Naxçıvan Özəl Universitetinin Humanitar elmlər kafedrası və Tələbə Elmi Cəmiyyətinin birgə təşkilatçılığı ilə “Tarixdə Səfəvilər: reallıqlar və müasir baxış” mövzusunda diskussiya keçirilib. Diskussiyada universitetin tarixçi müəllimləri ilə yanaşı, AMEA Naxçıvan Bölməsinin, Naxçıvan Dövlət Universitetinin əməkdaşları və tələbələri də iştirak ediblər.
Diskussiyanı giriş sözü ilə açan Naxçıvan Özəl Universitetinin prorektoru, tarix üzrə fəlsəfə doktoru, dosent İbrahim Kazımbəyli belə tədbirlərin keçirilməsinin tələbələrin biliklərinin daha da artırılmasında mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Elmi diskussiyada çıxış edən Naxçıvan Özəl Universitetinin Humanitar elmlər kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Elbrus İsayev keçirilən tədbirin məqsəd və mahiyyətindən danışıb. Qeyd edilib ki, son dövrlərdə cəmiyyətdə xüsusilə aktual olan mövzuya bəzən məqsədli, bəzən isə məqsədsiz şəkildə qeyri-peşəkar və diletant yanaşmalar Azərbaycan tarixinin ən şərəfli dövrlərindən biri olan Səfəvilər dövrü ilə bağlı ictimai rəydə çaşqınlıq yaradır. Diskussiyanın məqsədi də gənclərimizə milli tariximizin həqiqətlərini anlatmaq, onların mövzu ilə bağlı fikirlərini öyrənmək və mütəxəssislərin dili ilə məsələyə aydınlıq gətirməkdir.
Sonra Səfəvilər dövlətinin tarixi ilə bağlı film nümayiş etdirilib. Kafedranın laborantı Cəbi Quliyev son dövrlərdə həm ölkə daxilində, həm də xarici ölkələrdə Səfəvilərlə bağlı səsləndirilən elmi və diletant yanaşmalarla bağlı bəzi sitatları diskussiya iştirakçılarının diqqətinə çatdırıb.
Tədbirdə AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktor müavini, AMEA-nın müxbir üzvü Hacı Qadir Qədirzadə, Naxçıvan Özəl Universitetinin prorektoru, tarix üzrə fəlsəfə doktoru, dosent İbrahim Kazımbəyli, tərbiyə işləri üzrə prorektor Əli Yusifov, Humanitar elmlər kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Elbrus İsayev, tarix üzrə fəlsəfə doktoru, dosent Elçin Zamanlı, universitetin müəllimlərindən Rövşən İsmayılxanlı, Qənirə Əsgərova, AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun elmi işçisi Elnur Kəlbizadə Azərbaycan Səfəvilər dövlətinin tarixi ilə bağlı müxtəlif mənbələrdən gətirilən faktlar əsasında Səfəvilər dövlətinin tarixinə müasir baxışın necə olmalı olduğu haqqında fikirlər irəli sürüblər. Diskussiyada tələbələrin sualları cavablandırılıb.
Nuray ƏSGƏROVA