22 Dekabr 2024, Bazar

Hər hansı bir dövlətin bütün istiqamətlərdə yüksək səviyyədə inkişafı onun təhsilinin inkişafından birbaşa asılıdır. Təhsilin inkişafı isə yaradılan tədris şəraiti, qəbul edilən qərarlardan və həyata keçirilən təhsil islahatları ilə bağlıdır. Muxtar respublikada təhsil quruculuğu sahəsində işlər uğurla aparılır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı ilə muxtar respublikanın şəhər və rayon məktəbləri ilə yanaşı, ən ucqar sərhəd kəndlərində belə, müasirtipli məktəb binaları inşa edilir, əsaslı təmir olunur və ya yenidən qurularaq şagirdlərin istifadəsinə verilir. Bu isə muxtar respublikada təhsilin keyfiyyətinin yüksəlməsinə, müəllimlərin səmərəli fəaliyyətinə geniş imkanlar açır.

Ordubad rayonunda da təhsil müəssisələrinin infrastrukturunun yaxşılaşdırılması diqqətdə saxlanılır. Onlardan biri də Nüsnüs kənd tam orta məktəbidir.
Nüsnüs kənd tam orta məktəbi Naxçıvan şəhərindən 87 kilometr uzaqlıqda, dağ ətəyində yerləşir. 1980-ci ildə istifadəyə verilən məktəb binası digər təhsil müəssisələrinin binaları ilə müqayisədə köhnə, şagirdlərin təhsil almaları üçün əlverişsiz şəraitdə idi. Köhnə tikilidə xidməti otaqlar nəzərdə tutulmamış, laboratoriyalar, idman zalı istifadəyə yararsız halda idi. Məktəb qış fəslində maye yanacaqla qızdırıldığından tədris prosesi çətin olurdu.
Müasirləşən məktəblər sırasında yer alan 414 yerlik yeni məktəb binasında 271 şagirdin təlim-tərbiyəsi ilə 39 müəllim məşğul olur. Üçmərtəbəli, müasir standartlara cavab verən binada 26 sinif otağı, kimya, biologiya və fizika laboratoriyaları, hərbi kabinə, iki şahmat sinfi, iki kompüter, müəllim və psixoloq otaqları, STEAM kabinəsi, kitabxana, qarderob, idman zalı, bufet vardır. Təhsil ocağında quraşdırılan 41 kompüter və 4 elektron lövhə fasiləsiz internetlə təmin olunub. Məktəbdə şagirdlərin təhsilləri ilə yanaşı, onların fiziki hazırlığı da diqqətdə saxlanmış, idman zalında voleybol, basketbol, tennis, güləş və idmanın digər növləri üçün hər cür şərait yaradılmış, həyətdə açıq idman qurğuları quraşdırılmışdır.
Məktəbin məzunları hər il ali məktəblərə qəbul imtahanlarında iştirak edərək uğur qazanırlar. Son 5 ildə bu təhsil ocağını 49 şagird bitirmiş, onlardan 24-ü ali məktəblərə, 7-si isə orta ixtisas təhsili müəssisələrinə qəbul olmuşdur. Məzunlardan 8-i 500-700 arası bal toplamış, 1-i Qızıl nişana, eyni zamanda Prezident təqaüdünə layiq görülmüşdür. Təkcə ötən tədris ilində şagirdlərdən 1-i respublika, 2-si isə muxtar respublika fənn olimpiadalarının qalibi olmuşdur.
Məlum olduğu kimi, son zamanların ən üstün təlim metodu olan STEAM təlim metodunun artıq muxtar respublikada da tətbiqinə başlanılıb. Ordubadda fəaliyyət göstərən təhsil müəssisələri arasında ilk olaraq Nüsnüs kənd tam orta məktəbində STEAM kabinəsi yaradılıb ki, hazırda da həmin məktəbdə STEAM təlim metodu şagirdlərə tədris olunur. Yeni yaradılan STEAM kabinəsi bütün lazımi avadanlıqlarla tam təchiz olunaraq şagird və müəllimlərin istifadəsinə verilmişdir.
Hazırda isə Ordubad şəhər 1 nömrəli, Pəzməri, Dırnıs, Vələver kənd tam orta məktəbləri və Ordubad rayon məktəbdənkənar tərbiyə müəssisələrinin yenidən qurulması, həmçinin rayon məktəbdənkənar tərbiyə müəssisələrində yeni innovativ dərnəklərin yaradılması istiqamətində işlər davam edir.
Bütün bu nailiyyətlər heç də asanlıqla əldə olunmur. Bu gün muxtar respublikada təhsillə bağlı imzalanan sərəncamlar, qəbul edilən Dövlət proqramları, həyata keçirilən uğurlu layihələr bu sahədə əldə olunan uğurların çoxalmasına səbəb olur.
Muxtar respublikamızda yeniləşən, müasirləşən 200-dən çox məktəb sırasında bu gün Nüsnüs kənd tam orta məktəbi də öz yerini tutub. Yeni məktəb binası pedaqoji kollektivə həm böyük motivasiya verir, həm də məsuliyyətini artırır. Artıq şagirdlər ən müasir təhsil şəraitinə malik məktəbdə elmin sirlərinə yiyələnirlər. Yaradılan şərait şagirdlərin daha yaxşı təhsil almaları ilə yanaşı, həm də müəllimləri səylə çalışmağa ruhlandırır. Məktəbin yeni binası isə öz memarlıq üslubu və müasir tədris imkanları ilə yenilənən Naxçıvanda, yenilənən məktəblər sırasında tarixə yazıldı.
Bu gün məktəb xalqın, dövlətin gələcəyi üçün böyük məsuliyyət daşıyan bir ümmandır. Çünki burada sabahımızı etibar edəcəyimiz nəsil yetişdirilir. Ona görə də məktəbə qayğı, elə xalqın və dövlətin gələcəyinə qayğıdır.

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR