Təlimlərin yüksək səviyyədə təşkilini təmin etmək məqsədilə Heydər Əliyev adına tam orta məktəbdə STEAM Tədris Mərkəzi yaradılıb. Dünən mərkəzin təqdimatı olub.
Təqdimatda Naxçıvan Muxtar Respublikasının Təhsil naziri Rəhman Məmmədov çıxış edərək bildirib ki, diyarımızda təhsilin inkişafına yaradılan şərait yeni təlim metodlarının tətbiqinə geniş imkanlar açmışdır. Buna görə də Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığı ilə 2020-2021-ci tədris ilindən muxtar respublikada STEAM layihəsinin tətbiqinə başlanılıb. Ümumtəhsil müəssisələrində STEAM kabinələri yaradılır, kabinələr lazımi avadanlıqlarla təchiz olunur. Həmçinin təlimə aid metodik vəsaitlər, eləcə də VI və VII sinif dərslik və proqramları çap olunaraq istifadəyə verilib. Bildirilib ki, ötən müddət ərzində Şərur rayon Qarabürc və Şəhriyar, Ordubad şəhər 1 nömrəli və Nüsnüs, Naxçıvan Qarnizonu, Naxçıvan şəhər 5, 11, 12 və 14 nömrəli tam orta məktəblərdə, Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində, Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Liseydə, Culfa Rayon Texniki Yaradıcılıq Mərkəzində və Heydər Əliyev adına Hərbi Liseydə STEAM kabinələri yaradılmışdır. Bundan başqa 38 məktəbdə STEAM kabinələrinin yaradılmasına başlanılıb.
Vurğulanıb ki, bu sahədə kadrların hazırlanması istiqamətində də tədbirlər həyata keçirilib. Bu günə qədər 60 müəllimə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi, 150 müəllimə isə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən STEAM təlimləri keçirilib.
Təhsil naziri bildirib ki, muxtar respublikada STEAM üzrə müəllim kadrların hazırlanması STEAM Tədris Mərkəzinin yaradılmasını zəruri edib. Bu məqsədlə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığı ilə Heydər Əliyev adına tam orta məktəbdə STEAM Tədris Mərkəzi üçün yer ayrılıb və mərkəz ən müasir dizaynda hazırlanmış avadanlıqlarla tam təmin olunub.
Rəhman Məmmədov muxtar respublika təhsilində interaktiv təlim metodlarının tətbiqinə göstərdiyi diqqət və qayğıya görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə təhsil işçiləri adından minnətdarlığını bildirib.
Sonra mərkəzdə quraşdırılan avadanlıqlara baxış olub. Məlumat verilib ki, mərkəz müasir dizaynda mebel avadanlıqları, elektron lövhə, 10 ədəd kompüter, 1 ədəd 3D printer və müxtəlif rəngdə çap materialı, Makeblock, mBot, Arduino BT robotlar, Mindstorms və education lego dəstləri, 3D qələmlər, Arduino və BBC Micro:bit proqramlama və inkişaf dəstləri, servo mühərriklər, LCD ekranlar, micro idarəetmə modulları, RGB led və naqillər, müxtəlif ölçüdə mikro mexanizmlər, kiçik elektronik komponentlər, təlim dəstləri, müxtəlif fiqurların hazırlanması üçün lazım olan alətlər, tədris üçün ofis ləvazimatları və materialları ilə tam təmin olunub.
Qeyd edək ki, STEAM fənlərin ayrı-ayrılıqda deyil, inteqrasiyalı tədrisini nəzərdə tutur. Nəzərə alaq ki, müasir dövr özü ilə bir sıra yeni peşələr formalaşdırır. PUA, dron istifadəçiləri, smartfon texnikləri və digər yeni peşələr yaranır. Analitik düşüncə və innovativlik, kreativlik, emosional intellekt kimi yeni bacarıqlar daha çox lazım olacaq. Ona görə də şagirdlərdə bu bacarıqların formalaşdırılması olduqca vacibdir. Onlar yaşadıqları dövrə uyğun ixtiralar etmək üçün hazır olmalıdırlar. STEAM şagirdlərdə XXI əsr bacarıqlarını, kreativlik, tənqidi düşüncə, müxtəlif proqramlaşdırma dillərini tətbiq etməklə müasir İKT avadanlıqlarından istifadə edə bilmə qabiliyyətlərini inkişaf etdirir.
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi