22 Dekabr 2024, Bazar

Ulu öndər Heydər Əliyev hər bir insanda ən yüksək mənəvi keyfiyyət sayılan milli vətənpərvərlik haqqında belə demişdir: “Milli vətənpərvərlik prinsipi gərək körpəlikdən başlayaraq hər bir vətəndaşın həyat prinsipi, həyat qanunu, nizamnaməsi olsun”.

Vətənpərvərlik hər kəsin doğulub boya-başa çatdığı el-obaya, torpağa, vətəndaşı olduğu ölkəyə məhəbbətdən başlayır. Lakin vətənpərvərlik təkcə Vətəni sevmək deyil, həm də Vətən naminə çalışmaq, onu qorumağa hər an hazır olmaq, onun yolunda hünər, qəhrəmanlıq, fədakarlıq göstərmək, Vətənin, xalqın hər bir nailiyyətinə sevinməkdir. Bu hiss insanda anadangəlmə olsa da, onu düzgün formalaşdırmaq, möhkəmləndirmək, inkişaf etdirmək lazımdır. Bu, insanda bir çox mənəvi keyfiyyətlər – qəhrəmanlıq, fədakarlıq, cəsurluq, mətinlik, dözümlülük hisslərini gücləndirir.

Torpaqlarımız uğrunda 44 günlük Vətən müharibəsi getdiyi bir dönəmdə müzəffər Azərbaycan Ordusu işğal altında olan yurd yerlərimizi ermənilərdən azad etmək üçün təkcə müasir silahlarla deyil, milli ruh, güclü vətənpərvərlik duyğuları, torpaq, Vətən sevgisi ilə silahlanaraq döyüşlərə atılmışdı. Bu döyüşlər bir daha göstərdi ki, zəfər çalmaq üçün birlik, əzmkarlıq, döyüş ruhu və Vətən sevgisi önəmlidir.
Bu gün müstəqil respublikamızın müdafiəsi, ilk növbədə, böyüyən gənc nəslin təlim-tərbiyə işinin düzgün təşkilindən, əsl vətəndaş hazırlığından asılıdır. Bu isə gələcəyimiz naminə ən mühüm vəzifə kimi təhsilimizin qarşısında durur. Biz tarix müəllimləri gələcəyimiz olan gənc nəslin Vətənə məhəbbət, soykökünə, milli-mənəvi dəyərlərinə, ata-babalarının ənənələrinə sədaqət ruhunda tərbiyə olunması baxımından böyük məsuliyyət daşıyırıq. Ona görə də işimizi bu istiqamətdə qurmağa səy göstəririk.
Qeyd etmək istərdim ki, vətənpərvərlik hissinin düzgün formalaşdırılmasında bu fənn böyük əhəmiyyət daşıyır. Şagirdlərə V sinifdən etibarən, “Azərbaycan tarixi” fənninin tədrisinə başlanılır. Bu dərslikdə tariximizin müxtəlif dövrlərinə və tarixi şəxsiyyətlərinə aid məlumatlar verilib. Ancaq bu məlumatları genişləndirmək də vacibdir. Çünki dərslik və proqramla kifayətlənmək olmaz. Həyat davam etdikcə yeni hadisələr, onları doğuran səbəblər də bunu tələb edir. Ona görə də şagirdlərə onlar haqqında da məlumat vermək önəm daşıyır. XI sinfə çatan hər bir şagird Azərbaycan ərazisində mövcud olan dövlətlərdən, baş verənlərdən xəbərdar olmazsa, müasir dövrdə baş verən hadisələrə düzgün qiymət verə bilməz. Şagirdlər Azərbaycan ərazisinə edilən işğalçı yürüşlər, bu ərazilərə hansı imperiyaların marağı olduğunu bildikdən sonra müasir dövrdə baş verən prosesləri analiz etmək qabiliyyətinə malik olur və sərbəst düşünə bilirlər.

