Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzində Naxçıvan Dövlət Universiteti Tarix-filologiya fakültəsinin tələbələrinin iştirakı ilə “Moskva müqaviləsinin tarixi əhəmiyyəti” mövzusunda onlayn açıq dərs keçilmişdir.
Açıq dərsi giriş sözü ilə açan mərkəzin elmi katibi Nihad Tarverdiyev qeyd etmişdir ki, 1920-ci ilin sentyabrın 24-də türk ordusu erməni hücumlarının qarşısını almaq üçün onlarla müharibə aparmalı oldu və elə həmin ilin noyabr ayının 18-də erməniləri məğlub etdi. 1920-ci ilin dekabrın 2-də Ermənistanla Türkiyə arasında 18 maddədən ibarət olan Gümrü müqaviləsi imzalandı. Bu müqavilənin 2-ci və 12-ci maddələri Naxçıvanla bağlı idi. Bu müqavilə ermənilərin planlarını həyata keçirməyə imkan vermədi.
Diqqətə çatdırılmışdır ki, mahir diplomat Behbud ağa Şahtaxtinskinin iştirak etdiyi və bir ay davam etmiş danışıqların yekunu 1921-ci il martın 16-da imzalanmış RSFSR-Türkiyə “Dostluq və qardaşlıq müqaviləsi”ndə öz əksini tapdı. Moskva müqaviləsini imzalamaqla Türkiyə Gümrü müqaviləsinin, o cümlədən də onun Naxçıvan bölgəsinə dair maddələrinin qüvvədən düşməsi ilə razılaşdı. Əslində bu Azərbaycanın suverenliyinin təmin edilməsi idi.
Sonda tələbələrin sualları cavablandırılıb.