AMEA Naxçıvan Bölməsində “Qars müqaviləsi və Naxçıvan” mövzusunda elmi konfrans keçirilib.
Konfransı giriş sözü ilə açan Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev “Beynəlxalq Qars müqaviləsi və Naxçıvanın muxtariyyət məsələsi” mövzusunda məruzə edib. Beynəlxalq əhəmiyyətə malik Qars müqaviləsinin Naxçıvanın muxtariyyətindəki əhəmiyyətindən danışan akademik Moskva və Qars müqavilələrində Naxçıvanın ərazi taleyi ilə bağlı əksini tapan məsələlərə toxunub, hər iki tarixi sənədin Naxçıvanın Azərbaycanın ərazisi kimi tanınmasında, Naxçıvana muxtariyyət statusunun verilməsindəki rolunu vurğulayıb.
Akademik ümummilli lider Heydər Əliyevin bu müqaviləyə verdiyi önəmdən bəhs edib. Qeyd olunub ki, dahi öndərin Naxçıvan muxtariyyətinin qarantı kimi Qars müqaviləsini daim gündəmdə saxlaması bu tarixi sənədin vacibliyindən xəbər verir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Qars müqaviləsinin 100 illiyinin keçirilməsi haqqında” 2021-ci il 8 fevral tarixli Sərəncamı ilə “Qars müqaviləsinin 100 illiyinin Naxçıvan Muxtar Respublikasında keçirilməsi ilə əlaqədar Tədbirlər Planı”nın təsdiq olunduğunu xatırladan alim bildirib ki, müqavilənin 100 illiyinin yüksək səviyyədə qeyd olunması Naxçıvana, onun muxtariyyətinə verilən dəyərin bariz nümunəsidir. Bu gün də mənfur düşmənlərimizin Qars müqaviləsinin ləğvi ilə bağlı xam xəyallarından əl çəkmədiyini bildirən məruzəçi bu arzuların reallaşmayacağına əminliyini ifadə edib.
İsmayıl Hacıyev ermənilərin işğalçılıq siyasətində Naxçıvanın önəmindən, yaranmış vəziyyətlə əlaqədar 1918-1920-ci illərdə ölkənin düçar olduğu ağır ictimai-siyasi durumdan, Naxçıvanın muxtariyyətə gedən çətin və şərəfli mübarizəsində Türkiyənin mühüm rolu və dəstəyindən, qardaş ölkədə həmin dövrdə mövcud olan vəziyyətdən danışıb.
AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli “Qars müqaviləsində iştirak edən Azərbaycan təmsilçiləri” adlı məruzəsində bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 8 fevral tarixli Sərəncamı və təsdiq olunan Tədbirlər Planı Azərbaycan və Türkiyə münasibətlərinin möhkəmlənməsinə, ortaq maraqlara xidmət edən mühüm dövlət sənədləridir. Hər iki sənəd erməni canfəşanlığına ən tutarlı və obyektiv cavabdır. Məruzəçi bölgədə Araz-Türk Respublikasının yaradılması, Naxçıvanda keçirilən xalq səsverməsinin əhəmiyyəti və nəticələri, görkəmli ictimai xadim Behbud ağa Şahtaxtinskinin mühüm xidmətlərindən, diplomatik səriştəsindən bəhs edib. Alim çıxışında Kazım Qarabəkir Paşanın, Nəriman Nərimanovun böyük xidmətlərini konfrans iştirakçılarının diqqətinə çatdırıb.
Naxçıvan Dövlət Universitetinin rektoru, tarix üzrə fəlsəfə doktoru, dosent Elbrus İsayev “Qars müqaviləsinin imzalanması ərəfəsində Naxçıvanda ictimai-siyasi vəziyyət” mövzusunda məruzə edib. Məruzəçi XX əsrin əvvəllərində ölkəmizdə mövcud olan gərgin geosiyasi vəziyyət, Naxçıvana kimi mühüm strateji ərazidə möhkəmlənməyə çalışan Qərbin canfəşanlığını təhlil etməklə bu məsələdə istifadə olunan “erməni” faktoru və onların ən şirin xülyası – “Böyük Ermənistan” məsələsindən bəhs edib.
Konfransda məruzə edən Qars Qafqaz Universitetinin tarix fakültəsinin dekanı, tarix elmləri doktoru Səlçuk Ural Türkiyənin Qafqaz siyasəti və Qars müqaviləsi məsələsi ilə bağlı bildirib ki, bu müqavilə təkcə ərazi məsələsi deyil, həm də həyati məsələnin həllini tapdığı sənəd olmaqla, bölgədə sülhün bərqərar olmasında mühüm əhəmiyyətə malikdir.
Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatının sədri, dosent Elman Cəfərli “Qars müqaviləsi, Türkiyə və Cənubi Qafqaz respublikalarının ərazi sərhəd məsələləri” mövzusunda məruzə edərək Batum konfransının keçirilməsi, məqsədi, orada aparılan müzakirələr və mühüm haqqında məlumatı diqqətə çatdırıb.
“Qars müqaviləsi Rusiya mənbələrində” adlı məruzə edən Qars Qafqaz Universitetinin şöbə müdiri, professor Hacəli Nəcəfoğlu Moskva və Qars müqavilələrinin ləğvinə çalışan bəzi “dövlət və elm” adamlarının müxtəlif təşkilatlara, siyasi xadimlərə ünvanladığı məktublar, müraciətlər və onların məzmununu slaydlar vasitəsilə dinləyicilərə təqdim edilib.
AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Emin Şıxəliyev isə məruzəsində qeyd edib ki, ulu öndər Heydər Əliyev Naxçıvanın muxtariyyət məsələsi böyük önəm vermiş, daim diqqət mərkəzində saxlamışdır. Bu siyasi xətt Prezident cənab İlham Əliyev tərəfindən də uğurla davam etdirilməkdədir. Sonda Naxçıvan Dövlət Televiziyasının hazırladığı “Qars müqaviləsi və Naxçıvanın taleyi” filmi nümayiş olunub.
AMEA Naxçıvan Bölməsinin mətbuat xidməti