22 Dekabr 2024, Bazar

AMEA Naxçıvan Bölməsində muxtar respublika məktəbliləri üçün “Milli-mənəvi dəyər daşıyıcısı – Novruz” mövzusunda interaktiv dərs keçilib.
Bölmənin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Aytən Cəfərova əvvəlcə məktəblilərə zaman, fəsil və bayram kimi anlayışların yaranması, bu məfhumların xalq təfəkküründəki rolundan danışıb. Qeyd olunub ki, bolluq və firavan həyat arzularını bayram anlayışında birləşdirən əcdadlarımız həmin bayramları zaman keçdikcə oyun, nəğmə, yallı, ənənə və mərasimlərlə bəzəyərək tarixə hədiyyə etmişlər. Hər il qeyd olunan Novruz bayramı da məhz qədim türk millətinin ulu bayramlarından biridir. Milli birlik və bərabərliyi özündə ehtiva edən Novruzun hər məqamında türklüyü simvolizə edən adət və ənənələr günümüzə qədər gəlib çatmışdır.

Tədqiqatçı sovet dönəmində Novruz bayramının keçirilməsinə qoyulan qadağalar, görkəmli dövlət və elm xadimi Şıxəli Qurbanovun xidmətləri haqqında məlumat verib. Şagirdlərin diqqətinə çatdırılıb ki, məhz onun yorulmaz mücadiləsi sayəsində uzunmüddətli fasilədən sonra 1967-ci ildə Novruz bayramı ilk dəfə dövlət səviyyəsində qeyd olunmuşdur.
“Novruz bayramının dövlət səviyyəsində böyük təntənə ilə qeyd olunması ümummili liderimiz Heydər Əliyevin adı ilə bağlıdır”, – söyləyən alim ulu öndərin hakimiyyətinin bütün dövrlərində tariximizə, mədəniyyətimizə, eləcə də folklorumuza göstərdiyi diqqət və qayğını interaktiv dərs iştirakçılarının diqqətinə çatdırıb.
Bu xalq bayramının mənşəyi ilə əlaqədar müxtəlif mülahizələr, dünyanın yaranmasında iştirak edən dörd ünsürü təcəssüm etdirən çərşənbələrin qeyd olunması, xalq arasında keçirilən müxtəlif ayinlər, mərasimlər və digər folklor nümunələri dərsin əsas mövzusunu təşkil edib. Dərsdə muxtar respublikamızda milli dəyərlərimizin, xalq yaradıcılığının yaşadılması və təbliği, Novruz bayramı ilə bağlı ümumxalq şənliklərinin keçirilməsi, Naxçıvana məxsus Novruz adətləri haqqında şagirdlərə ətraflı məlumat verilib.
İnteraktiv dərs muxtar respublikanın 200-dən çox ümumtəhsil məktəbində izlənilib.

AMEA Naxçıvan Bölməsinin
mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR