Dünən Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin 2013-cü ildəki elmi və elmi-təşkilati fəaliyyəti ilə bağlı hesabat yığıncağı keçirilib.
Yığıncağı giriş sözü ilə açan AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev bölmənin elmi-tədqiqat institutlarının və bölmə tərkibində fəaliyyət göstərən digər qurumların hesabatlarının dinlənilməsinin başa çatdığını yığıncaq iştirakçılarının diqqətinə çatdırıb. Akademik AMEA Naxçıvan Bölməsinin fəaliyyəti ilə bağlı geniş hesabat məruzəsi ilə çıxış edib.
Qeyd olunub ki, hesabat ilində elmi-tədqiqat müəssisələrində 6 elmi istiqamətdə 6 prоblemi əhatə edən və 7 mövzuya daxil оlan 34 işin 95 mərhələdə yerinə yetirilməsi nəzərdə tutulmuşdu. Tədqiqatlar 21 şöbə və 8 labоratоriyada 1 nəfər akademik, 4 nəfər müxbir üzv, 6 nəfər elmlər dоktоru, 52 nəfər fəlsəfə dоktоru, 5 nəfər doktorant, 3 nəfər dissertant, 17 nəfər elmi işçi оlmaqla, 88 elmi və köməkçi heyət tərəfindən yerinə yetirilib. Elmi işçilərdən 6 nəfərin iş yerini dəyişməsi və 1 nəfərin vəfatı ilə bağlı planda nəzərdə tutulan 7 mərhələ üzrə tədqiqatların icrası dayandırılıb.
Ayrı-ayrı institutların əldə etdiyi uğurlara və buraxılan nöqsanlara da toxunan akademik İsmayıl Hacıyev bölmə üzrə ümumiləşdirilmiş nəticələrdən bəhs edib. Toplantı iştirakçılarının diqqətinə çatdırılıb ki, 2013-cü ildə bölmə əməkdaşlarının 6 kitab, 23 monoqrafiya, 2 metodik vəsait, 507 elmi məqalə olmaqla, 538 elmi əsəri nəşr olunub. Əsərlərdən 3 monoqrafiya, 1 kitab, 129 məqalə və konfrans materialı olmaqla, 133 əsər xaricdə çapdan çıxıb. Akademik 2013-cü ildə “Naxçıvan tarixi” çoxcildliyinin 1-ci cildinin nəşr olunmasını mühüm uğur kimi qeyd edib.
“Hesabat ilində bölmədə humanitar və ictimai, təbiət və texniki elmlər seriyalarından ibarət olan “Xəbərlər” jurnalının və “Axtarışlar” jurnalının 4 nömrəsi çapdan çıxıb”, – deyən İsmayıl Hacıyev bildirib ki, ölkə Prezidentinin sərəncamı ilə ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi, eləcə də Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2013-cü ili “Heydər Əliyev ili” elan etməsi ilə əlaqədar “Xəbərlər”in bir nömrəsi ulu öndərə həsr olunub. Çap olunan nömrələrdə bölmə əməkdaşlarının 170 məqaləsi işıq üzü görüb. O da vurğulanıb ki, 2013-cü ildə bölmə əməkdaşları 3 patent alıb. Bu il Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu qrant layihələri müsabiqəsində AMEA Naxçıvan Bölməsi əməkdaşlarının 3 qrant layihəsi qalib olub.
Bildirilib ki, hesabat dövründə bölmə əməkdaşlarından 1 nəfər elmlər doktoru, 1 nəfər fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün dissertasiya müdafiə edib.
İldən-ilə bölmənin maddi-texniki bazasının dövlət qayğısı ilə gücləndirildiyini deyən akademik İsmayıl Hacıyev bölmədə bir sıra tədbirlərin həyata keçirildiyini qeyd edib. Bildirilib ki, Batabat Astrofizika Rəsədxanasında mövcud olan internet şəbəkəsi yenidən qurulub və fərdi kompüterlərin proqram təminatı modernləşdirilib, bölmənin www.ameanb.nakhchivan.az internet portalı yenilənib, www.e-kitab.ameanb.nmr.az ünvanlı elektron kitabxana yaradılıb, milli irsimiz və mədəniyyətimizlə bağlı elmi materialların virtual məkanda sistemli şəkildə yerləşdirilməsi işi yerinə yetirilib.
Hesabat yığıncağında Naxçıvan Dövlət Universitetinin rektoru, biologiya elmləri doktoru, professor Saleh Məhərrəmov, AMEA Naxçıvan Bölməsi Rəyasət Heyətinin üzvləri və institut direktorları çıxış edərək əldə edilən nəticələri müsbət qiymətləndiriblər.
Yığıncaqda 2013-cü ildə əldə etdikləri uğurlu nəticələrə görə bölmənin iki nəfər əməkdaşına “İlin alimi” fəxri diplomu verilib və onlar mükafatlandırılıblar.
Elnur KƏLBİZADƏ