22 Dekabr 2024, Bazar

Naxçıvan Dövlət Universitetində Naxçıvan Müəllimlər İnstitutu, “Naxçıvan” Universiteti ilə birgə magistrantlarının XII regional elmi konfransı keçirilib.
Tədbiri giriş sözü ilə universitetin rektoru, dosent Elbrus İsayev açıb. Elmə, təhsilə göstərilən diqqət və qayğıdan bəhrələnərək ali təhsil ocağında magistr hazırlığı sahəsində görülən işlərdən bəhs edən rektor diqqətə çatdırıb ki, universitetdə növbəti tədris ilindən magistr dissertasiyalarının xüsusi proqram vasitəsilə yoxlanılması həyata keçiriləcək. Bildirilib ki, hazırda universitetin magistratura təhsil səviyyəsində I kurslarda 64 ixtisaslaşma üzrə 204 nəfər, II kurslarda isə 47 ixtisaslaşma üzrə 144 magistrant təhsil alır. Qeyd olunub ki, bu il keçirilən magistraturaya qəbulun nəticələrinə görə, bakalavr mərhələsini bitirən məzunların 187 nəfəri imtahanda iştirak edib, bunlardan 158 nəfəri müsabiqə şərtlərini ödəyib. Rektor Ali Məclis Sədrinin sərəncamı ilə universitetdə yaradılacaq Texnologiyalar Parkının da magistraturada təhsil alan tələbələrin öz bacarıqlarını nümayiş etdirmələri baxımından mühüm əhəmiyyətə malik olduğunu vurğulayıb.

AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev ali təhsil sistemində magistr pilləsinin əhəmiyyətindən danışaraq bildirib ki, əvvəlki dövrlərlə müqayisədə müasir tədris proqramına uyğun keçirilən dərslər tələbələrin ixtisaslı kadr kimi yetişməsinə xidmət edir. Qeyd olunub ki, muxtar respublikanın dərindən tədqiq edilərək öyrənilməsi məqsədilə yaradılan akademiyada elmi-tədqiqat işlərinin həyata keçirilməsi uğurla davam etdirilir. İsmayıl Hacıyev elmi-tədqiqat işlərinin daha da geniş vüsət alması məqsədilə magistratura təhsilini başa vuran məzunların akademiyada fəaliyyət göstərməyi üçün yaradılan şəraitdən danışıb.
Naxçıvan Müəllimlər İnstitutunun rektoru Azad Novruzov muxtar respublikada elmə, təhsilə göstərilən dövlət qayğısından bəhs edərək bildirib ki, konfransların keçirilməsi tələbələrin elmi-tədqiqat işlərinin qiymətləndirilməsi baxımından xüsusi rola malikdir. Bu gün dünyanın nüfuzlu platformalarında tarixi faktlara əsaslanan məqalələrin yer alması bu sahədə ixtisaslı kadrlara olan tələbatı daha da artırır. Azad Novruzov rəhbərlik etdiyi ali təhsil ocağında 5 pedaqoji ixtisas üzrə magistr hazırlığının aparılmasından danışıb.
“Naxçıvan” Universitetinin rektoru Nurlana Əliyeva bildirib ki, təhsilin və elmin qarşısında duran əsas vəzifə yüksəkixtisaslı kadrların hazırlanmasıdır. Qeyd edilib ki, universitetdə 8 ixtisas üzrə magistr hazırlığı həyata keçirilir.
Sonra Naxçıvan Dövlət Universitetinin magistrantı Lalə Rzayevanın “Magistr təhsilinin tarixi və müasir dövrdə əhəmiyyəti” mövzusunda çıxışı dinlənilib. Sonda Naxçıvan Dövlət Universitetində I kurs magistrantları tərəfindən musiqi nömrələri təqdim edilib. Qeyd edək ki, magistrantların XII regional konfransında muxtar respublika ali təhsil ocaqlarının, Azərbaycan İqtisad Universitetinin, Azərbaycan Universitetinin, Azərbaycan Dövlət Pedaqoji Universitetinin və AMEA Botanika İnstitutunun magistrantları 12 bölmədə 208 məqalə ilə məruzə ediblər.

Naxçıvan Dövlət Universitetinin Televiziya, mətbuat və
ictimaiyyətlə əlaqələr bölməsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR