22 Dekabr 2024, Bazar

“Naxçıvan” Universitetində “Naxçıvanbank” və “Naxçıvansığorta” Açıq Səhmdar cəmiyyətlərinin təşkilatçılığı ilə “Bankçılıqda ilk addım və sığortanın mahiyyəti” mövzusunda tədbir keçirilib.
“Naxçıvan” Universitetinin rektoru, dosent Nurlana Əliyeva çıxış edərək bildirib ki, muxtar respublikamızda rəqəmsal ödəniş infrastrukturunun inkişaf etdirilməsi, yeni xidmətlərin tətbiqi, rəqəmsal ödənişlər üzrə maarifləndirmə və təbliğatın gücləndirilməsi istiqamətində bir sıra tədbirlər həyata keçirilir. Bu tədbirin keçirilməsində isə əsas məqsəd savadlı, peşəkar iqtisadyönümlü mütəxəssislərinin hazırlanmasına dəstəkdir.

“Naxçıvanbank” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Azər Məmmədov çıxış edərək bildirib ki, muxtar respublikada bank sektoru da daim dövlət qayğısı ilə əhatə olunub. Muxtar respublikada fəaliyyət göstərən ən böyük banklardan biri də Naxçıvanbankdır. Bank bir çox beynəlxalq pul köçürmələri sistemləri ilə əməkdaşlıq edir. Həmçinin muxtar respublika ərazisində 43 bankomat, 68 ödəmə terminalı, 934 pos-terminalla bu sahədə liderdir. Bank müştərilərə ən müasir və rahat şəraitdə xidmət etmək üçün dayanmadan özünü yeniləmək, inkişaf etdirmək üçün çalışır. Buna misal olaraq ən müasir sistemimiz olan “İnternet bankinq” xidmətini göstərə bilərik. İşlərin texniki tərəfinin yaxşılaşdırılması ilə yanaşı, kadr potensialının artırılması, yenilikçi, savadlı, intellektli və kreativ kadrların “Naxçıvanbank” ASC-də işlə təmin edilməsi və onların peşəkarlığının artırılması da əsas prioritet istiqamətlərimizdəndir. Bu gün keçirilən tədbirin əsas məqsədlərindən biri də Naxçıvanbank üçün kadr ehtiyatı yaratmaq, fərqlənən gəncləri gələcəkdə öz sıralarımızda görməkdir.
İki hissədən ibarət olan tədbirin təlim hissəsində “Naxçıvanbank” və “Naxçıvansığorta” ASC-nin peşəkar əməkdaşları müxtəlif mövzulara toxunaraq, tələbələri bank və sığorta sektoru ilə tanış edib, bank karyerası üçün vacib bir sıra praktik bilik və tövsiyələr verib, iş həyatında qazandıqları təcrübələri onlarla bölüşüblər. Tədbirin müzakirə hissəsində tələbələri maraqlandıran suallar cavablandırılıb.
Sonda fərqlənən tələbələr arasından 7 nəfər seçilib və onların 5-i “Naxçıvanbank”, 2-si isə “Naxçıvansığorta” ASC-nin müxtəlif şöbələrində 15 günlük təcrübə keçmək şansı əldə ediblər.

 Güntac ŞAHMƏMMƏDLİ

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR