Naxçıvan şəhərindəki “Xan Sarayı” Dövlət Tarix-Memarlıq Muzeyində “Naxçıvan xanlığı və onun Azərbaycan tarixində yeri” mövzusunda açıq dərs keçilmişdir. Açıq dərsdə Naxçıvan şəhər 6 nömrəli tam orta məktəbin şagirdləri iştirak etmişlər.
Açıq dərsdə məktəbin direktoru Hökumə Mahmudova, tarix müəllimi Səidə Əkbərova şagirdlərə Naxçıvan xanlığı haqqında ətraflı məlumat vermişlər. Qeyd edilmişdir ki, Azərbaycan ərazisində 1747-ci ildən yaranmış 18 feodal dövlətdən biri olan Naxçıvan xanlığı milli dövlətçilik tariximizdə mühüm mərhələ təşkil etmiş, bölgənin inkişafında, müdafiə qabiliyyətinin gücləndirilməsində, sərhədlərin qorunub saxlanılmasında və inzibati idarəçiliyin formalaşmasında vacib tarixi missiyanı yerinə yetirmişdir. İnzibati ərazi baxımından 2 dairədən və 9 mahaldan ibarət olan Naxçıvan xanlığı Zəngəzur dağlarından başlayaraq Araz çayı vadisinə qədər 9429 kvadratkilometr ərazini əhatə edirdi.
Öz ərazisi, qoşunu, dövlət rəmzləri – bayrağı və gerbi olan Naxçıvan xanlığında bitkin idarəçilik mexanizmləri formalaşmış, iqtisadiyyatın əsas sahələri inkişaf etmiş, geniş abadlıq-quruculuq işləri aparılmışdı. Bu xanlıqda Heydərqulu xan, Nəzərəli xan, Kərim xan, Ehsan xan kimi nüfuzlu dövlət və hərb xadimləri yetişmiş, 30 il Naxçıvan xanlığının rəhbəri olan Kalbalı xan mahir dövlət xadimi və diplomat kimi tarixə düşmüşdür.
Bildirilmişdir ki, Azərbaycan milli dövlətçilik tarixində Naxçıvan xanlığının tutduğu xüsusi mövqeyini nəzərə alaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov 23 oktyabr 2010-cu ildə “Xan Sarayı” Dövlət Tarix-Memarlıq Muzeyinin yaradılması haqqında Sərəncam imzalamışdır.
Açıq dərsdə muzeyin direktoru Nəzakət Əsədova şagirdlərə muzey haqqında ətraflı məlumat verərək bildirmişdir ki, XVIII əsrin ortalarında Kalbalı xan Kəngərli tərəfindən tikdirildiyi bildirilən tarixi binada fəaliyyətə başlayan muzeyin birinci mərtəbəsində iş otaqları, elmi fond və digər yardımçı sahələr, ikinci və üçüncü mərtəbələrində isə 10 salondan ibarət ekspozisiya – sərgi zalları vardır. Muzeydəki 300-ə yaxın eksponatın 210 ədədi ekspozisiyada nümayiş olunur. Muzeylə ilk tanışlıq ekspozisiyanın giriş salonundan başlayır. Ekspozisiya yalnız arxiv materialları və tədqiqat mənbələri ilə deyil, həm də xanlıqlar dövrünə aid qiymətli sənət nümunələri, məişət və etnoqrafik mənbələrlə, yerli rəssamlarımızın yaratdıqları əsərlərlə də zəngindir. Qiymətli eksponatlar Azərbaycanın, o cümlədən qədim Naxçıvan əhalisinin mədəniyyətinin, məişətinin dil açıb danışan tarixi həqiqətlərindən xəbər verir. Muzeydə açıq dərslərin, elmi müzakirələrin, elmi simpoziumların təşkili muzeyin tanıdılmasına xidmət edir.
Sonra şagirdlər “Xan Sarayı” Dövlət Tarix-Memarlıq Muzeyindəki eksponatlarla tanış olmuşlar.
Səbuhi HÜSEYNOV