Muxtar respublikamızda gələcəyimiz olan uşaqların məktəbə hazırlığının yüksək səviyyədə təşkili diqqətdə saxlanılır. Bu tədbirlərin davamı olaraq dünən muxtar respublikada fəaliyyət göstərən uşaq bağçalarına məntiqi-riyazi-həndəsi bacarıqları inkişaf etdirən lövhə və “Azərbaycan əlifbasını öyrənirəm” stolüstü aşırma kartları təqdim edilib.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Təhsil nazirinin müavini Heyran Əhmədova çıxış edərək təhsilə göstərilən dövlət qayğısından danışıb. Bildirib ki, son illər təhsil siyasətində məktəbəhazırlıq prioritet istiqamətlərdən birini təşkil etmiş, ilk dəfə olaraq 2017-2018-ci tədris ilindən etibarən ümumtəhsil müəssisələrində dövlət büdcəsi hesabına məktəbəhazırlıq qrupları təşkil olunmuş, 5 yaşlı uşaqların təhsilə cəlb edilməsi səviyyəsi ildən-ilə artmışdır.
Vurğulanıb ki, ötən tədris ilində məktəbəhazırlıq qruplarında tədrisi yüksək səviyyədə təşkil etmək üçün məktəblər 248 məntiqi-riyazi-həndəsi bacarıqları inkişaf etdirən lövhə, 244 “Azərbaycan əlifbasını öyrənirəm”, 4 “Rus əlifbasını öyrənirəm” stolüstü aşırma kartları ilə təmin edilib. Ali Məclis Sədrinin tapşırığı ilə muxtar respublikada fəaliyyət göstərən uşaq bağçalarına 22 ədəd məntiqi-riyazi-həndəsi bacarıqları inkişaf etdirən lövhə və “Azərbaycan əlifbasını öyrənirəm” stolüstü aşırma kartları təqdim olunur ki, bu da uşaq bağçalarında məktəbəhazırlıq qruplarında uşaqların yüksək səviyyəli hazırlığına öz töhfəsini verəcəkdir.
Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının müavini Təhminə Mustafayeva çıxış edərək muxtar respublikada təhsilin bütün pillələrinin, eyni zamanda məktəbəqədər təhsilin hərtərəfli dövlət qayğısı ilə əhatə olunmasından danışıb. Bildirib ki, hazırda Naxçıvan şəhərində fəaliyyət göstərən 11 uşaq bağçasında təşkil edilmiş 114 qrupda 2150-dən artıq uşaq təlim-tərbiyəyə cəlb olunub. Həmin uşaqlardan 640-ı məktəbəhazırlıq qruplarında təhsil alır. Ümumilikdə, muxtar respublikada 22 uşaq bağçası fəaliyyət göstərir ki, bunların da hamısı yeni və müasir binalarda yerləşir. Hazırda 1 uşaq bağçası inşa olunmaqdadır.
Təhminə Mustafayeva məktəbəqədər təhsil müəssisələrində yaradılan şəraitə, göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirərək yeni təqdim olunan təlim vəsaitlərindən səmərəli istifadə ediləcəyini vurğulayıb.
Sonra Naxçıvan şəhər 17 nömrəli tam orta məktəbin məktəbəhazırlıq qrupunun müəllimi İlhamə Quliyeva məntiqi-riyazi-həndəsi bacarıqları inkişaf etdirən lövhədən istifadə ilə bağlı məlumat verib.
Sonda muxtar respublikada fəaliyyət göstərən uşaq bağçalarına yeni tədris vəsaitləri təqdim edilib.
Naxçıvan Muxtar Respublikası
Təhsil Nazirliyinin mətbuat xidməti