Azərbaycan Hökuməti ilə Beynəlxalq İnkişaf Assosiasiyasının birgə həyata keçirdiyi “Dövlət investisiyaları üzrə kadr potensialının gücləndirilməsi” layihəsi çərçivəsində Naxçıvan Dövlət Universitetində növbəti təlim kursunun keçirilməsinə başlanılıb. “UNİCHECK” Məhdud Məsuliyyətli Cəmiyyətinin iştirakı ilə “Su ehtiyatlarının inteqrasiyalı idarə olunması” mövzusunda keçiriləcək təlim kursunun açılış mərasimində universitetin rektoru, professor Saleh Məhərrəmov çıxış edərək universitetdə müxtəlif mövzulara həsr olunmuş bir neçə təlim kursunun uğurla reallaşdırılmasından bəhs edib. Qeyd olunub ki, regionun bütün dövlət strukturlarının və nazirliklərin əməkdaşlarını, habelə universitetin müvafiq ixtisaslar üzrə müəllim və tələbələrini əhatə edən bu təlim kursları kadr hazırlığı baxımından mühüm əhəmiyyət kəsb edir.
Ekspert-təlimçi, “UNİCHECK” Məhdud Məsuliyyətli Cəmiyyətinin icraçı direktoru Aytən Poladova, su ehtiyatları mühəndisi, hidroloq Dr. Laszo İritz çıxış edərək bu sahədə mövcud dünya təcrübəsi, təlim kursunda bəhs olunacaq mövzular barədə məlumat veriblər.
İngilis dilində keçiriləcək təlim kursu 6 gün davam edəcək.
Mina QASIMOVA