Cəmiyyətdə səmərəli vətəndaşlığa hazırlaşmaq şagirdlərdən mühüm idrak qabiliyyəti tələb edir, onlar öz fikrini formalaşdırmağı, təcrübə və düşüncədən məna çıxarmağı, məntiqi arqumentlər tapmağı, fikirlərini aydın və inamla ifadə etməyi bacarmalıdırlar. Amma onların cəmiyyətə yararlı vətəndaş kimi formalaşmaları üçün təkcə bu qabiliyyətlər kifayət etmir. Onların bilik və bacarıqlarının üzə çıxarılması üçün günümüzün tələbi olan müasir təlim metodlarından istifadə olunur.
Bəs müasir təlim metodu nədir?
Bu metod cəmiyyətin dəyərli vətəndaşları olmağa hazırlaşan fəal və qabiliyyətli şagirdlərin gələcəyi üçün işıqlı bir yol və təfəkkürə üstünlük verən müəllimlərin heç vaxt bitib-tükənməyən axtarışıdır. Müasir təlim metodu XXI əsrin əvvəllərindən başlayaraq təhsil sistemimizə daxil olub. İnkişaf etmiş Qərb ölkələrində geniş tətbiq olunan və müsbət nəticə verən müasir təlim metodlarından biz də istifadə etməkdəyik. Bəzilərimizin beynində bu təlim hələ də sual yaratmaqdadır. Yeni təlim metodu əvvəlki metodlardan nə ilə fərqlənir, üstünlükləri hansılardır? Elə bugünkü yazımızda da müasir təlim metodlarının təhsil sistemindəki rolundan bəhs edəcəyik.
Müasir təlim bir sıra xüsusiyyətlərinə görə ənənəvi təlimdən fərqlənir və əsas məqsədləri təhsilimizin keyfiyyətini yüksəltmək və gələcəyə müstəqil şəxsiyyət yetişdirməkdir. Müəllimin şəxsiyyət formalaşdırmaq üçün dərslərdə fəal təlim metodlarından istifadə etməyə çalışması onun öz işinə məsuliyyətinin göstəricisi kimi dəyərləndirilir. Öncə bir məsələni vurğulayaq ki, müəllimin bu istiqamətdəki fəaliyyəti ilə bağlı olan metodları tədris metodları, şagird fəaliyyəti ilə bağlı metodları öyrənmə metodları, müəllim və şagird fəaliyyəti ilə bağlı olan metodları isə təlim metodları adlandırmaq daha məqsədəuyğundur. Müəllimlər bu təlim metodlarından istifadə etməklə dərsi daha maraqlı keçə şagirdləri müstəqil öyrənməyə sövq edə bilərlər. Şagirdlər hazır əldə edilmiş bilik əvəzinə özlərinin tədqiqatı nəticəsində kəşf etdiyi biliklərə yiyələnir, sağlam mülahizələrini yürüdür, bununla da təfəkkürləri inkişaf edir. Beləliklə, şagirdlərin yaradıcılığı güclənir, yeniliklərə meyillilikləri artır. Yeni təlimdə şagirdlər müəllimdən qorxan, sıxılan fərd kimi iştirak etmir. Müasir təlim sistemində müəllim yalnız bələdçi (fasilitator) rolunu icra edir. Müəllim problemli vəziyyət yaratmaqla şagirdləri düşünməyə sövq edir. Daha sonra müəllim qrup işlərindən, cütlərlə işdən, kollektiv və fərdi işdən istifadə edərək dərsi qurur. Bu formalardan istifadədə şagirdlərə müstəqillik verilir, onlarda özünüidarəetmə bacarıqları formalaşır. Əməkdaşlığı, ünsiyyəti, birgə çalışmağı öyrənir, araşdırmalar nəticəsində yaddaşlarına daimi həkk olunan biliklər əldə edirlər. Şagirdlər üçün dərs artıq sıxıcı və maraqsız deyil, həvəslə gözlədikləri ana çevrilir. Əvvəlcədən müəyyən olunmuş nəticə üzərində qurulan dərs müvəffəqiyyətlə başa çatır.
Dünya təhsil sistemində özünə yer alan belə metodlardan biri də STEAM-dır. Qısa zamanda aktuallıq qazanan bu təhsil metodu mütəxəssis hazırlığında mühüm istiqamət kəsb etməkdədir. STEAM metodu ənənəvi metoddan fərqli olaraq elmi, texniki biliklərin tətbiqini özündə cəmləşdirir. Bu metod şagirdlərin yaradıcı, məntiqi təfəkkürlərini inkişaf etdirməklə gələcəyə XXI əsr üçün lazım olan kadr hazırlayır. STEAM beş fənn – Elm (Science), Texnologiya (Technology), Mühəndislik (Engineering), İncəsənət (Art) və Riyaziyyat (Math) fənlərinin bilik və bacarıqlarını özündə birləşdirən təlim metodudur. XXI əsr şagirdləri bu metodla xəyali güclərini, yaradıcılıqlarını birləşdirir, elmi biliklərini əlaqələndirir və texnoloji məhsul ortaya çıxarırlar. Bir sözlə, STEAM metodunun məqsədi biliklərini ortaq istiqamətə yönəldən, təfəkkürü inkişaf etdirən, tətbiqi bacarıqlarını ortaya qoyan, cəmiyyətə öz işləri ilə xeyir verməyi bacaran faydalı şəxsiyyətlər yetişdirməkdir. Hazırda bir çox inkişaf etmiş ölkələrdə STEAM mərkəzləri fəaliyyət göstərməkdədir.
Təhsilin inkişafına, modernləşdirilməsinə yüksək dərəcədə önəm verilən ölkəmizdə də bu metod ötən tədris ilindən başlayaraq Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən bir çox ümumi təhsil müəssisələrində tətbiq edilməyə başlanılıb. STEAM layihəsinin uğurlu olması üçün hazırda müəllimlər üçün mütəxəssislər tərəfindən təlimlər təşkil edilir.
Qürurverici haldır ki, hərtərəfli qayğı ilə əhatə olunmuş muxtar respublika təhsili də bu təlim metodundan yararlanmaqdadır. Belə ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığı ilə muxtar respublikanın ümumtəhsil məktəblərində STEAM təhsil metodunun tətbiqinə start verilib. Müəllimlər üçün təlimlər təşkil edilir, təlimi uğurla başa vuran müəllimlərə sertifikatlar verilir. Bununla yanaşı, Naxçıvan Dövlət Universitetində də STEAM kabinələri yaradılır ki, bu da ali təhsil müəssisəsində pedaqoji ixtisasları bitirən kadrların STEAM metodu üzrə biliklərinin formalaşmasına kömək edəcək.
Startap layihələrinin də təhsilimizin inkişafında yeri danılmazdır. Startap anlayışı XX əsrin əvvəllərində və əsasən IT (İnformasiya Texnologiyaları) sahəsində meydana gəlib. Hazırda startaplar təkcə IT yox, demək olar, hər bir sahədə yaradılıb və ya yaradılmaqdadır. Startap layihələrinin məqsədi yeni və maraqlı layihələri üzə çıxarıb, həmin layihələrin həyata keçməsinə köməklik etməkdir. Bu layihə təhsildə yaradıcılığı, innovasiya bacarıqları olan tələbələrə geniş imkanlar yaradır.
Bundan əlavə, Naxçıvan Dövlət Universitetində keçən ildən Distant Təhsil Mərkəzi yaradılıb və xarici tələbələrin distant təhsili təşkil edilir. Mərkəzdə bakalavr, magistr təhsil səviyyələrində təhsil almaqla yanaşı, ixtisasartırma, əlavə təhsil, onlayn kurslar üzrə də təhsil proqramları mövcuddur. Distant təhsil üzrə məzunlar Azərbaycan və ingilis dillərində təhsili bitirmək üzrə diplomlar, sertifikatlar alır.
Muxtar respublikamızda təhsilə verilən yüksək dəyərdən irəli gəlir ki, təhsilimiz dünya təhsil sisteminə inteqrasiya mərhələsindədir. İnkişaf etmiş ölkələrlə əlaqənin uğurlu olması üçün xarici dillərin təhsilinə yüksək önəm verilir. Naxçıvan Dövlət Universitetində xarici dillər kifayət dərəcədə tədris olunur.
Dərsin əhəmiyyəti təkcə onun məzmunu ilə deyil, həm də forması ilə şərtlənir. Dərs həm də düşünməyi öyrətdiyinə görə faydalıdır. Dərs o zaman fayda gətirir ki, şagirdlərdə canlı maraq, kəskin reaksiya doğursun, onları diskussiyaya girməyə, materiala uyğun hərəkətə sövq etsin. Bu cür dərs təkcə canlı və maraqlı keçməklə qalmayacaq, o həm də şagirdlərə bütün ömürləriboyu onlar üçün faydalı olacaq sərbəst düşüncə vərdişləri aşılayacaqdır.
Aytən NOVRUZLU
Naxçıvan Dövlət Universitetinin müəllimi