24 Dekabr 2024, Çərşənbə axşamı

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin qayğısı ilə AMEA-nın Naxçıvan Bölməsi Naxçıvanda elmimizin baş qərargahı vəzifəsini uğurla həyata keçirir

AMEA Naxçıvan Bölməsi Azərbaycan xalqının böyük xilaskarı, ulu öndər Heydər Əliyevin 7 avqust 2002-ci il tarixli Sərəncamı ilə yaradılmışdır. Mükəmməl elmi-tədqiqat şəraiti ilə təmin edilən bu elm ocağı on bir ildə əldə etdiyi nailiyyətlərlə öz hesabatını verir.
Azərbaycan xalqı elm sahəsində qazandığı uğurlarla bütün dünyada tanınmışdır. Dünya ədəbiyyatının və elminin korifeyləri olan Nizami Gəncəvi, Nəsirəddin Tusi, Əbülhəsən Bəhmənyar, Yusif Məmməd­əliyev və elmin müxtəlif sahələrində fəaliyyət göstərmiş onlarla görkəmli elm, ədəbiyyat, incəsənət xadimləri  Azərbaycan xalqına böyük şöhrət gətirmişlər. Nizami Gəncəvi “İsgəndərnamə” əsərində “Qüvvət elmdədir, başqa cür heç kəs, heç kəsə üstünlük eyləyə bilməz” yazanda da məhz mənsub olduğu xalqın mənəvi meyarını ifadə etmişdir.

Azərbaycanda elmin inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Azərbaycan Elmlər Akademiyasının və alimlərin qayğı ilə əhatələnməsində ulu öndərin misilsiz xidmətləri olmuşdur. “Azərbaycan Milli Elmlər Akademiyası bizim milli sərvətimizdir”, – deyən ulu öndər elmə böyük qiymət verməklə yanaşı, bilavasitə ölkəmizdə elm məbədgahı kimi tanınan Azərbaycan Milli Elmlər Akademiyasına da öz yüksək dəyərini ifadə etmişdir. Ümummilli lider Heydər Əliyev elmin və elmi strukturların inkişafı qayğısına qalmış, yeni islahatlar aparmaqla bu sahədə inkişafa nail olmuşdur. Ulu öndər hətta ölkədə nə qədər maddi sıxıntı yaşanırsa-yaşansın, vəziyyət nə qədər çətin olursa-olsun, diqqəti, qayğını elm və təhsilin üzərindən çəkməməyi tövsiyə etmişdir. Dahi rəhbər bu məqsədlə “Məktəb, maarif, təhsil işi  ilə həmişə sıx bağlı olmuşam... Hesab edirəm ki, cəmiyyət hardan olursa-olsun, kəsib təhsilə xərcləməli, gənc nəslin təhsilinə, müəllimə kömək etməlidir. Bu, mənim prinsipial mövqeyimdir”, – deyirdi.  Bu mənada  elmin və təhsilin inkişafı da ulu öndərimiz Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra başladı. Dahi öndər yenə də öz diqqətini elmin üzərinə çəkərək onun inkişafı qayğısına qalmış, fəaliyyəti sırasında daha uzaqgörən bir addım ataraq blokada şəraitinə salınmış Naxçıvan Muxtar Respublikasında Azərbaycan Milli Elmlər Akademiyasının  Naxçıvan Bölməsinin yaradılması haqqında sərəncam vermişdir.
Ulu öndərin imzaladığı bu sərəncam uğurlu gələcəyə hesablanmış tarixi bir sənəddir. Sərəncamda da deyildiyi kimi, Naxçıvan Bölməsinin yaradılmasında məqsəd Naxçıvan Muxtar Respublikasında elmi-tədqiqat qurumlarının fəaliyyətinin gücləndirilməsi, mövcud elmi potensialdan istifadə olunmasının səmərəliliyinin artırılması, Naxçıvanın tarixi, arxeologiyası, etnoqrafiyası və təbii sərvətlərinin öyrənilməsi üçün daha əlverişli şəraitin yaradılmasından ibarət olmaqla böyük uzaqgörənliyi təzahür etdirirdi. Ümummilli lider özü də bu barədə Naxçıvan Muxtar Respublikası Ali Məclisində keçirilən müşavirədə bəhs edərkən deyirdi ki, “Mən Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin yaradılması haqqında sərəncam imzalamışam... Bununla Naxçıvan Muxtar Respublikasının indiyə qədər çox az öyrənilmiş qədim tarixinin, mədəniyyətinin, ədəbiyyatının yenidən dərindən araşdırılması və onlar haqqında elmi əsərlərin, populyar kitabların, yaxud başqa nəşrlərin hazırlanması məqsədi daşıyıram. Eyni zamanda Naxçıvanın özünəməxsus təbiəti, təbii sərvətləri, torpağı, təbii abidələri də indiyə qədər lazımi dərəcədə öyrənilməyib. Bunlara, mənim irəli sürdüyüm məsələnin öyrənilməsinə  böyük ehtiyac var”.
Beləliklə, görkəmli dövlət xadimi Heydər Əliyev müstəqilliyin yaratdığı imkanlardan və tarixi zərurətdən irəli gələn tarixi bir addım atdı: Naxçıvanda elmi inkişafa böyük təməl olan AMEA Naxçıvan Bölməsinin təsis olunması barədə qərar verdi. Ulu öndərimizin elmə bağlılığı haqqında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov demişdir: “Azərbaycan elmi öz inkişafına və bugünkü səviyyəyə gəlib çatmasına görə ulu öndər Heydər Əliyevə borcludur. “İqtisadiyyat hansı vəziyyətdə olursa-olsun, elm inkişaf etməlidir”, – deyən ümummilli liderimiz hər bir ölkənin və xalqın həyatında elmin müstəsna rolunu yüksək qiymətləndirərək... elmin inkişafının strateji istiqamətlərini müəyyənləşdirmişdir. Qədim dünyanın müdrik insanları deyirdilər ki, siyasət aqillərin çiynində və elmin üzərində dayananda uzun­ömürlü olur. O siyasət irəli gedir ki, onun elmi kökü var. Tarix o şəxsiyyətləri yaşadır ki, onlar elmə siyasət kimi yox, siyasətə elm kimi baxır, bunu dövlətçilik təcrübəsində həyata keçirməyi bacarırlar. Möhtərəm Heydər Əliyev belə şəxsiyyətlərdən idi”.  
Naxçıvanda elmin inkişaf etdirilməsi və elmi potensialın məqsədəuyğun yönləndirilməsi dövlətimizin ən ali məqsədlərindən biridir. “Ermənistanın apardığı təcavüzkarlıq siyasəti nəticəsində Azərbaycandan qismən təcrid olunmuş vəziyyətdə, blokada şəraitində yaşamaq məcburiyyətində qalan... Naxçıvanın tarixinin hələ tədqiq edilməyə ehtiyacı olan səhifələri açılmalı, bu diyarın tam dolğun, obyektiv tarixi xalqımıza, habelə dünya ictimaiyyətinə olduğu kimi çatdırılmalı, erməni siyasətçilərinin tarixi saxtalaşdırmaq cəhdlərinə tutarlı cavab verilməlidir”, – deyən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də Naxçıvanda elmin inkişaf etdirilməsinə daim diqqətlə yanaşmış, onun inkişafına böyük qayğı göstərmişdir.
Doğrudan da, hələ gənc olmasına  baxmayaraq, AMEA Naxçıvan  Bölməsinin qazandığı elmi uğurlar az deyil. Naxçıvan Bölməsi artıq formalaşmış elmi potensialı və ümumən Naxçıvanın elm adamlarının fəallığı ilə bu qədim diyarın tarixi, arxeologiyası, etnoqrafiyası, mədəniyyəti, ədəbiyyatı, dialekt və şivələri, təbii və bioloji ehtiyatları və sair sahələri əsaslı araşdırmalara cəlb edilmişdir. Böyük qürur və iftixar hissi ilə deyə bilərik ki, Naxçıvan Bölməsində 11 illik qısa zaman kəsiyində böyük uğurlara nail olunmuş, ciddi elmi nəticələr qazanılmışdır. Alimlərin ciddi tədqiqatlarının nəticəsidir ki, Naxçıvanın tarixi və arxeologiyası sahəsində sanballı nəticələr əldə edilmiş, Naxçıvan tarixini 120 min il, şəhər mədəniyyətini 5 min il bundan əvvələ hesablaya biləcək faktlar üzə çıxarılmış, ən qədim yaşayış məskənləri və əmək alətləri, məişət və  sənətkar­lıq əşyaları və sair aşkarlanaraq dünya elminə tanıdılmışdır. Xüsusilə qeyd etmək lazımdır ki, ulu öndərimi­zin böyük tarixi məkan hesab etdiyi və alimlərə tədqiqini tövsiyə etdiyi Gəmiqaya abidəsində aparılan araşdırmalar, habelə Naxçıvandakı Ovçular təpəsi, Oğlanqala və başqa ərazilərdə aparılmış arxeoloji qazıntılar zamanı üzə çıxarılan elmi tapıntılarla Naxçıvanın tarixinə yeni səhifələr yazılmışdır. Naxçıvanın və Naxçıvanla bağlı digər yer adlarının etimologiyası, habelə digər elmi faktlar sayəsində alimlərin Nuh Peyğəmbərin Dünya tufanı zamanı məhz Naxçıvanda  quruya enməsi və burda məskunlaşması barədə fikirləri maraqlı olduğu qədər də Naxçıvanın tarixi ilə bağlı əhəmiyyətli faktdır. Bütün bu araşdırmaların nəticəsi olaraq, AMEA Naxçıvan Bölməsinin alimləri tərəfindən çap olunan tədqiqat əsərləri və monoqrafiyalar, habelə muxtar respublika rəhbərinin dəstəyi ilə keçirilən “Nuh Peyğəmbər: Dünya tufanı və Naxçıvan”, “Naxçıvan: ilkin şəhər və Duzdağ” adlı Beynəlxalq simpoziumlar, habelə Nuh Peyğəmbərin məzarüstü türbəsinin restavrasiya olunması bu sahədə əldə edilmiş ən böyük nailiyyətlərdir. Ali Məclis Sədrinin sərəncamı ilə hazırlanan “Naxçıvan tarixi” çoxcildliyinin birinci cildinin çapa təqdim olunmasını isə naxçıvanlı elm adamlarının konkret uğurlu hesabatı kimi qiymətləndirmək olar. Bundan başqa, naxçıvanlı alimlərin və digər ölkələrdən – Amerika Birləşmiş Ştatları, Fransa, Türkiyə – qatılan elm adamlarının apardığı ciddi tədqiqatların nəticəsi olaraq, Naxçıvanda Duzdağ mədəniyyətinin aşkarlanması, dünyanın ən qədim duzçıxarma mədəninin məhz Naxçıvanda olması faktının təsdiqini tapması da bu elm ocağının nailiyyətləri sırasındadır. Naxçıvanda aparılan qazıntılar zamanı əldə olunan tarixi abidələrin qorunub saxlanması və təbliğ edilməsi istiqamətində də AMEA Naxçıvan Bölməsində xeyli işlər həyata keçirilmiş, bölmənin Tarix, Etno­qrafiya və Arxeologiya İnstitutunda Arxeologiya və etnoqrafiya muzeyi yaradılmışdır ki, muzey bu sahədəki nailiyyətlərə işıq tutur. Aparılan tədqiqatların nəticəsini işıqlandıran beynəlxalq konfransların, simpoziumların keçirilməsi, xeyli monoqrafiya və tədqiqat əsərlərinin çapı da bölmədəki elmi və təşkilati işlərin uğurlarından xəbər verir.
Qeyd etmək lazımdır ki, təkcə tarix sahəsində deyil, digər elm sahələrində də əldə edilən uğurlar Naxçıvan Bölməsinin yaradılmasındakı uzaqgörən ideyanı bir daha geniş mənada başa düşməyə imkan verir. Bu gün Naxçıvan Muxtar Respublikasında həyata keçirilən iqtisadiyyatın və özəl sektorun inkişafı siyasəti elmə və elmi nəticələrə istinad etməklə bir tərəfdən elmlə istehsalatın əlaqələndirilməsinə yol açmış, digər tərəfdən düzgün hesablanmış iqtisadi inkişafın elmə dayanıqlılığı təmin edilmişdir. Bu baxımdan Naxçıvanın bioresursları ilə bağlı aparılan elmi tədqiqatları və elmi nəticələri də ən böyük töhfə hesab etmək olar. Taxılçılığın inkişafı bölgəmiz üçün nə qədər əhəmiyyətlidirsə, o sahədə aparılan tədqiqatlar da bir o qədər genişmiqyaslıdır. Bu məqsədlə AMEA Naxçıvan Bölməsinin Bioresurslar İnstitutunda taxıl sortları ilə bağlı aparılan tədqiqatlar və əldə edilən uğurlu nəticələr düzgün qurulmuş elmi istiqamətdən xəbər verir. Bundan başqa, bioresursların tədqiqi istiqamətində həyata keçirilən tədbirlər muxtar respublikada reallaşdırılan bir sıra dövlət pro­qramlarının, o cümlədən ərzaq ehtiyatının yaradılması, taxılçılığın, meyvəçilik və tərəvəzçiliyin inkişafı və başqa bu kimi vəzifələrin icrası işinə də öz töhfələrini verir.
Bu gün AMEA Naxçıvan  Bölməsində 1 akademik, 4 nəfər AMEA-nın müxbir üzvü, 7 elmlər doktoru, 52 fəlsəfə doktoru fəaliyyət göstərir. Bu  elmi potensialın mövcudluğu  və göstərilən qayğı hesabına müxtəlif illərdə iki cilddə “Naxçıvan Ensiklopediyası”, “Naxçıvan Abidələri Ensiklopediyası”, “Naxçıvanın tarixi atlası”, “Naxçıvanın folklor antologiyası” (3 cilddə), “Naxçıvanın Teatr Salnaməsi”, Naxçıvanın flora və faunasına aid “Qırmızı kitab”, “Naxçıvanın arxeoloji abidələri”,  “Azərbaycan Xalq Cümhuriyyəti və Naxçıvan”, “Qədim Şərur”, “Naxçıvan və naxçıvanlılar”, “Nuh Peyğəmbər: Dünya tufanı və Naxçıvan”, “Azərbaycan Respublikası şənlik-mərasim nəğmələri”, “Naxçıvan ağızları” (türk dilində) və başqa qiymətli əsərlər nəşr edilmişdir. Bu gün çoxlu sayda faktlar saymaq olar ki, Naxçıvanda məhz dövlətimizin elmə göstərdiyi  qayğı sayəsində elm adamlarımız böyük uğurlara imza atmışlar.

Bunu da qeyd etmək vacibdir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin qayğısı ilə AMEA-nın Naxçıvan Bölməsi Naxçıvanda elmimizin baş qərargahı vəzifəsini uğurla həyata  keçirir. Məhz Ali Məclis Sədrinin göstərdiyi qayğı sayəsində Naxçıvan Bölməsinin elmi-texniki təminatı sahəsində yüksək uğurlara nail olunmuş, yeni avadanlıqlarla təchiz edilmiş laboratoriyalar yaradılmış, xüsusilə dünya kitabxanaları ilə bilavasitə əlaqəni təmin edən Elektron kitabxana qurulmuşdur. Bölmə əməkdaşlarının informasiya-kommunikasiya texnologiyaları ilə tam təchiz olunmuş rahat iş otaqları ilə təmin olunması da Azərbaycan elminin gələcəyə inamla addımlamasının bir təzahürü kimi razılıq doğurur. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun “...Qarşılıqlı şəkildə diqqət yetirilməli sahələr çoxdur. Bunlardan ən vacibi isə keçmiş və müasir tariximizin öyrənilməsi, xalqımızın kimlik pasportu olan abidələrimizin tədqiq olunması, qorunub saxlanmasıdır. Bu sahədə hələ çox iş görülməli, ...tarixi coğrafiyamız yenidən və dərindən öyrənilməli, tədqiq edilməlidir” fikirləri isə naxçıvanlı elm adamlarının qarşısında başlıca vəzifə və məqsəd kimi dayanır, elmi fəaliyyət proqramı olaraq gələcək elmi araşdırmaların konkret istiqamətlərini müəyyənləşdirir.

Ramiz QASIMOV
filologiya üzrə fəlsəfə doktoru

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR