Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2018-ci il 9 aprel tarixli Sərəncamı ilə martın 27-si Azərbaycan Respublikasında “Elm günü” kimi təsis edilmişdir.
Azərbaycan Elmlər Akademiyası ötən dövrdə şərəfli inkişaf yolu keçmişdir. Elmlər Akademiyası ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründə daha dinamik inkişaf etmiş, ölkəmiz sürətlə inkişaf edən, yüksələn respublikaya çevrilmişdir. Azərbaycan Respublikası dövlət müstəqilliyi qazandıqdan və dahi rəhbərin ölkəmizdə ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra xalqımızın ictimai-siyasi, milli-mənəvi və mədəni həyatında keyfiyyətcə yeni bir mərhələ başlamışdır. 1997-ci il yanvarın 31-də Azərbaycan Elmlər Akademiyasının rəhbərliyini, alimlərin bir qrupunu Prezident sarayında qəbul edən ümummilli lider demişdir: “Azərbaycan Elmlər Akademiyası respublikamızın ən yüksək elmi müəssisəsidir. O, dövlətə məxsusdur. Bu akademiyanın işi və orada işləyənlərin səviyyəsi, şübhəsiz ki, başqalarından yüksəkdir, yüksək də olacaq. Biz akademiyanın hörmətini həmişə qoruyub saxlamalıyıq.”
Ulu öndər Heydər Əliyevin 2001-ci il 15 may tarixli Fərmanına əsasən, Azərbaycan Elmlər Akademiyası Azərbaycan Milli Elmlər Akademiyası adlandırıldı. Ümummilli liderin böyük diqqət yetirdiyi Azərbaycan elminin inkişaf konsepsiyası bu gün dövlət siyasətinin tərkib hissəsi kimi uğurla davam etdirilir. Ölkə Prezidenti cənab İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin Avropa ali təhsil məkanına inteqrasiyası ilə bağlı bəzi tədbirlər haqqında” və “Azərbaycan elmində islahatların aparılması ilə bağlı Dövlət Komissiyasının yaradılması haqqında” sərəncamlar öz gələcəyini möhkəm və sağlam elmi zəmində qurmaq istəyən qüdrətli Azərbaycanın işıqlı sabahına ünvanlanmışdır.
Naxçıvan Muxtar Respublikasının geosiyasi vəziyyətini nəzərə alaraq, elmi-tədqiqat qurumlarının fəaliyyətini gücləndirmək, mövcud elmi potensialdan səmərəli istifadə etmək, diyarın tarixi, arxeologiyası, etnoqrafiyası və təbii sərvətlərinin öyrənilməsi üçün daha əlverişli şərait yaratmaq məqsədilə ulu öndər Heydər Əliyevin 2002-ci il 7 avqust tarixli sərəncamına əsasən AMEA-nın Naxçıvan Bölməsi yaradıldı. Ümummilli lider bu münasibətlə keçirilmiş müşavirədə Bölmənin qarşısında duran vəzifələrdən danışarkən demişdir: “Mən bununla Naxçıvan Muxtar Respublikasının indiyə qədər çox az öyrənilmiş qədim tarixinin, mədəniyyətinin, elminin, ədəbiyyatının yenidən dərindən araşdırılması və onlar haqqında elmi əsərlərin... hazırlanması məqsədi daşıyıram. Eyni zamanda, Naxçıvanın özünəməxsus təbiəti, təbii sərvətləri, torpağı, tarixi abidələri də, təəssüf olsun ki, indiyə qədər lazımi dərəcədə öyrənilməyib, bəlkə də, düz olaraq deyim ki, heç öyrənilməyibdir. Bunlara, mənim irəli sürdüyüm məsələlərin öyrənilməsinə böyük ehtiyac var”.
AMEA Naxçıvan Bölməsinin yaradılması muxtar respublikada elmin daha da inkişaf etməsinə geniş imkanlar açmışdır. Bölmənin yaradılması Naxçıvanda elmi mühitin canlanmasına və elmin inkişafına əsaslı təsir göstərdi. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun təşəbbüsü ilə “Uluslararası qaynaqlarda Naxçıvan”, “Uluslararası Dədə Qorqud simpoziumu”, “Yaxın tariximizdə Naxçıvan və Qars”, “Naxçıvanda kiçik biznesin və sahibkarlığın inkişafı”, “Naxçıvan Muxtar Respublikasının təbii ehtiyatları və onlardan daha səmərəli istifadə yolları” beynəlxalq simpoziumlarının keçirilməsi Naxçıvanda elmin hərtərəfli inkişafına təkan vermiş, inkişafın bütün mərhələlərinin elmi əsaslar üzrə işlənib hazırlanmasına əsaslı təsir göstərmişdir.
Elmə göstərilən diqqət və qayğının nəticəsində ilk olaraq AMEA Naxçıvan Bölməsi üçün iki bina ayrılmışdır. 2005-ci ildə Bioresurslar İnstitutunun müasir tələblərə cavab verən binası, 2007-ci ildə “Nəbatat bağı”nın inzibati binası istifadəyə verilmişdir. 2014-cü ildə “Nəbatat bağı” ərazisində təmir və bərpa işləri aparılmış, işıqlandırma sistemi və “Ultra Sera” ailəsinə məxsus son texnologiyaya malik istixana qurulmuşdur. 2010-cu ildə Ordubad rayonunun Aşağı Əylis kəndində Bioresurslar İnstitutunun “Biokimyəvi tədqiqatlar” laboratoriyası üçün bina tikilmiş, ən son texnologiyalara uyğun cihaz və avadanlıqlarla təmin olunmuşdur. Ali Məclis Sədrinin dəstəyi ilə “Yaşıl aptek” yenidən qurulmuş, müasir avadanlıqlar alınmışdır. Batabat Astrofizika Rəsədxanasının Batabat stansiyası üçün yeni inzibati bina tikilmiş, teleskop sistemi yenidən qurulmuşdur. Seysmoloji xidmət mərkəzi yenidən qurulmuş, müasir avadanlıqlar və proqram təminatı ilə təchiz edilmişdir. AMEA Naxçıvan Bölməsində, ali təhsil müəssisələrində nəşriyyatlar, elektron kitabxanalar yaradılmışdır ki, elmin inkişafında bu qurumların özünəməxsus rolu və xidmətləri vardır. Elmi-tədqiqat işlərinin səmərəliliyi onun üçün yaradılmış maddi-texniki baza ilə bilavasitə əlaqədardır. Bu cəhətdən şöbə və laboratoriyaların cihaz və avadanlıqlarla təchizi məsələsi hər zaman diqqətdə saxlanılmışdır. Son illər muxtar respublikada elm müəssislərdə maddi-texniki bazasının gücləndirilməsi sahəsində kompleks tədbirlər görülmüş, tədqiqatçılar üçün müasir şöbə və laboratoriyalar qurulmuşdur.
Elmin inkişafı bilavasitə yüksək ixtisaslı elmi kadrların səviyyəsindən, onların elmi fəaliyyətindən asılıdır. Azərbaycan Milli Elmlər Akademiyasına 2003, 2007, 2014 və 2017-ci illərdə keçirilən seçkilərdə Naxçıvandan olan elm adamlarından 3-ü akademik, 13-ü isə müxbir üzv seçilmişdir. Hazırda AMEA Naxçıvan Bölməsində işçilərinin ümumi sayı 264-ə, elmi işçilər isə102-ə çatmışdır. Bölmənin elmi işçilərinin 64,7 faizini elmi dərəcəli, 46,1 faizini isə elmi adı olanlar təşkil edir. Naxçıvan Muxtar Respublikasında 2 AMEA-nın həqiqi üzvü, 7 AMEA-nın müxbir üzvü, 28 elmlər doktoru, 251 fəlsəfə doktoru fəaliyyət göstərir. Elmi əməkdaşlardan 24-ü professor, 194-ü dosent elmi adını almışdır.
Naxçıvanda ilk Dissertasiya Şurası 1997-ci ildə Naxçıvan Dövlət Universitetində yaradılmışdır. Hazırda Naxçıvan Dövlət Universitetində 2 Dissertasiya Şurası fəaliyyət göstərir ki, bu şuralarda Entomalogiya, Parazitologiya, Azərbaycan ədəbiyyatı, Dünya ədəbiyyatı, Azərbaycan dili, Musiqi sənəti üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün dissertasiya müdafiələri keçirilir. Bu günədək Naxçıvan Dövlət Universitetinin Dissertasiya Şuralarında 150-dən artıq tədqiqatçı fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün dissertasiya müdafiə etmişdir. Bu Şuranın əsasında birdəfəlik Şuralar da yaradılmış və doktorluq dissertasiyaları müdafiə edilmişdir.
