24 Dekabr 2024, Çərşənbə axşamı

Ekoloji tərbiyə işində müxtəlif yollardan, forma və metodlardan istifadə edilir. Ekoloji tərbiyə hələ kiçik yaşlardan başlanmalıdır. Erkən yaşlardan uşaqlarda təbiət hadisələrinə düzgün baxış formalaşdırmaq, onlara təbiəti, canlıları sevdirmək, uşaq qəlbində xeyirxahlıq hissləri oyatmaq lazımdır. Kiçik yaşlardan buna diqqət yetirilməzsə, uşaqda təbiətə, heyvan və quşlara qarşı laqeydlik, hətta qəddarlıq, rəhmsizlik hissləri baş qaldıra bilər. Təbiətə qarşı qəddarlıq təbiət gözəlliklərinə laqeydlikdən, ətraf aləmə qeyri-həssas münasibətdən, bir sözlə, uşaq qəlbində xeyirxahlıq hisslərinin kütləşməsindən başlanır.

Ekoloji tərbiyə sahəsində dərslərdə aparılan iş sinifdənxaric və məktəbdənkənar tədbirlər yolu ilə daha da dərinləşdirilir. Yerli şəraitdən asılı olaraq, təbiəti mühafizə işinin müxtəlif formalarından istifadə olunur: məktəb meşəçiliyi, gənc təbiətçi dərnək və klubları, məktəb qoruqları, meyvə bağları, şagird istehsalat briqadaları, ekologiya üzrə olimpiada və viktorinalar, məktəb ekologiya cəmiyyəti, ekologiya ayları, ekologiya reydləri və sair belə maraqlı formalardandır. Məktəblərdə və yaşayış yerlərində yaşıllıq iməciliklərinin keçirilməsi, mavi və yaşıl keşikçi dəstələrinin yaradılması, ilk çiçək bayramlarının, meşə və quş günlərinin, təbiət dostları və gənc bağbanların müsabiqələrinin təşkili kimi tədbirləri məktəblərdə ənənə şəklinə salmaq lazımdır.
Babək Rayon Ekoloji Tərbiyə Mərkəzi də öz işini bu istiqamətdə qurmağa çalışır. 1991-ci ildən fəaliyyətə başlayan  mərkəzin rayonun Nehrəm, Cəhri, Vayxır, Şıxmahmud və digər ümumtəhsil məktəblərində 55 qrupu yaradılıb. Bu qruplara 850 şagird cəlb edilib. Onlarda doğma yurdun təbiətinə məhəbbət hissləri formalaşdırmaq üçün mərkəzin müəllimləri bütün imkanlarından istifadə edirlər. Mərkəzdə “Ekologiya”, “Fauna və flora”, “Ekoloji mədəniyyət”, “Naxçıvan Muxtar Respublikasının dərman bitkiləri”, “Naxçıvan Muxtar Respublikasının heyvanat aləmi”, “Gülçülük və insan psixologiyası” və başqa dərnəklər öz məşğələlərini günün tələbləri səviyyəsində qurmağa səy göstərir, mövzu ilə əlaqədar bəzi məşğələlərin təbiətin qoynunda keçilməsinə çalışılır. Dərnək üzvlərinin rayon və respublika səviyyəli tədbirlərdə fəal iştirak etmələri diqqət mərkəzində saxlanılır. Onların muxtar respublikanın təbiət abidələrinə ekskursiyaları təşkil olunur. Bu ekskursiyalarda diyarımızın zəngin fauna və florası barədə söhbətlər aparılır, herbarilər düzəldilir. Mərkəzdə həmin herbarilərdən ibarət sərgi hazırlanır.
Mərkəzin öhdəsində 3 hektara yaxın torpaq sahəsi var. Ötən il bu ərazidə muxtar respublikanın iqliminə uyğun 1000-ə yaxın ting əkilib.  
Tədris ilinin əvvəllərində mərkəzin dərnək üzvləri üçün Heydər Əliyev Muzeyində “Ulu öndər Heydər Əliyev və Azərbaycan təbiəti” mövzusunda açıq dərs keçilib. Ümummilli liderin 90 illik yubileyi və muxtar respublikamızda 2013-cü ilin “Heydər Əliyev ili” elan edilməsi münasibətilə silsilə tədbirlər keçirilib. 2014-cü ildə – “Muxtariyyət ili”ndə də müxtəlif tədbirlərin keçirilməsi nəzərdə tutulub.
Mərkəzin kollektivi bundan sonra da qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsinə çalışacaq, məktəblilərin ekoloji tərbiyəsinin düzgün formalaşdırılmasında fəallıq göstərəcəkdir.

Ramiz BABAYEV
Babək Rayon Ekoloji Tərbiyə Mərkəzinin direktoru

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR