Cənubi Koreya Respublikasının Azərbaycandakı səfirliyinin müşaviri Cha Chang-soon Naxçıvan Dövlət Universitetində olmuşdur. Diplomatik nümayəndə universitetin strukturu, Beynəlxalq münasibətlər və xarici dillər fakültəsindəki Koreya Mədəniyyət və Dil Tədrisi mərkəzlərində Koreya dilinin tədrisi ilə tanış olmuşdur. Bildirilmişdir ki, mərkəzdə Koreyanın tarixi, milli mədəniyyəti, ali təhsil sistemi ilə bağlı materiallar toplanmışdır. Hazırlıq kurslarında Koreya dilini universitetin beynəlxalq münasibətlərin tarixi və nəzəriyyəsi ixtisaslaşması üzrə magistrantı, Cənubi Koreya vətəndaşı Canq Second tədris edir.
Naxçıvan Dövlət Universitetinin rektoru, professor Saleh Məhərrəmov universitetin inkişaf yolu, maddi-texniki bazası və beynəlxalq əlaqələri haqqında danışmışdır. Qeyd olunmuşdur ki, bu ali məktəb dünyanın 80-dən çox tanınmış universiteti ilə, o cümlədən Cənubi Koreyanın Kimçonq və Busan Kyumqsunq universitetləri ilə əməkdaşlığa malikdir. Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi ilə (KOİCA) universitet birgə “Naxçıvan Dövlət Universiteti üçün elektron təhsil şəbəkəsi və rəqəmsal multimedia infrastrukturunun yaradılması” layihəsini həyata keçirir. Koreyanın ali təhsil ocaqları ilə əlaqələrin inkişafı Asiya ilə əməkdaşlıq baxımından mühüm əhəmiyyət kəsb edir. Tələbə mobilliyinə əsasən, universitetlər arasında tələbə mübadiləsi də uğurla həyata keçirilir.
Cha Chang-soon ölkələrarası münasibətlərin inkişafından, elm, təhsil sahəsində tərəfdaşlığın əhəmiyyətindən bəhs etmişdir. Bildirilmişdir ki, səfirlik də əlaqələrin davamlı inkişafı üçün öz köməkliyini əsirgəməyəcək.
Tədbirdə “Naxçıvan Dövlət Universiteti üçün elektron təhsil şəbəkəsi və rəqəmsal multimedia infrastrukturunun yaradılması” layihəsinin qarşıda duran növbəti vəzifələri, gələcək əməkdaşlıq məsələləri müzakirə olunmuş, işgüzar səfərlər, tələbə mübadiləsi və digər müştərək tədbirlərin təşkili ilə bağlı təkliflər irəli sürülmüşdür.
Cha Chang-soon universitetdə təhsil alan koreyalı tələbələrlə görüşmüşdür.
Mehriban SULTAN