22 Dekabr 2024, Bazar

Naxçıvan Dövlət Universitetində Azərbaycan Tibb Universitetinin professoru, tibb elmləri doktoru Cabbar Hacıyevin “Ümumi cərrahlıq”  iki cildlik dərsliyinin təqdimatı keçirilib. Təqdimatı giriş sözüylə açan universitetin rektoru Elbrus İsayev qonağı salamlayıb və unversitetdə görməkdən məmnunluğunu bildirib. Qeyd edilib ki, rəhbərlik etdiyi ali təhsil ocağının Tibb təhsilində Azərbaycan Tibb Universiteti təcrübəsinin böyük rolu və dəstəyi olub. Rektor fakültənin təcrübi dərslərin keçirilməsində müstəsna əhəmiyyətə malik olan maddi-texniki bazadan danışıb. Əlverişli tədir üsulları, müasir avadanlıqlarla zəngin laboratoriyaların mövcudluğunun tibb təhsili üçün əhəmiyyət daşıdığını qeyd edən rektor vurğulayıb ki, məhz bu xüsusiyyətlər nəzərə alınmaqla ali təhsil ocağını seçən əcnəbi tələbələrin çoxu da məhz bu fakültədə təhsil alır. Professorun 1000 nüsxə olmaqla universitetə hədiyyə etdiyi dərslikləri yüksək qiymətləndirən rektor  bugünə qədər ali təhsil ocağına bu sayda təqdim edilən ilk kitab hədiyyəsi kimi dəyərləndirib.

Ümumi təbabət və klinik fənlər kafedrasının professoru, həkim-cərrah İsa Abdullayev hər iki kitabın elmi və təcrübi əhəmiyyətini tədbir iştirakçılarının diqqətinə çatdırıb. Bildirilib ki, proqram əsasında yazılmış dərslik 2 cild və 18 fəsildən ibarətdir. Qeyd edlib ki, dərsliyin I cildində dünya və Azərbaycan cərrahlığının tarixi, cərrahlıqda etik və hüquqi normalar, cərrahi xəstənin müayinə üsulları, cərrahi müdaxilə və əməliyyatdan sonrakı dövr haqda geniş məlumat verilib. Kitabda ümumi cərrahlığa aid məsələlər, yeni diaqnostika və müalicə üsulları ətraflı şərh edilib. Dərsliyin II cildində isə yaralar, termiki zədələnmələr, cərrahi infeksiya, ətrafların qan və limfa dövranı çatmazlığı, şişlər, cərrahi parazitar xəstəliklər, bərapedici və plastik cərrahlıq kimi məsələlər barədə məlumat verilib.

Ümumi təbabət və klinik fənlər kafedrasının dosenti, “Universitet xəstəxanası” Publik Hüquqi Şəxsin cərrahiyyə şöbəsinin müdiri, həkim-cərrah Cəbi İsmayılov professorun tələbə yoldaşı olaraq öz ürək sözlərini ifadə edib. Vurğulanıb ki, cərrahlıqda “Regenerasiyanın limfoid tənzimi” adlı yeni elmi istiqamətin əsasını qoyanlardan olan Cabbar Hacıyev 1950-ci ildə Qonaqkənd rayonunun Yerfi kəndində anadan olub. Bakıda Tibb Universitetini Lenin təqaüdü ilə oxuyan professor universiteti fərqlənmə diplomu ilə bitirib. 1975-ci ildən Azərbaycan Cərrahlar Cəmiyyətinin, 1998-ci idən Avrasiya Qastroenteroloji Cəmiyyətinin üzvüdür. 1982-ci ildən gənclərin Ümumittifaq Elmi-Texniki Yaradıcılıq müsabiqəsinin laureatı olub. 2002-ci ildə XXI əsrin tanınmış həkimi seçilən Cabbar Hacıyev 2003-cü ildə isə XXI əsrin tanınmış alimi beynəlxalq diplomlarına layiq görülüb. Rəhbərliyi altında 9 namizədlik dissertasiyası müdafiə edilib. 250-dən çox elmi əsərin, 9 ixtira və patentin, 18 səmərələşdirici təklifin, 1 monoqrafiyanın və 4 dərsliyin müəllifi olan professor dalağın zədələnmələrində 5 üzvqoruyucu əməliyyatların (Hacıyev əməliyyatı) və iki tikiş növünün (Hacıyev- Abbasov tikişi) müəllifidir.

Qeyri-səlis nəzəriyyənin tibbdə tətbiqinə dair elmi işləriylə hətta xarici ölkələrdə belə şöhrət qazanan Azərbaycan Tibb Universitetinin həkim cərrahı Elman Tağıyev çıxış edərək öz müəllimi Cabbar Hacıyevlə bağlı maraqlı xatirələrini bölüşüb. Qeyd edək ki, hər iki Qarabağ müharibəsinə könüllü olaraq qatılan məşhur həkim-cərrahımız həmçinin öz vətənpərvərliyi ilə də gənc nəslə örnəkdir.

“Ümumi cərrahiyyə” ixtisası üzrə həkim-rezident Günel İbrahimova tələbələr üçün mühüm əhəmiyyət daşıyan belə kitabın təqdimi üçün  öz minnətdarlığını ifadə edib.

Azərbaycan Tibb Universitetinin professoru, tibb elmləri doktoru Cabbar Hacıyev qeyd edib ki, elmə, təhsilə göstərilən diqqət və qayğı Ulu Öndərdən bizə qalıb. Professor muxtar respublikada hər sahədə görülən yüksəliş fonunda səhiyyənin də üstün mövqeyindən danışıb. Tələbə öz müəllimini ötmürsə, onda inkişafdan danışmaq olmaz - deyən professor gələcəyin həkimlərinə öz məsləhətlərini çatdırıb.

Professor gələcəyin həkimləri üçün  öz imzasıyla kitab hədiyyə edib.  Universitet tərəfindən isə professora plaket hədiyyə olunub.

İki gün davam edən tədbirin II günü professor Cabbar Hacıyevin iştirakı ilə Tibb fakültəsinin professor-müəllim heyəti üçün seminar məşğələ keçirilib.

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR