22 Dekabr 2024, Bazar

Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsində AMEA-nın müxbir üzvü, kimya elmləri doktoru, professor Tofiq Əliyevin 70 illik yubileyi münasibətilə tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan bölmənin sədri, akademik İsmayıl ­Hacıyev əvvəlcə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun yubilyara ünvanladığı təbrik məktubunu oxuyub.
Akademik muxtar respublikada elm xadimlərinə göstərilən diqqət və qayğıdan danışaraq professorun elmi fəaliyyətinə qısa nəzər salıb. Vurğulayıb ki, Tofiq Əliyev Azərbaycan kimya elminin inkişafına dəyərli töhfələr verən, yeni nəsil kimyaçıların formalaşmasında xüsusi xidmətləri olan alimlərdəndir.

Sonra akademik İsmayıl Hacıyev çoxillik səmərəli fəaliyyəti və 70 illik yubileyi münasibətilə yubilyara AMEA Naxçıvan Bölməsinin Fəxri fərmanını təqdim edib.
Tədbirdə bölmənin Təbii Ehtiyatlar İnstitutunun elmi katibi, kimya üzrə fəlsəfə doktoru, dosent Əhməd Qarayevin “AMEA-nın müxbir üzvü, professor Tofiq Əliyevin həyatı, elmi və pedaqoji fəaliyyəti” mövzusunda məruzəsi dinlənilib. Bildirilib ki, 1951-ci il mart ayının 25-də Naxçıvan şəhərinin Əliabad qəsəbəsində dünyaya göz açan Tofiq Əliyev öz ömrünü elmə bağlayıb. 1974-cü ildən Naxçıvan Dövlət Universitetində baş laborant, assistent, müəllim, baş müəllim, dosent, dekan müavini, kafedra müdiri vəzifələrində çalışıb. O həm də 2019-cu ildən AMEA Naxçıvan Bölməsinin Təbii Ehtiyatlar İnstitutunun direktoru vəzifəsində çalışır.
Əhməd Qarayev diqqətə çatdırıb ki, Naxçıvan Dövlət Universitetinin tarixində ilk dəfə eksperimental xarakterli tədqiqat işlərinin aparılması məhz Tofiq Əliyevin adı ilə bağlıdır. Onun apardığı tədqiqat işlərinin əsas hissəsi böyük elmi-praktik əhəmiyyət kəsb edən bir məsələyə – neft və qaz sənayesində istismar olunan polad avadanlıqların korroziya, abraziv və mikrobioloji dağılmadan mühafizəsi məsələlərinə həsr olunub. Alim 1988-ci ildə “İkifazalı karbohidrogen – elektrolit sistemlərində fenolun bəzi törəmələri vasitəsilə poladın korroziyadan inhibitorlaşdırılması prosesinin fiziki-kimyəvi öyrənilməsi” mövzusunda namizədlik dissertasiyası, 2011-ci ildə isə “Fenollar, merkaptosirkə və ksantogenat turşularının bəzi funksional törəmələrinin inhibitor təsirinin fiziki-kimyəvi əsasları” mövzusunda doktorluq dissertasiyasını müdafiə edib. 1991-ci ildə dosent, 2017-ci ildə isə professor elmi adı alıb, AMEA-nın müxbir üzvü seçilib.
Qeyd olunub ki, Tofiq Əliyevin apardığı tədqiqatlar 5 kitab, 1 dərs proqramı, 2 patent, çoxsaylı məqalə və tezislər olmaqla, 150-dən artıq elmi əsərdə öz əksini tapıb. Elm və təhsil sahəsində uğurları, elmi metodik hazır­lığı nəzərə alınaraq Tofiq Əliyev Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən “Tərəqqi” medalı ilə, müxtəlif dövrlərdə Naxçıvan Dövlət Universitetinin Fəxri fərmanları ilə təltif edilib, 2008-ci ildə həmin ali təhsil müəssisəsində “İlin alimi” fəxri adına layiq görülüb.
Sonra çıxışlar olub. Tədbirin yekununda yubilyar Tofiq Əliyev əməyinə verilən yüksək dəyərə görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlığını ifadə edib, gələcək fəaliyyətində bu qayğını dəyərləndirəcəyini bildirib.
Sonda professor Tofiq Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş “Ömür qatarı” filmi nümayiş olunub.

AMEA Naxçıvan Bölməsinin
mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR