Naxçıvan şəhər ümumtəhsil məktəblərində pedaqoji ixtisaslar üzrə təhsil alan təcrübəçi tələbələrin öyrəndikləri nəzəri biliklərin tətbiqi yolu ilə ixtisaslarını dərindən mənimsəmələri və peşəkar müəllim kimi inkişaf etmələrinə şərait yaratmaq məqsədilə “Sabahın müəllimi” layihəsi davam edir. Növbəti görüş martın 18-də Naxçıvan şəhər 14 nömrəli tam orta məktəbdə Naxçıvan Müəllimlər İnstitutunun Riyaziyyat-informatika və İbtidai sinif müəllimliyi ixtisasları üzrə təcrübədə olan tələbələrlə baş tutub.
Təcrübəni aparan Naxçıvan şəhər 9 nömrəli tam orta məktəbin direktoru, Təhsildə inkişaf və innovasiyalar üzrə IV Qrant müsabiqəsinin qalibi Nazim Rəhimov təcrübəçi tələbələrə məktəbin kompüter otağında keçirilən “Kiçik proqramçılar” adlı seminarın əhəmiyyətindən bəhs edib.
Seminar zamanı təcrübəçi tələbələr əyani olaraq “Scratch” proqramı ilə tanış olub və onun işləmə alqoritmini öyrəniblər.
Qeyd edək ki, bu tədris ilində Naxçıvan Müəllimlər İnstitutu və “Naxçıvan” Universitetindən, ümumilikdə, 376 tələbə fevralın 16-dan mayın 22-dək Heydər Əliyev adına tam orta məktəbdə, Naxçıvan Qızlar Liseyində və Naxçıvan şəhər ümumtəhsil məktəblərində pedaqoji təcrübə keçirlər.
Naxçıvan Muxtar Respublikası
Təhsil Nazirliyinin mətbuat xidməti