyfiyyətinin yüksəldilməsi məqsədilə orta məktəblərdə 548 elektron lövhə quraşdırılıb. Bu da hər 13 şagirdin 1 kompüterdən istifadəsinə imkan verib. Bütün bunlar isə, təbii ki, keçilən dərslərin yüksək səviyyədə mənimsənilməsinə imkan verib və bu, mahiyyət etibarı ilə, özünü ali məktəblərə qəbulda da göstərib.
Ümummilli liderimizin uzaqgörən ideyalarına muxtar respublikada sevgi və ehtiramın ifadəsini, ulu öndərin təhsil konsepsiyasının uğurla həyata keçirilməsini bu gün Naxçıvanda hamı görür və yüksək dəyərləndirir. Bütün bunlar ulu öndər Heydər Əliyevin təhsil siyasətinin konkret bir regionda təcəssümüdür.
– Konkret olaraq, Ordubad rayonunda təhsilin bugünkü səviyyəsini necə dəyərləndirərdiniz?
– Öncə onu deyim ki, muxtar respublikada geniş vüsət alan qurucu­luq işləri həyatımızın ayrılmaz tərkib hissəsinə çevrilib. Bu tədbirlərdən təhsil sahəsinə daha çox pay düşüb. Məktəblər üçün yeni binalar inşa olunub, onların maddi-texniki bazaları gücləndirilib, təhsil müəssisələrində müasir tədris şəraiti yaradılıb. Ordubad rayonunda da həyata keçirilən genişhəcmli tikinti-quruculuq tədbirlərinin böyük qolunu yeni məktəb binalarının inşası təşkil edib. Faktlara müraciət etmək istəyirəm. Son 18 ildə rayonda 23 yeni məktəb binası tikilərək və ya yenidən qurularaq istifadəyə verilib. Təqdirolunan cəhətlərdən biri isə ondan ibarətdir ki, həyata vəsiqə alan yeni məktəb binalarının böyük əksəriyyəti rayonun ucqar dağ və sərhəd yaşayış məntəqələrinin – Pəzməri, Çənnəb, Kələki, Tivi, Nəsirvaz kimi kəndlərin payına düşüb. Elə ötən ildə istifadəyə verilən 6 yeni məktəb binasının beşi ucqar dağ kəndlərindədir. Belə ki, Bist, Ələhi, Xurs, Nürgüt və Nəsirvaz kənd məktəbləri yeni binalarda fəaliyyətlərini davam etdirirlər. Məktəblilərin informasiya texnologiyalarından istifadəsini təmin etmək məqsədilə hər il təhsil ocaqlarına kompüter dəstləri və elektron lövhələr verilir. Bu gün rayonun məktəblərində müəllim və şagirdlər 332 kompüterdən, 72 elektron lövhədən istifadə edirlər.
– Təhsil müəssisələrində tədrisin səviyyəsini yüksəltmək, intellektual, dövlətçiliyimizə sadiq vətənpərvər vətəndaşlar yetişdirmək üçün həyata keçirilən tədbirlər barədə nə deyə bilərsiniz?
– Qeyd edim ki, rayonda 33 orta, 3 ümumi, 1 ibtidai məktəb, idman və şahmat məktəbləri, gənc texniklər stansiyası, uşaq yaradıcılıq evi, ekoloji tərbiyə mərkəzi fəaliyyət göstərir. Təhsilə cəlb olunmuş 5198 şagirdin təlim-tərbiyəsi ilə 820 müəllim məşğul olur. Məktəblərimizin pedaqoji kollektivləri icbari təhsil qanununun yerinə yetirilməsinə ciddi fikir verir, diqqəti çox mühüm bir məsələyə yönəltməyə çalışırlar: təkcə savadlı məzunlar yox, həm də dövlətçiliyimizə, dövlətimizə, müstəqilliyimizə qəlbən bağlı olan vətənpərvər vətəndaşlar yetişdirmək. Bunun üçün də tədris prosesində müasir təlim üsullarından istifadəyə, sinifdənxaric və məktəbdənkənar tədbirlərə  geniş yer verilir. Belə tədbirlərə rayon ziyalıları, ağsaqqallar dəvət olunurlar. Şagirdlərimizin bilik yarışlarında, test-sınaq imtahanlarında, fənn olimpiadalarında iştirakları təmin edilir.
Ötən tədris ilində şagirdlərimizdən 5 nəfəri ölkə səviyyəli bilik yarışlarında iştirak edərək rayona uğurlu nəticələrlə qayıdıblar. İdman sahəsində də yüksək göstəricilərə nail olunub. Müxtəlif müsabiqələrə qatılan Ordubad məktəbliləri bu müsabiqələrdə də öncül yerləri tutublar.
– Orta məktəblərdə təhsilin səviyyəsi test imtahanlarının nəticələri ilə, ali məktəblərə qəbulla ölçülür.  Bu sahədə Ordubad rayonunun qazandığı uğurlar həmişə çox  olub. Bəs ötən dərs ilində necə?
– Onu qeyd edim ki, ötən il rayonun məktəblərini 440 məzun bitirib. Onların 327-si ali məktəblərə qəbul olmaq üçün sənəd verib. Tələbə adının sevincini 161 nəfər yaşayıb. Abituriyentlərin 25 nəfəri 500-dən, onlardan 9 nəfəri isə 600-dən yuxarı bal toplayıb. Ali məktəblərə tələbə qəbulunda ən böyük uğur isə Ordubad şəhər 1, 3 nömrəli və internat, Unus, Çənnəb, Kotam, Dizə, Biləv, Bist, Kələki, Vələver, Vənənd kənd məktəblərinə məxsusdur. Ötən il qazandığımız uğurlar qənaətləndirici olsa da, dövlət səviyyəsində təhsilimizə göstərilən qayğı müqabilində bunu son hədd hesab etmirik. 2013-2014-cü tədris ilini yeni uğurlarla başa vurmaq üçün səylə çalışırıq. Buna əminliyimiz ondadır ki, muxtar respublikada təhsilə qayğı prioritet vəzifəyə çevrilib və qazanılan uğurların təməlində məhz bu amil dayanıb.
– Müsahibə üçün sağ olun.

Muxtar MƏMMƏDOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR