Universitetə qəbula hazırlaşan abituriyentdən tutmuş ali təhsil müəssisəsində çalışan hər kəsi düşündürən suallardan biri də budur: distant təhsil nədir və təhsilin bu forması Azərbaycan təhsil məkanına necə tətbiq olunacaq? Əvvəlcə, distant təhsilin yeri və inkişaf tarixi haqqında məlumat vermək faydalı olar. Distant təhsillə bağlı internet üzərindən apardığım araşdırmalar 3 istiqaməti əhatə etmişdir: dünya təhsil məkanında distant təhsil; Azərbaycanda distant təhsilin yaranması və inkişaf tarixi, Naxçıvan Muxtar Respublikasında distant təhsilin tətbiqi imkanları.
Dünya tarixində distant təhsil
Distant təhsil iki subyekti birləşdirir – tələbə və onu dəstəkləyən təhsil müəssisəsini. Distant təhsil tarixən iki istiqamətdə həyata keçirilmişdir: məsafədən idarə olunmaqla birtərəfli və ikitərəfli. Birtərəfli təhsil öyrənənə təhsil verən tərəfindən məsafəli şəkildə mövzu ilə bağlı materialların çatdırılması yolu ilə həyata keçirilmişdir. İkitərəfli distant təhsil öyrədən və öyrənənin məsafəli şəkildə qarşılıqlı fikir mübadiləsi ilə həyata keçirilən təhsil forması kimi qəbul edilmişdir.
Distant təhsil formasının araşdırıcıları bu cür təhsilin ilkin rüşeymlərinin pedaqogika elminin atası sayılan Yan Komenskinin 1633-1638-ci illərdə qələmə aldığı “Böyük didaktika” əsərində əks olduğunu qəbul edirlər. Bu əsərdə təhsil verənlə təhsil alan arasındakı qarşılıqlı mübadilə geniş şərh olunsa da, distant təhsil konsepsiyasının 1728-ci ildən formalaşdığını qəbul edənlər də az deyil. Demək olar ki, həmin tarixdən bu günədək distant təhsil konsepsiyası olduğu kimi qalsa da, dəyişən yalnız kommunikasiya kanalları olmuşdur. Təxminən 300 il əvvəl Kaleb Filipsin distant təhsilin ilk təşkilatçısı kimi Boston qəzetində şəhərətrafı bölgələrdən tələbələrin sürətli yazı və mühasibatlıq kursuna dəvət elanı verməsi maraq doğurur. Onun tətbiq etdiyi metod vasitəsilə məşğələnin mövzuları həftədə bir dəfə poçtla tələbələrin yaşadıqları ünvanlara göndərilirdi.
Tezliklə bu üsulu öz fəaliyyətində tətbiq edən, Birləşmiş Krallıqda yaşayıb fəaliyyət göstərən İsaak Pitman 1840-1890-cı illərdə arzu edənlərə sürətli yazı metodikası dərslərini poçt xidmətindən istifadə yolu ilə təmənnasız göndərir və belə hesab edirdi ki, cəmiyyətin inkişafı onun bütün təbəqələrinin dini və siyasi görüşlərindən, cəmiyyətdə tutduğu mövqedən asılı olmayaraq, ali təhsilə sərbəst çıxışındadır.
XIX əsrin 70-ci illərində Amerikada da distant təhsilin ilk rüşeymləri görünməyə başlamışdır. Belə ki, Anna Eliot Tiknor 1873-cü ildə qadınların poçt xidməti yolu ilə təhsil almaları üçün mexanizm hazırlayır və onu “Tiknor Cəmiyyəti” adlandırır. 1874-cü ildə bu üsul İllinois ştatında fəaliyyət göstərən universitet tərəfindən tələbələrə təklif edilir.
1892-ci ildə Amerikada “Poçt xidməti vasitəsi ilə təhsil”in atası hesab edilən Vilyam Reyni Harper Çikaqo Universitetində ilk dəfə olaraq distant təhsil mərkəzi açır. 1906-cı ildə bu təcrübəni Amerikanın Viskonsin Universiteti də tətbiq edir.
Bəs nə üçün bütün insanlara açıq olan distant təhsildən hamı yararlana bilmirdi? Bu suala XIX əsrin 90-cı illərində ICS (International Correspondence Schools) kompaniyası özünün keçirdiyi böyük sosial eksperimentdən sonra cavab tapa bilir. 1888-ci ildə Amerikada Distant Təhsil Mərkəzi fəaliyyətə başlayır. Bu mərkəzin fəaliyyət məqsədi amerikalı şaxtaçı immiqrantların karyera həvəsini reallaşdırmaqdan ibarət idi. Həmin distant təhsil kurslarına 18 il ərzində ICS vasitəsi ilə bir milyon tələbə qeydiyyata alınır. Nəzərə alsaq ki, həmin dövrdə ABŞ-da 75 milyon əhali yaşayırdı, bunu uğurlu fəaliyyət adlandırmaq olar. Lakin nəticələr ürəkaçan deyildi. Qeydiyyata alınan tələbələrin 83,4 faizi üçüncü kursun məzunu ola bilmir, məzunlar isə cəmi 2,6 faiz təşkil edirdi. ICS-in menecerlərindən biri öz kitabında bu haqda yazırdı: “Tələbələr proqramın çətinliyindən, aşağı motivasiya və praktik vərdişlərin olmamasından şikayətlənirdi”. Beləliklə, 100 il əvvəl aydın idi ki, distant təhsil yalnız yüksək motivasiyalı və mədəniyyətli insanların ala biləcəyi təhsil metodudur. Əgər motivasiya və yüksək mədəniyyət yoxdursa, pulsuz təhsil almağın da nəticəsi olmayacaqdır.
Qısa zaman ərzində distant təhsil imkanları Avstraliyaya qədər gedib çıxır. 1911-ci ildə Kvidlend Universitetində distant təhsil kursları fəaliyyətə başlayır. 1914-cü ildə məktəblərdən uzaqda yaşayan uşaqlara distant şəkildə ibtidai təhsil kursları verilir. Məktəblilər üçün nəzərdə tutulan bu proqram tezliklə Kanada və Yeni Zelandiyada da tətbiq edilir.
1917-ci il inqilabından sonra Rusiyada da distant təhsil forması yaranmağa başlayır. Sovet İttifaqında distant təhsilin yeni modeli işlənib hazırlanır ki, bu da konsultativ təhsil və ya qiyabi təhsil adlanır. Artıq XX əsrin 60-cı illərində SSRİ-də 11 qiyabi təhsil verən universitet fəaliyyət göstərirdi. İkinci Dünya müharibəsindən sonra SSRİ-də tətbiq olunan bu metod Mərkəzi və Şərqi Avropada da tətbiq olunmağa başlayır.
Distant təhsilin inkişafında yeni era
XX əsrin 60-cı illərinin sonlarında Böyük Britaniyada distant təhsilin imkanları dövləti maraqlandırmağa başlayır və bu layihənin reallaşması üçün konkret addımlar atılır. Yeni tədris planları, tədris-metodik vəsaitlər və texnologiyalar hazırlanır. “Açıq Universitet” (Open University) layihəsini kraliça təsis etsə də, onun icrasına nəzarət baş nazir Harold Uilsona tapşırılır. Universitetin rektoru cəmiyyət palatasının spikeri təyin edilir. Açıq Universitet fəaliyyətinin ilk illərində Böyük Britaniya vətəndaşı olan və oxumaq istəyən hər kəsi tələbə kimi qəbul edir. Hətta bakalavr proqramına orta məktəbi bitirmək haqqında rəsmi sənədi olmayanlar da qəbul olunur. Dövlət universiteti olduğuna görə bura müraciət edənlərin sayı ilbəil artır. Dərslər distant şəkildə təşkil edilir, sənədləşmə işləri isə poçt vasitəsi ilə aparılırdı. Fəaliyyətinin ilk illərində yalnız öz vətəndaşlarını qəbul edən universitet sonrakı illərdə xarici vətəndaşların da qəbulunu həyata keçirməyə başlayır. Açıq Universitet bir çox ölkələrdə təhsilin qeyri-ənənəvi yolla həyata keçirilməsini təmin edən layihələr reallaşdırmağa təkan verir. Tələbə əldə etmək uğrunda aparılan mübarizə universitetlərin də bu sahədə inkişafına səbəb olur. Hazırda bu universitet distant təhsil həyata keçirən universitetlər arasında liderlik etməyə davam edir. Hər il bu universitetin qəbul planı 200 min tələbəni keçir.
Hazırda Avropada tanınmış distant təhsil mərkəzlərindən sayılan İspaniya Milli Distant Təhsil Universiteti də ölkə daxilində 60, ölkə xaricində 9 filialı birləşdirir.
1979-cu ildə Çində ilk dəfə olaraq distant təhsil verən milli televiziya və radio şəbəkəsi yaradılır. Bu hadisə distant təhsilin dünyanın bütün qitələrində fərqli dövlətlərin fərqli yanaşması kimi qəbul edilsə də, məqsəd bir idi – açıq təhsil imkanlarını genişləndirmək və bunu əhalinin bütün təbəqələri üçün əlçatan etmək. Beləliklə, XX əsrin ortalarında distant təhsilin imkanlarını televiziya, radio, poçt vasitəsilə həyata keçirilən audio və video materialları əhatə edir.
1989-cu ildə ABŞ-da ətrafında 1500 kollec və telekompaniyanı birləşdirən ictimai televiziya yaradılır (PBS TV). Bu telekanal tədris proqramlarını birləşdirən təhsil kanalı kimi fəaliyyət göstərir. Belə verilişlər içərisində elmin müxtəlif sahələri, biznes və idarəetmə üzrə maraqları əhatə edən proqramlar mühüm yer tutur.
Distant təhsil sahəsində tanınmış universitetlər içərisində Pensilvaniya Universitetini də misal göstərmək olar. Bu universitetin təcrübəsi UNESCO tərəfindən qəbul edilərək digər universitetlərə tövsiyə edilir. Distant təhsil formasının tətbiq edildiyi və bu sahədə böyük təcrübə toplamış ölkələrdən biri də Türkiyədir. Türkiyənin Anadolu Universitetində 1982-ci ildən məsafəli təhsil sistemi tətbiq olunur. Anadolu Universiteti hazırda 1,5 milyon tələbəyə distant təhsil verən dünyanın 3-cü meqauniversiteti hesab edilir.
XX əsrin sonlarında internetin təhsil sahəsində tətbiqi distant təhsilin inkişafına və yeni üfüqlərin açılmasına rəvac verir.
Beləliklə, XX əsrin 80-ci illərində kompüter texnologiyalarının cəmiyyət həyatına daxil olması ilə distant təhsil yeni forma və məzmun kəsb etməyə başlayır. Daha sonra internetin dünyanın bütün ölkələrini simsiz rabitə ilə birləşdirməsi distant təhsilin imkanlarını genişləndirməklə yanaşı, həm də asanlaşdırır. 1995-ci ildə Amerikanın Penn Dövlət Universitetində Jerrold Maddoxun internet üzərindən “İncəsənət haqqında şərh” adlı dərsi ilk dəfə olaraq onlayn yayımlanır. Bu haqda biz daha sonrakı araşdırmalarımızda məlumat verəcəyik. Eyni zamanda informasiya-kommunikasiya texnologiyalarının imkanlarının yaratdığı şəraitdən bəhrələnən ölkəmizdə distant təhsilin yaranması və inkişaf meyilləri də araşdırmamızın əsas istiqamətini əhatə edəcəkdir.
Qloballaşma prosesləri və iqtisadi rəqabət ölkələr arasında texnoloji və elmi cəhətdən rəqabətə, eyni zamanda ixtisaslı işçi qüvvəsinə tələbata gətirib çıxarmışdır. Unutmayaq ki, təhsil sahəsi dövlət və özəl strukturların investisiya prioritetləri içərisində əsas yerlərdən birini tutur. Təcrübə göstərir ki, müasir dövrdə təhsil həm siyasi, həm də iqtisadi xarakter almaqla aparıcı dövlətlərin önəm verdiyi sahələrdəndir. Və biz qloballaşan dünyanın bir parçası kimi milli-mənəvi və bəşəri dəyərlərə, zəngin təcrübəyə əsaslanan təhsil strategiyasını millətin və dövlətin gələcəyinə, dünyadakı yerinin müəyyənləşməsinə hesablanmış şəkildə həyata keçirməliyik.
(ardı var)
Surə SEYİD
Naxçıvan Dövlət Universitetinin tədris işləri üzrə prorektoru,
filologiya üzrə fəlsəfə doktoru, dosent