24 Dekabr 2024, Çərşənbə axşamı

Dekabrın 6-da Naxçıvan Dövlət Universitetində “Tədris prosesinin təkmilləşdirilməsinin pedaqoji-psixoloji problemləri” mövzusunda elmi konfrans keçirilib. Azərbaycan Respublikasının Təhsil Problemləri İnstitutu və Naxçıvan Müəllimlər İnstitutu ilə birgə keçirilən elmi konfransda əvvəlcə Azərbaycan elminin, təhsilinin inkişafında əvəzsiz xidmətləri olan ümummilli lider Heydər Əliyevin əziz xatirəsi dərin ehtiramla yad edilib.
Konfransın plenar iclasını Naxçıvan Dövlət Universitetinin rektoru, professor Saleh Məhərrəmov açmışdır.

Azərbaycan Respublikasının Təhsil Problemləri İnstitutunun direktoru, hüquq üzrə fəlsəfə doktoru Qulu Novruzov “Ali təhsildə qlobal tendensiyalar və Azərbaycanda təhsil islahatları” mövzulu məruzəsində Azərbaycanda ali təhsilin modernləşdirilməsi məqsədilə görülən işlərdən, regional çərçivədə ali təhsilin məzmununun yaxşılaşdırılması, keyfiyyətin yüksəldilməsi, universitetlər tərəfindən verilən təhsil dərəcələrinin beynəlxalq səviyyədə tanınması ilə bağlı həyata keçirilən çoxsaylı tədbirlərdən bəhs edib.
Naxçıvan Müəllimlər İnstitutunun rektoru, professor Oruc Həsənli “Tarixdən sinifdənxaric diyarşünaslıq işləri mənəvi tərbiyənin vasitəsi kimi” adlı məruzəsində Azərbaycan xalqının azadlıq və istiqlaliyyət uğrunda mübarizələrlə dolu qəhrəmanlıq tarixinin öyrənilməsinin mənəvi tərbiyədəki mühüm rolundan, qədim yaşayış məskənlərindən olan Naxçıvanın 5000 illik tarixinin tədrisində diyarşünaslıq ekskursiyalarının metodik tələblərə uyğun təşkilinin əhəmiyyətindən danışıb.
Plenar iclasda professor Fərahim Sadıqov “Milli təhsilin dünya təhsil sisteminə inteqrasiyası”, Azərbaycan Respublikasının Təhsil Problemləri İnstitutunun direktor müavini, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Ənvər Abbasov “Müasir dərs fenomeni”, həmin institutun baş elmi işçisi, professor Müdafiə Mahmudov “Ali məktəblərdə fənlərin tədrisinin psixoloji-pedaqoji xüsusiyyətləri” mövzularında məruzələr ediblər. Məruzələrdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 24 oktyabr 2013-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda milli təhsilin inkişafının prioritet istiqamətlərinin müəyyənləşdirilməsindən, təlim-tədris prosesində təhsil işçilərinin üzərinə düşən başlıca vəzifələrdən, mövcud problemlərdən danışılıb.
Sonra beynəlxalq konfrans bölmə iclasları ilə öz işini davam etdirib.

Mehriban SULTAN

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR