Mart ayının 25-də AMEA NB Təbii Ehtiyatlar İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, kimya elmləri doktoru, professor, “Tərəqqi” medallı Tofiq Abbasəli oğlu Əliyevin anadan olmasının 70 ili tamam olur. Onu 1968-ci ildən(BDU-nun Kimya fakültəsində eyni qrupda tələbəliyə başladığımız vaxtlardan-M.Babanlı və H.İbrahimov) və Naxçıvan Dövlət Pedaqoji İnstitutunda (indi NDU) çalışmağa başladığım vaxtdan (1977-ci ildən- Q.Hüseynov) tanıdığımızdan və elminə, savadına, müəllimlik qabiliyyətinə və insani keyfiyyətlərinə yaxından bələd olduğumuzdan bu xoş günlərində onu ürəkdən təbrik edib, geniş ictimaiyyətə yaxından tanıtmağı özümüzə borc bilirik.
Tofiq Abbasəli oğlu Əliyev 1951-ci il mart ayının 25-də Naxçıvan MR, Naxçıvan şəhərinin Əliabad qəsəbəsində anadan olmuşdur. 1958-ci ildə qəsəbə məktəbində ibtidai təhsilinə başlayan Tofiq Əliyev o vaxtlar Azərbaycan KP Naxçıvan Vilayət və şəhər təşkilatlarında məsul vəzifələrdə çalışmış atası Abbasəli Əliyevin 1961-ci ildə avtomobil qəzası nəticəsində vaxtsız (38 yaşında!) vəfatından sonra təhsilini Naxçıvan şəhərində yenicə açılmış internat məktəbində davam etdirmişdir.1968-ci ildə həmin məktəbdə orta təhsilini "gümüş" medalla başa vuran Tofiq, elə həmin il Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universitetinin) kimya fakültəsinə daxil olmuş, 1973-cü ildə ali təhsilini başa vurduqdan sonra təyinatı üzrə bir il Saatlı rayonunda müəllim işləmiş, 1974-cü ildən taleyini Naxçıvan Dövlət Universiteti ilə bağlamışdır. O, burada öncə baş laborant, sonra assistent, müəllim, baş müəllim, dosent, dekan müavini vəzifələrində, 1999-cu ildən 2019-cu ilin oktyabr ayınadək kimya kafedrasının müdiri vəzifəsində çalışmışdır.Professor T.Əliyev 2019-cu ilin oktyabr ayından AMEA NB Təbii Ehtiyatlar İnstitutuna direktor vəzifəsinə təyin olunmuşdur. Bütün bu dövrlər ərzində o, özünü ixtisasını dərindən bilən əsl müəllim (dəfələrlə onun dərslərində olmağım mənə bu fikirləri cəsarətlə söyləməyə əsas verir -Q.Hüseyinov) və istedadlı tədqiqatçı, həmçinin geniş dünyagörüşə malik əsil ziyalı kimi tanıtmışdır. O, həmişə pedaqoji fəaliyyətini elmi fəaliyyətlə əlaqələndirməyi bacarmışdır. Naxçıvan Dövlət Universitetinin tarixində ilk dəfə eksperimental xarakterli tədqiqat işlərinin aparılması məhz Tofiq Əliyevin adı ilə bağlıdır. Hələ 1977-ci ildə mərhum professor İsrafil Məmmədovun rəhbərliyi ilə onun tərəfindən yığılan qurğular öncə tələbələrin diplom işlərinin yerinə yetirilməsinə, sonralar həm də onun özünün namizədlik dissertasiyası, daha sonra isə doktorluq dissertasiyası ilə bağlı tədqiqatların aparılmasına xidmət etmişdir.
Naxçıvan Dövlət Universitetində həyata keçirilməsi mümkün olmayan bəzi tədqiqatları aparmaq üçün Tofiq Əliyev NDU tarixində ilk dəfə olaraq xarici ölkəyə -İran İslam Respublikasının Təbriz Dövlət Universitetinə elmi ezamiyyəyə göndərilmiş, orada əldə etdiyi elmi nəticələr həmkarlarının böyük marağına səbəb olmuşdur.
Tofiq Əliyevin apardığı tədqiqat işlərinin əsas hissəsi böyük elmi-praktiki əhəmiyyət kəsb edən bir məsələyə-neft və qaz sənayesində istismar olunan polad avadanlıqların korroziya, abraziv və mikrobioloji dağılmadan mühafizəsi məsələlərinə həsr olunmuşdur. O, 1988-ci ildə Azərbaycan SSR EA-nın QÜFKİ-də 02.00.04-"Fiziki-kimya" ixtisası üzrə "İkifazalı karbohidrogen –elektrolit sistemlərində fenolun bəzi törəmələri vasitəsilə poladın korroziyadan inhibitorlaşdırılması prosesinin fiziki-kimyəvi öyrənilməsi" mövzusunda "xidməti istifadə üçün " qrifinə malik namizədlik dissertasiyası, 2011-ci ildə isə Bakı Dövlət Universitetində 02.00.04.-"Fiziki-kimya"və 02.00.13-"Neft kimyası" ixtisasları üzrə "Fenollar, merkaptosirkə və ksantogenat turşularının bəzi funksional törəmələrinin inhibitor təsirinin fiziki-kimyəvi əsasları" mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir. 1991-ci ildə dosent elmi adına layiq görülmüş, 2013-cü ildə Naxçıvan DU Elmi Şurası, 2017-ci ildə isə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası ona professor elmi adı vermişdir. O, 2017-ci ildə AMEA-nın müxbir üzvü seçilmişdir. Tofiq Əliyev dəfələrlə Rusiya Federasiyası, Ukrayna və Türkiyənin bir çox şəhərlərində keçirilən beynəlxalq konfrans, simpozium və qurultaylarda iştirak etmiş, maraqlı məruzələri ilə həmkarlarının diqqətini cəlb etmişdir (bu elmi forumların bir çoxunda birgə iştirakımız, onu mənə yaxından tanıtmış və sevdirmişdir -Q.Hüseynov). Onun məqalələri Rusiya Federasiyası, Ukrayna, Türkiyə, Hollandiya, eləcə də respublikamızda nəşr olunan müxtəlif nüfuzlu jurnallarda dərc edilmiş, apardığı tədqiqatlar istər ölkəmizdə, istərsə də xaricdə yaşayan bir çox tanımış alimlər tərəfindən yüksək dəyərləndirilmişdir. Çoxsaylı tədqiqat işləri nəticəsində Tofiq Əliyev əlverişli xammallar əsasında nisbətən sadə üsullarla alınmış və bir neçə aqressiv sistem və polad nümunələri üçün yararlı olan yüksək effektli korroziya inhibitorları təklif etmişdir. Bu birləşmələrin mühüm üstünlüyü həm də ondan ibarətdir ki, onlar korroziya prosesinə qarşı yüksək effektivli inhibitor təsirinəmalik olmaqla yanaşı, bir sıra əlavə faydalı xassələrə də, məsələn, antiabraziv, bakterisid, antioksidləşdirici və s. təsirə malik olurlar. Həmin birləşmələr korroziya inhibitoru, antiabraziv aşqar, bakterisid təsiri baxımından İKSQ-1, PİKON, AEF və s. bu kimi sənaye inhibitorlarını, Don-2, Neftexim-3, Dodiqon-1807 və s. kimi sənaye bakterisidlərini üstələyir və ya onlarla eyni səviyyədə dururlar. Mütəxəssislərin fikrinə görə həmin birləşmələrin neft və qaz sənayesində neft və qaz kondensatının çıxarılması, ilkin emalı, saxlanılması və nəqlindən ibarət ən müxtəlif mərhələlərdə, eləcə də metalların turşularla emalı prosesində kompleks mübarizə üsulu kimi istifadə edilməsi xaricdə istehsal olunan və alınması respublikamız üçün baha başa gələn korroziya inhibitoru, bakterisid və antiabraziv aşqarlardan imtina etməyə və bununla da yüksək iqtisadi səmərə əldə etməyə imkan vermiş olardı. Digər tərəfdən, müxtəlif qruplardan olan birləşmələrin quruluşu ilə effektivliyi arasındakı asılılıqla bağlı Tofiq Əliyevin müəyyən etdiyi qanunauyğunluqlar həmin sahədə olan ziddiyyətli fikirlərə və qaranlıq məqamlara aydınlıq gətirmiş, korroziyadan inhibitor mühafizəsi nəzəriyyəsini daha da təkmilləşdirmişdir.
Tofiq Əliyev 2019-cu ilin oktyabr ayının 14-də Naxçıvan DU-da pedaqoji fəaliyyətini davam etdirmək şərtiləAMEA NB Təbii Ehtiyatlar İnstitutuna direktor vəzifəsinə təyin edilmişdir. O,qısa müddətdə özünü müsbət mənada tanıtmış, burada ənənəvi tədqiqatlarını davam etdirməklə yanaşı,İnstituta ümumi rəhbərliyi də uğurla yerinə yetirir. Naxçıvan MR ərazisində geniş ehtiyatları olan təbii sərvətlərin, mineralların araşdırılması və tətbiqinə dair əməli fəaliyyəti və faydalı məsləhətləri ilə də həmkarlarına yaxından köməklik göstərir. O, Respublikamızın digər elmi mərkəzlərində, xüsusilə də Bakı şəhərində yerləşən Elmi Tədqiqat İnstitutlarında və BDU-da çalışan tanınmış alimlərin köməkliyi ilə qarşıya çıxan problemlərin həllində də yaxından iştirak edir.
Tofiq Əliyevin apardığı tədqiqatlar 150-dən artıq elmi və elmi metodik əsərlərdə, o cümlədən 5 kitabda (1 dərslik və 4 dərs vəsaitində ),1 dərs proqramında, keçmiş Sovetlər İttifaqının 1 ədəd "xidməti istifadə üçün" qrifinə malik müəlliflik şəhadətnaməsində, Azərbaycan Respublikasının 2 patentində və çoxsaylı məqalə və tezislərdəöz əksini tapmışdır. O, hazırda "Korroziyadan inhibitor mühafizəsi", eləcə də "İngiliscə-rusca-azərbaycanca elektrokimya vəkorroziya terminləri lüğəti" kitablarının üzərində işləyir.
Bütün bunlarla yanaşı Tofiq Əliyev müxtəlif vaxtlarda "Şərq qapısı", "Nuh Yurdu", "İki Sahil" qəzetlərində günün aktual məsələlərinə , o cümlədən Azərbaycanın enerji strategiyasına həsr olunmuş məqalələri ilə də geniş oxucu kütləsinin rəğbətini qazanmışdır.O, mütəmadi olaraq Naxçıvan Televiziyasında görkəmli şəxsiyyətlərin həyat və yaradıcılığına, eləcə də günün digər aktual problemlərinə həsr olunan verilişlərdə iştirak edən ziyalılarımızdandır. Onun Televiziyada etdiyi çıxışlar həmişə tamaşaçılar tərəfindən dərin maraq və rəğbətlə qarşılanmışdır.Tofiq Əliyev barəsində müxtəlif vaxtlarda qardaş Türkiyənin bəzi qəzet və televiziyalarında da xoş məlumatlar verilmişdir.
Tofiq Əliyev yüksək ixtisaslı pedaqoji və elmi kadrların hazırlanması işində də fəal iştirak etmiş və bu gündə edir.
Tofiq Əliyevin səciyyəvi cəhətlərindən biri də onun səmimi, etibarlı, dostluqda sədaqətli, xalqına, vətəninə dərindən bağlı olmasıdır. Məlum Dağlıq Qarabağ hadisələrinin başlanğıcında keçmiş SSRİ rəhbərliyi tərəfindən Azərbaycanın informasiya blokadasına alındığı vaxtlar Tofiq Əliyev ittifaqın müxtəlif şəhərlərində yaşayan kimyaçı və digər tanışlarının köməkliyi iləonlara göndərdiyi qəzet , jurnal, broşüra və məktublar vasitəsilə Azərbaycan həqiqətlərini digər xalqlara çatdırmağa səy göstərmiş, bu işi digər yoldaşlarına da tövsiyə etmişdir.
Elm və təhsil sahəsində uğurları, elmimetodiki hazırlığının yüksək məhsuldarlığı, səriştəli pedaqoq olması nəzərə alınaraq Tofiq Abbasəli oğlu Əliyev Azərbaycan Respublikasının Prezidentinin16 oktyabr 2007-ci il tarixli sərəncamı ilə "Tərəqqi” medalı ilə təltif edilmişdir. O, Azərbaycan Respublikası Müəllimlərinin 14-cü qurultayının nümayəndəsi olmuş (14.12.2013), müxtəlif dövrlərdə universitet rəhbərliyi tərəfindən “Fəxri fərman”larla təltif edilmiş, 2008-ci ildə universitet üzrə keçirilən “İlin alimi” nominasiyasının qalibi olmuşdur.
İstedadına və iş qabiliyyətinə yaxşı bələd olduğumuza görə heç şübhə etmirik ki, Tofiqinbundan sonrakı fəaliyyəti də məhsuldar olacaq, bizləri yeni-yeni uğurları ilə sevindirəcəkdir.
Əziz dost! Səni yubiley münasibətilə ürəkdən təbrik edir, Sənə uzun, eyni zamanda sağlam ömür vəyeni-yeni uğurlar arzulayırıq.
Məhəmməd Babanlı
AMEA Kataliz və Qeyri Üzvi Kimya İnstitutunun
direktor müavini, AMEA-nın müxbir üzvü, professor
Hikmət İbrahimov
AMEA Y.Məmmədəliyev adına NKPİ-nın direktor müavini,
t.e.d., professor, Əməkdar Elm Xadimi
Qasım Hüseynov
BDU-nun professoru,kimya elmləri doktoru, Əməkdar müəllim