Muxtar respublikanın təhsil müəssisələrində yaradılan idman klublarına yeni idman avadanlıqları alınıb, onların təqdimatı keçirilib.
Tədbirdə çıxış edən Təhsil naziri Rəhman Məmmədov muxtar respublikada təhsil və idmannın inkişafına göstərilən diqqət və qayğıdan danışıb. Bildirilib ki, ötən müddət ərzində ümumtəhsil məktəblərində 33 futbol, 16 minifutbol idman meydançası, 196 idman zalı və açıq idman qurğuları şagird və müəllimlərin ixtiyarına verilib.
Qeyd edilib ki, “2020-2025-ci illər üçün Naxçıvan Muxtar Respublikasında idmanın inkişafına dair Dövlət Proqramı”nın icrası məqsədilə Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində 12 idman növü üzrə, ümumilikdə, 185 idman klubu yaradılıb. Ali Məclis Sədrinin tapşırığı ilə həmin idman klubları idman avadanlıqları ilə təchiz olunur.
Təhsil naziri Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə göstərilən diqqət və qayğıya görə təhsil işçiləri adından minnətdarlığını bildirib.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman naziri Azad Cabbarov çıxışında vurğulayıb ki, muxtar respublikada idman hər zaman diqqət mərkəzində saxlanılan və təşviq edilən bir sahə olub.
Vurğulanıb ki, 2020-ci ildə istifadəyə verilən müasir idman komplekslərinin sayına yenisi əlavə olunub, Uzunoba gölünün ətrafında Naxçıvan Muxtar Respublikası Futbol Federasiyasının Təlim-məşq kompleksi salınıb və hazırda tikintisi davam etdirilir.
Nazir muxtar respublikada fəaliyyət göstərən idman federasiyaları ilə birgə idmanın müxtəlif növlərinin inkişaf etdirilməsi və kütləviliyinin təmin edilməsi məqsədilə həyata keçirilən tədbirlərdən də bəhs edib.
Sonra alınmış idman avadanlıqlarına baxış olub. Məlumat verilib ki, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində olan təhsil müəssisələri Güləş idman klubu üçün 140 güləş, 40 tatami döşəyi, Stolüstü tennis idman klubu üçün 14 tennis stolu, 14 tennis toru, 15 cüt raketka və tennis şarları, Atletika idman klubu üçün 10 dəst atletika səddi, 14 dəst yadro və 26 start qəlibləri, Gimnastika idman klubu üçün 108 gimnastika döşəyi, müxtəlif ölçüdə 15 fitnes topu, 20 gimnastika ipi və 10 gimnastika lenti alınmışdır. Futbol idman klubuna 6 dəst qapı toru və 30 top, Voleybol idman klubuna 3 tor və 45 top, Basketbol idman klubuna 20 top, Karate-do idman klubuna 60 tatami döşəyi, 7 cüt idman pəncəsi, Boks idman klubu üçün 20 cüt boks əlcəyi və 10 pəncə, Ağır atletika idman klubuna isə 3 dəst güc trenajoru, 4 trenajor aləti, 8 qrif, 1 velosiped, 1 xizək, 5 dəst ştanq üçün plastik çəki diski təqdim ediləcək.
Alınan idman avadanlıqları təhsil müəssisələrinin idman klublarına verilib.
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi