“Naxçıvan” Universiteti, Azərbaycan Milli Erasmus+ ofisi ilə birgə “Erasmus+” proqramı “TAM” (Texniki Dəstək Missiyası) layihəsi çərçivəsində “Azərbaycan ali təhsil müəssisələrində elektron təhsilin tətbiqi” adlı onlayn təlim təşkil edib.
İki gün keçirilən təlimi giriş sözü ilə universitetin rektoru, dosent Nurlana Əliyeva açıb. O, müasir innovasiyaların təhsildə tətbiqinin önəmindən danışıb. Bildirib ki, xüsusən indiki pandemiya dövründə bu prosesin əhəmiyyətini daha aydın görürük. Buna görə də “Naxçıvan” Universiteti təhsildə innovasiyaların tətbiqi üçün mühüm addımlar atır. Təlimin keçirilməsini də bu addımlardan biri kimi dəyərləndirmək olar.
Sonra Azərbaycan Milli Erasmus+ ofisinin rəhbəri Pərviz Bağırov “TAM” layihəsi haqqında məlumat verib. Təlimçi, “Berinfor” Agentliyinin eksperti Felix Seyfarth “İdeyadan filmə – digital bacarıqların universitet kurikulumuna inteqrasiyası “ mövzusunda təlim keçib. Günün ikinci yarısında isə “2020-ci ildə kursların onlayn təhsilə uyğun olaraq yazılması” mövzusunda iştirakçılara məlumat verib.
Təlimin ikinci günü “Təşkilati perspektiv yanaşmada digital təhsil və öyrənmənin rolu” mövzusunda iştirakçıları məlumatlandıran Felix Seyfarth, günün ikinci yarısında “Digital formatda yeni pedaqoji yanaşmanın formalaşdırılması”ndan danışıb.
Təlimin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
“Naxçıvan” Universitetinin mətbuat xidməti