Dərsliklərdəki mövzuların şagirdlərin vətənpərvər ruhda böyüməsinə təsiri danılmazdır. Amma bu tərbiyənin formalaşmasında biz müəllimlərdən də çox şey asılıdır ki, onlar həmin mövzuları vətənpərvərlik hisslərinə gətirib çıxara bilsinlər. Ona görə də şagirdlərə Azərbaycanın tarixi filmlərindən kadrlar nümayiş etdirir, muzeylərə, tarixi məkanlara aparır, qəhrəmanlıqlarla döyüş yolu keçmiş şəxslərin həyatı ilə tanış edirik. V sinif Azərbaycan tarixi dərsliyində tədris etdiyimiz mövzular arasında Alban hökmdarı Cavanşirin apardığı düzgün siyasi xətt, Azərbaycan torpaqlarının yadellilərdən azad olunması uğrunda 21 il mübarizə aparmış Babəkin qəhrəmanlığı, qüdrətli hökmdar, böyük dövlət xadimi Şah İsmayılın Azərbaycanı vahid dövlət şəklində birləşdirməsi, Səfəvilər dövlətinin süqutu, Nadir şahın Azərbaycanı yenidən vahid dövlət şəklində birləşdirməsi, onun ölümündən sonra Azərbaycanın xanlıqlara parçalanması, bundan istifadə edən Rusiya və Qacarlar imperiyalarının Azərbaycan torpaqları uğrunda apardıqları ədalətsiz savaşlar və bu savaşların müasir dövrümüz üçün acınacaqlı nəticələrindən olan, Azərbaycanı parçalayan Gülüstan və Türkmənçay sülh müqavilələri, ermənilərin Osmanlı və Qacar imperiyaları ərazisindən Azərbaycanın qərb torpaqlarına – Naxçıvan, İrəvan və Qarabağ torpaqlarına planlı şəkildə köçürülməsi, Birinci və İkinci Dünya müharibəsində iştirak edən Azərbaycanın qəhrəman oğulları, onların keçdiyi döyüş yolu, 20 Yanvar, Qarabağ müharibəsi, Xocalı faciəsi, işğal olunmuş torpaqlarımız, Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun keçdiyi şərəfli döyüş yolu haqqında şagirdlərin başa düşəcəyi tərzdə geniş məlumat verilir. Digər siniflərdə həmin məlumatlar daha da genişləndirilir. Məsələn, IX-XI siniflərdə 1918-ci ildə Naxçıvanda Araz-Türk Respublikasının fəaliyyət göstərməsinə, 1920-ci ilin sonunda Ermənistanın sovetləşməsindən sonra dövlətlərarası ərazi münaqişəsinin iki ölkə arasında faktiki olaraq daxili məsələyə çevrilməsinə, Zəngəzur mahalının Ermənistana verilməsindən sonra ölkənin əsas ərazisindən təcrid olunan Naxçıvanın muxtariyyət məsələsinə geniş yer verilir. Şagirdlərin diqqətinə çatdırılır ki, 1921-ci ildə Naxçıvanın muxtar respublika statusunda Azərbaycanın tərkibində qalmasını şərtləndirən Moskva və Qars müqavilələrinin imzalanması Naxçıvan əhalisinin və ziyalılarının inadlı mübarizəsi, qardaş Türkiyənin tutduğu ədalətli mövqe nəticəsində baş tutub. Müqavilənin imzalanmasından üç il sonra – 1924-cü il fevralın 24-də Naxçıvan muxtar respublikası yaradılıb. Ümummilli lider Heydər Əliyev Naxçıvan Muxtar Respublikasının yaradılmasını yüksək dəyərləndirərək deyirdi: “Naxçıvan Muxtar Respublikasının yaradılması Azərbaycan xalqının olduqca mürəkkəb bir siyasi şəraitdə əldə etdiyi çox böyük tarixi nailiyyətdir”.
İşğal olunmuş torpaqlarımız haqqında məlumatlar isə sırf yeni tarixi dövrə aid olduğu üçün XI sinif dərsliyində daha geniş şəkildə tədris edilir. Düşmən tapdağı altında qalmış torpaqların işğal tarixi haqqında məlumatlar onlara çatdırılır və xəritə üzərində də iş aparılaraq Dağlıq Qarabağ haqqında ətraflı məlumat verilir. Xüsusən Dağlıq Qarabağ bölgəsinin Albaniyanın əzəli tarixi torpaqları olması haqqında ilkin məlumatlar şagirdlərə hələ VI sinifdə mənimsədilir. IX-XI sinifdən etibarən isə şagirdlərə həmin ərazilərin erməni vandalizmi tərəfindən Qarabağ müharibəsi dövründə işğal altına düşməsi haqqında geniş məlumatlar verilir. Birinci Qarabağ müharibəsi dövründə ermənilərin işğalçı siyasəti, mədəniyyətimizə, milli-mənəvi dəyərlərimizə, insan, iqtisadi və təbii resurslarımıza vurduğu ziyanlar haqqında geniş məlumatlar özünə yer alır. Tarix müəllimi kimi Xocalı faciəsinə həsr edilmiş videoçarxları, “Fəryad” və “Xoca” filmlərindən müəyyən hissələri şagirdlərə göstərməklə onlarda milli ruhun oyanmasına çalışır, bütün tarixi hadisələri və qəhrəmanları öz dövrlərinə görə bir-birilə müqayisə edir, onların oxşar və fərqli cəhətlərini təhlil etməklə bu biliklərin şagirdlərin yaddaşlarına həkk olunmasına səy göstəririk.
Vətən yolunda, torpaqlarımız uğrunda gedən döyüşlərdə qəhrəmanlıq göstərmiş oğulların, beynəlxalq yarışlarda bayrağımızı yüksəldən idmançıların, Azərbaycanı dünyada tanıdan dövlət və elm xadimlərinin şəxsi nümunələri də şagirdlər üçün tərbiyə məktəbidir.
Əsl vətəndaş Vətəni sevməyi bacarmalıdır. Dilini, dinini, milli-mənəvi dəyərlərini, Vətəninin ərazi bütövlüyünü qorumağı, qanunlarımıza hörmətlə yanaşmağı bacarmalıdır. Dövlət rəmzlərimizi bilməli, sərvətlərimizi göz bəbəyi kimi qorumağı, qanunlarımıza hörmətlə yanaşmağı bacarmalıdır. Ən ümdəsi isə odur ki, həyatda yerini düzgün tutmalı, Vətənə layiqli övlad olmalıdır. Əsl vətənpərvər lazım gələndə canını qurban verməyi belə, bacarmalıdır. Və biz bu gün sevinirik ki, yüksək vətənpərvərlik hissləri ilə tərbiyə olunmuş gəncliyimiz var və bu gənclik böyük siyasi irsin daşıyıcısı, Ali Baş Komandanımız, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin çağırışı ilə 44 günlük Vətən müharibəsi dövründə işğal altında olan torpaqlarımızı azad etdilər və tarixi qədim olan Azərbaycanımızı öz ərazi bütövlüyünə qovuşdurdular.

Can qurban etmənin vaxtı çatıbsa,
Səndən hansı namərd əsirgəyər can?
Qoyaram başımı ayaqlarına,
Ey ana torpağım! Ey Azərbaycan!

Ulduz EYVAZOVA

Naxçıvan Qarnizonu tam orta
məktəbinin tarix müəllimi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR