“Duzdağ” otelində Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikası Gənclər və İdman nazirlikləri, həmçinin Naxçıvan Muxtar Respublikası Gənclərin İntellektual İnkişaf Mərkəzi İctimai Birliyinin təşkilatçılığı ilə “Xəmsə” milli intellektual oyununun yeniyetmə və gənclər arasında III Azərbaycan çempionatının final mərhələsi keçirilmişdir.
Yeniyetmə və gənclərin intellektual səviyyəsini, dünyagörüşünü, zehni inkişafını stimullaşdırmaq, eləcə də onların asudə vaxtlarının səmərəli təşkili məqsədilə keçirilən tədbiri Naxçıvan Muxtar Respublikasının gənclər və idman nazirinin müavini Məcid Seyidov açmış, ölkədə gənclərə göstərilən dövlət qayğısından danışmışdır.
Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin sektor müdiri Kənan Kərimov çıxış edərək belə tədbirlərin şagirdlərin intellektual səviyyələrinin yüksəldilməsindəki rolundan bəhs etmişdir.
Sonra püşkatma olmuşdur.
Gərgin keçən bilik yarışında “Xəmsə” intellektual oyununun final mərhələsində ölkəmizin 25 regionundan 32 komanda olmaqla, 220 nəfər yeniyetmə və gənc iştirak etmişdir. Komandaların 3-ü muxtar respublikanı təmsil etmişdir.
Qalib gəlmiş komandaların üzvləri Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən diplom və medallarla təltif olunmuşlar.
Türkan HÜSEYNLİ