“Xəmsə” milli intellektual oyunu üzrə gənclər arasında III Azərbaycan Çempionatının final mərhələsinin iştirakçıları dekabrın 9-da Naxçıvana gəlmişlər. Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikası Gənclər və İdman nazirliklərinin, həmçinin Naxçıvan Muxtar Respublikası Gənclərin İntellektual İnkişaf Mərkəzi İctimai Birliyinin təşkilatçılığı ilə bu gün keçiriləcək final mərhələsinin iştirakçıları olan 32 komandanın üzvləri dünən Heydər Əliyev Muzeyində, Duzdağ Fizioterapiya Mərkəzində və Əcəmi seyrəngahında olmuşlar.
Heydər Əliyev Muzeyində qonaqlara ulu öndərimizin həyat və fəaliyyətini əks etdirən eksponatlar haqqında geniş məlumat verilmişdir. Bildirilmişdir ki, muzey Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 1999-cu il 18 fevral tarixli Sərəncamına əsasən yaradılmış, 1999-cu il mayın 10-da fəaliyyətə başlamışdır.
Duzdağ Fizioterapiya Mərkəzində intellekt oyununun iştirakçılarına məlumat verilmişdir ki, yerin 100 metr dərinliyində yerləşən və əvvəllər duz çıxarılan mağarada xəstələr yaradılan xəstəxanadan yalnız gecələr yatmaq üçün istifadə edirlər. Təxminən 340 metr uzunluğundakı mağarada qadın, kişi və uşaqlar üçün ayrı-ayrı otaqlar var. Xüsusilə yaz aylarında mərkəzə müraciət edən xəstələrin sayı artır. Müalicə alan xəstələrin sağalma ehtimalı uşaqlarda 95, böyüklərdə isə 85 faizdir. Xəstələr duz ionlarını tənəffüs vasitəsilə qəbul etməklə əvvəlki sağlamlıqlarına qovuşurlar.
Sonda Əcəmi seyrəngahına gələn gənclər Möminə xatın türbəsi və Açıq Səma Altında Muzeylə tanış olmuşlar.
Xəbərlər şöbəsi