2006-cı il AMEA Naxçıvan Bölməsində Dissertasiya Şurası yaradılmış, 2013-cü ildən bu şuraya elmlər doktoru dissertasiya müdafiə etmək səlahiyyəti verilmişdir. Hazırda “Vətən tarixi” və “Arxeologiya” ixtisasları üzrə doktorluq Dissertasiya Şurası fəaliyyət göstərir. Fəaliyyəti dövründə şurada 14 nəfər elmlər doktoru, 86 nəfər isə fəlsəfə doktoru dissertasiyası müdafiə etmişdir. 2015-ci ildən bölmənin nəzdində “Botanika” və “Fiziki kimya” ixtisasları üzrə fəlsəfə doktoru Dissertasiya Şurası təsdiq edilmişdir. Şura hazırda “Fiziki kimya” və “Qeyri-üzvi kimya” ixtisasları üzrə fəaliyyətini davam etdirir. Şurada 1 nəfər elmlər doktoru, 6 nəfər isə fəlsəfə doktoru dissertasiyası müdafiə etmişdir.
AMEA Naxçıvan Bölməsinin fəaliyyətini və qarşıda duran vəzifələrini müəyyənləşdirərkən ulu öndərin ideyalarına əsaslanan Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri demişdir: “Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan bölməsi yaranmış şəraitdən məqsədyönlü istifadə etməli, elmi araşdırmalar nəticəli olmalı, onların praktikada tətbiqi işinə diqqət artırılmalı, muxtar respublikanın tarixi, arxeologiyası, təbii sərvətləri və onlardan istifadə imkanları barədə tədqiqatlar davam etdirilməli, fundamental nəşrlər hazırlanmalıdır”. Məhz bu fikirlər rəhbər tutularaq müəyyən edilmiş profillərə uyğun Naxçıvanın tarixinin, arxeologiyasının, mədəni mühitinin, folklorunun, flora və faunasının, təbii ehtiyatlarının araşdırılması və əldə olunan mühüm nəticələrin nəşr edilməsi sahəsində də uğurlar qazanılmışdır.
Naxçıvanda aparılan elmi-tədqiqat işlərinin 174 mühüm nəticəsi AMEA-nın illik hesabatlarına daxil edilmişdir. Fəaliyyəti dövründə bölmənin 2 cilddə “Naxçıvan Ensiklopediyası”, “Naxçıvan abidələri ensiklopediyası”, “Naxçıvan tarixi atlası”, 3 cilddə “Naxçıvan tarixi”, “Naxçıvan teatrının salnaməsi”, 3 cilddə “Naxçıvanın folkloru antologiyası”, “Dədə Qorqud yurdu-Naxçıvan” tarixi-coğrafi və etnoqrafik atlası, “Naxçıvan Muxtar Respublikasının təbii sərvətləri: hazırkı vəziyyət və perspektivlər”, 2 cilddə Naxçıvan Muxtar Respublikasının “Qırmızı kitabı”, “Naxçıvan Muxtar Respublikasının ampeloqrafiyası”, “Naxçıvan Muxtar Respublikasının dərman bitkiləri”, “Naxçıvan Muxtar Respublikasının fövqəladə hallar atlası”, 2 cilddə “Naxçıvan coğrafiyası” kimi fundamental nəşrləri işıq üzü görmüşdür. Həmçinin Naxçıvanlı tədqiqatçılar “Azərbaycan ensiklopediyası”nın, “Cümhuriyyət ensiklopediyası”nın, “Türk dünyası ədəbiyyatçıları ensiklopediyası”nın hazırlanmasında fəal iştirak etmişlər. Müvafiq sərəncamlara və tapşırıqlara əsasən AMEA Naxçıvan Bölməsində “Tarixi mənbələrdə Nuh”, “Duzdağ”, “Əlincəqala”, “Gülüstan türbəsi” və“Qarabağlar Türbə Kompleksi”, eləcə də, Naxçıvan diyarının görkəmli şəxsiyyətlərinin həyat və fəaliyyətini özündə əks etdirən “Taleyi və sənəti” seriyası üzrə 14 kitab nəşr olunaraq elmi ictimaiyyətə təqdim edilmişdir.
Ümumiyyətlə, Naxçıvandaali təhsil müəssisələrinin nümayəndələrinin və elmi əməkdaşların 572 monoqrafiyası, 601 kitabı, 62 dərsliyi, 890 dərs və metodik vəsaiti, 22 min 601 elmi məqaləsi, konfrans materialı və tezisi çap edilmiş, 22 xəritəsi tərtib olunmuşdur. Elmi məqalələrindən 420-si “Web of Science”, “Scopus” və digər elmi bazalara daxil olan impakt faktorlu jurnallarda çap edilmişdir.
2002, 2003, 2005-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutu, AMEA Naxçıvan Bölməsi və Naxçıvan Dövlət Universitetinin elmi heyətinin iştirakı ilə Gəmiqaya abidəsinə ekspedisiya təşkil edilmişdir. Xarici ölkə alimlərinin də iştirak etdiyi ekspedisiya zamanı Gəmiqaya təsvirlərinin tarixi, eləcə də uzaq keçmişimizlə bağlı mühüm nəticələr əldə olunub.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2005-ci il dekabrın 6-da “Naxçıvan Muxtar Respublikası ərazisindəki tarix və mədəniyyət abidələrinin qorunması və pasportlaşdırılması işinin təşkili haqqında” Sərəncamına əsasən AMEA Naxçıvan Bölməsi əməkdaşları tərəfindən Naxçıvan Muxtar Respublikası ərazisində 1200-dən çox tarix və mədəniyyət abidəsi aşkar olunmuş və pasportlaşdırılmışdır. Bu abidələrdən 57-si dünya, 485-i isə ölkə əhəmiyyətli tarix və mədəniyyət abidəsidir.
2014-cü ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun təsis edilməsi, elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Naxçıvan Muxtar Respublika mükafatlarının təsis edilməsi, mükafat komissiyasının yaradılması və əsasnaməsinin təsdiq olunması, 2019-cu ildə “Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Elmin İnkişafı Fondunun yaradılması, nizamnaməsinin və Himayədarlar Şurasının tərkibinin təsdiq edilməsi Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin elm və təhsilin inkişafına yüksək münasibəti və bu istiqamətdə regionda dövlət siyasətinin uğurla həyata keçirilməsini ifadə edir.
Muxtar respublikada elmin inkişafında AMEA Naxçıvan Bölməsində, ali təhsil müəssisələrində keçirilən beynəxalq konfranslar önəmli rol oynamışdır. Bunlardan bölmədə müxtəlif elm və tədris müəssisələrinin iştirakı ilə keçirilmiş “Naxçıvan: tarixi gerçəklik, müasir durum, inkişaf perspektivləri”, “Naxçıvan bu gün: islahatlar, perspektivlər”, “Mustafa Kamal Atatürk – Heydər Əliyev - Naxçıvan: həyat və inkişaf modeli”, “Nuh peygəmbər, Dünya tufanı və Naxçıvan”, “Naxçıvan: ilk yaşayış və şəhərsalma yeri kimi”, “Naxçıvan: ilkin şəhər və Duzdağ”, “Naxçıvanın muxtariyyəti tarixi nailiyyətdir”, “Naxçıvanda Dədə Qorqud”, “Naxçıvan qalaları: tarixdə və günümüzdə”, “Naxçıvanın türk-islam mədəniyyəti abidələri: tarixdə və günümüzdə”, “Naxçıvan: İslam mədəniyyətinin paytaxtı”, “Görkəmli Azərbaycan mütəfəkkiri: Nemətullah Naxçıvani” kimi beynəlxalq konfrans və simpoziumları qeyd etmək olar.
Muxtar respubklikada keçirilən çoxsaylı beynəlxalq və respublika səviyyəli elmi konfrans və simpoziumlar elmin inkişafına, Naxçıvana dair bir sıra faktların dəqiqləşdirilməsinə müsbət təsir göstərmişdir. Naxçıvanda elmin himayəçisi olan Ali Məclisin Sədri bu simpozium və konfransların keçirilməsinə dəstək verdiyi kimi, həmin tədbirlərin bir çoxunda iştirak etmiş, dərin məzmunlu çıxışlar etmişdir. Çıxışlarda uğurlar qeyd edilməklə, elmi istiqamətlər və qarşıda duran vəzifələr göstərilmişdir.
Naxçıvan ziyalıları və elm adamları hər zaman dövlətin diqqət və qayğısı ilə əhatə olunmuş, onların elmi fəaliyyətləri yüksək qiymətləndirilmişdir. Muxtar respublikanın elm adamlarından 3 nəfər Azərbaycan Respublikasının Milli Məclisinin deputatı, 3 nəfər Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı seçilmiş, 4 nəfər “Şöhrət”, “Şərəf” ordenlərinə, 7 nəfər Azərbaycan Respublikasının “Əməkdar elm xadimi”, 3 nəfər Prezident mükafatına, 1 nəfər Prezidentin “Fərdi təqaüdünə”, onlarla tədqiqatçı “Tərəqqi” medalına və fəxri adlara layiq görülmüşdür.
Muxtar respublika rəhbərinin elm adamlarına göstərdiyi diqqət və qayğı Azərbaycanın hər yerində, o cümlədən muxtar respublikada elmin, milli ziyalılığın inkişafına, elmi potensialın artmasına misilsiz töhfədir.
AMEA Naxçıvan Bölməsi