AMEA Naxçıvan Bölməsində keçirilən elmi seminarda çıxış edən bölmənin Bioresurslar İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Tariyel Talıbov Naxçıvan Muxtar Respublikasının fauna biomüxtəlifliyinin nadir növlərinin fototələlər vasitəsilə müşahidəsinin monitorinqi haqqında məlumat verib. Qeyd edilib ki, institut əməkdaşlarının apardıqları müşahidələr nəticəsində muxtar respublikanın müxtəlif ərazilərində bəbir, vaşaq, çöl pişiyi, bezoar, oxlu kirpi, muflon, çay samuru, dələ, porsuq, qulaqlı kirpi, xəzər uları, kəklik, qaban, canavar, çaqqal və tülkülərin yaşadığı qeydə alınıb, qurulmuş fototələlər vasitəsilə heyvanların və quşların şəkilləri və videogörüntüləri əldə olunub. Həmin görüntülər elektron lövhə vasitəsilə seminar iştirakçılarına nümayiş etdirilib. Vurğulanıb ki, muxtar respublikada ərazilərin təbii landşaftının qorunub saxlanılması, eyni zamanda əlverişli iqlim şəraiti burada müxtəlif nadir heyvan növlərinin yaşamasına imkan verir. Bu istiqamətdə aparılan işlər davam etdirilir.
Sonra seminar iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Elmi seminara yekun vuran AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev muxtar respublikamızın zəngin fauna və florasının daha dərindən öyrənilməsi məqsədilə tədqiqatların genişləndirilməsinin vacibliyini vurğulayıb.
Xəbərlər şöbəsi