Onların bir çoxu öz vəzifəsinin öhdəsindən gələ bilmir
Aydındır ki, məktəbdə psixoloji xidməti məktəb psixoloqu yerinə yetirir. Lakin bu əhəmiyyətli məsələnin bir mütəxəssis tərəfindən keyfiyyətlə həyata keçirilməsi mümkün deyil. Ona görə də bütün pedaqoji kollektiv, daha dəqiq desək, hər bir müəllim məktəbdə psixoloji xidmət göstərmək səriştəsinə malik olmalıdır. Son nəticədə isə yenə də ən böyük məsuliyyət psixoloqların üzərinə düşür. Məktəb psixoloqunun işinin əsas qayəsi fərdi yanaşma əsasında problemin həllinə nail olmaq üçün psixoloji üsul və vasitələri sərbəst həyata keçirməyi bacarmaqdır.
Psixoloji tədqiqatlar artıq çoxdan sübut etmişdir ki, şagirdin psixi inkişafında baş verən bu və ya digər qüsuru aradan qaldırmaq əvvəlcədən həmin qüsurun baş verməsinin qarşısını almaqdan qat-qat çətindir. Burada isə psixoprofilaktik işlərin əhəmiyyəti xüsusi olaraq diqqəti cəlb edir. Həmin cəhət məktəbdə psixoloji xidmət zamanı nəzərə alınmalıdır. Araşdırmalar, sorğular sübut edir ki, şagirdlər məktəb psixoloqları ilə heç ünsiyyətdə olmurlar.
Ölkəmizin, eləcə də muxtar respublikamızın orta məktəblərində psixologiya üzrə mütəxəssislər fəaliyyət göstərirlər. Qeyd edim ki, son illərdə muxtar respublikamızda ümumtəhsil məktəblərinin praktik-psixoloq kadrları ilə təmin olunması daim diqqətdə saxlanılmış, əksər ümumtəhsil məktəbləri alitəhsilli psixoloqlarla təmin edilmişdir. Belə ixtisaslı kadrlar olmayan təhsil müəssisələrində isə uzun illərin təcrübəsinə malik olan müəllimlərimiz Naxçıvan Müəllimlər İnstitutunda təşkil edilmiş praktik-psixoloq kursları keçərək həmin vəzifələrə təyin olunmuşlar. Bütün ümumtəhsil məktəblərimizdə psixoloji xidmətin təşkili, psixoloqların fəaliyyəti və əməyinin elmi şəkildə təşkili üçün psixoloji kabinet yaradılmışdır. Daha doğrusu, hər məktəbdə psixoloq otağı ayrılmışdır. Eyni zamanda məktəblərimizin əksəriyyətində psixoloji xidmətin əsas istiqamətlərini əks etdirən stend (guşə), psixoloji metodikalar dəsti, psixoloji ədəbiyyatlar və elektrondaşıyıcılar mövcuddur. Amma təəssüf ki, psixoloqlarımız heç də bu şəraitdən lazımınca istifadə etmirlər. Düzdür, bunu bütün psixoloqlara aid etmək olmaz. Məktəb psixoloqları içərisində öz işinə daha ciddi yanaşan, yaradıcı, yenilikçi psixoloq olan Ordubad rayon Düylün kənd tam orta məktəbinin psixoloqu Müseyib Həsənovun qabaqcıl iş təcrübəsi Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi Kollegiyasının qərarı ilə muxtar respublika ümumtəhsil məktəbləri arasında yayılmışdır. Ancaq muxtar respublikanın ümumtəhsil məktəblərində fəaliyyət göstərən psixoloqların heç də hamısı öz işinin öhdəsindən uğurla gələ bilmir. Elələri var ki, psixologiyanın nə olduğundan, ümumiyyətlə, xəbərsizdir. Bu, onunla bağlıdır ki, bir sıra məktəblərdəki psixoloqlar həmin sahə üzrə mütəxəssis deyillər. Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyindən aldığımız məlumata görə, regionumuzda 206 tam orta məktəbin hər birində psixoloq işləyir. Onların heç də hamısı ixtisas təhsilli deyil. Belə ki, bəzi məktəblərdə psixoloq funksiyasını fənn müəllimləri icra edirlər. Bəzilərinin isə peşəkarlığı aşağı səviyyədədir. Peşəkar olmadıqlarından lazımi səviyyədə də işləyə bilmirlər.
Bu gün ümumtəhsil məktəblərində fəaliyyət göstərən psixoloqların üzərinə mühüm vəzifələr qoyulmuşdur. Muxtar respublikada ümumtəhsil məktəblərində təhsilə cəlb olunan məhdud fiziki imkanlı şagirdlərlə aparılan işin lazımi şəkildə təşkil olunması məktəb direktorları ilə yanaşı, məktəblərdə fəaliyyət göstərən praktik-psixoloqlara həvalə edilmişdir. Bu günlərdə ümumtəhsil məktəblərində fəaliyyət göstərən psixoloqların iştirakı ilə məhdud fiziki imkanlı şagirdlərlə aparılan işlər və qarşıda duran vəzifələrə həsr olunmuş tədbirdə psixoloqların fəaliyyəti müzakirə olunmuşdur. Bir sözlə, müasir dövrdə məktəblərdə psixoloqlara böyük ehtiyac var. Bu peşə sahibləri öz vəzifələrinə işə gəlib-getmək kimi baxmamalı, peşəsinin tələb etdiyi vəzifələri layiqincə yerinə yetirməlidirlər.
Onu da qeyd etməliyəm ki, təkcə psixoloqlar deyil, müəllimlərin də üzərinə böyük vəzifələr düşür. Müəllim pedaqoq olmaqla yanaşı, həm də müəyyən mənada bir psixoloqdur. Belə ki, müəllimlər dərs dediyi şagirdlərin psixologiyasına ən az valideynlər qədər bələd olurlar. Hər gün öz şagirdləri ilə ünsiyyətdə olan müəllim artıq hər bir şagirdinin ayrı-ayrılıqda nəyə qadir olduğunu, hansı psixologiyaya, hansı düşüncəyə malik olduğunu, müxtəlif hadisələrə necə yanaşdığını, necə reaksiya verdiyini və həmin hadisəni necə analiz etdiyini bilməlidir. Bəzən müəllimin qarşısına elə şagird də çıxır ki, belə uşaqlara çətin tərbiyə olunan şagirdlər kimi yanaşırlar. Və bəzi müəllimlər məsələnin həllini həmin şagirdin şəxsiyyətini alçaltmaqda, təhqir etməkdə, qiymətini kəsməkdə görürlər ki, bu da şagirdin psixologiyasına birbaşa mənfi təsir göstərir. Belələri şagirddə özlərinə qarşı nifrət hissi yaradırlar. Bu zaman köməyə məktəb psixoloqu çatır. Məktəbdə psixoloji xidmətin əsas vəzifəsi şagirdlərin və müəllimlərin psixi sağlamlığının qorunması qayğısına qalmaqdır.
Məlumdur ki, orta məktəbdə təhsil alan şagirdlərdə oturaq bir fikir yoxdur. Bunlar zaman-zaman formalaşır. Diqqəti bu istiqamətə yönəltmək lazımdır. Bunun üçün məktəb-valideyn-uşaq sistemi dəqiq işləməlidir. Əgər sinif rəhbərləri, fənn müəllimləri məktəb psixoloqu ilə davamlı olaraq əlaqə saxlasa, öz şagirdlərində müşahidə etdiyi psixoloji vəziyyəti psixoloqla bölüşsə, eyni zamanda şagirdlərin psixoloqla görüşünü təşkil etsə, o zaman “çətin uşaq” anlayışı ortaya çıxmaz. Amma çox təəssüf ki, bu gün reallıq başqadır. Müəllim öz dərsini keçməklə öz missiyasının tamamlanmış olduğunu düşünür. Müəllim şagirdləri ilə, hər şeydən öncə, bir dost, bir sirdaş kimi münasibət qurmalıdır. Yeri gələndə həll edə bilmədiyi hər hansısa bir durumu psixoloqla məsləhətləşərək həll etməli və bu, şagirdin xeyrinə həll olunmalıdır. Əgər məktəblərdə şagird-psixoloq münasibəti normal səviyyədə qurulsa, bu, istər-istəməz şagirdlərdə sağlam psixologiyanın yaranmasına səbəb olacaqdır. Nəticədə, şagirdlər mükəmməl bilik və savada yiyələnəcəklər.
Sara ƏZİMOVA